Modern.az

Bic reklamlar

Bic reklamlar

15 Noyabr 2017, 11:41

Hidayət Elvüsal


Əgər burada varsa, başqa yerdə də olması şübhəsizdir. Sadəcə olaraq yolum metronun “Koroğlu” stansiyasından düşdüyündən həmişə, hər gün görürəm - guya narkomaniya əleyhinə bir təşviqat tablosu asıblar. Tablo-prakat o qədər cəlbedicidir ki, baxmadan, az qala heyranlıqla seyr etmədən keçib getmək mümkün deyil.

Romantik bir “iynəvurma” görüntüsü. Adicə şpritsi o qədər gözəl təsvirlə veriblər ki, dayanıb seyr etməkdən savayı əlindən bir şey gəlmir. Qısası bu “damara qulluq hazırlığı”, imtahana, həyata, dünyaya, təbiətə, insana, məhəbbətə, sevgiyə… hazırlıqdan qat-qat çabayla, səylə işlənib, başa gəlib. Narkomaniyadan, uyuşdurucu dərmandan, otdan-ələfdən çox-çox uzaq olan adamlarda, xüsusən gənclərdə başqa bir təsəvvür, həvəs yaradır. Yəni qısası - oğrunun yadına daş salır, o daşı da yığıb tökür qucağına ki… at! At, bədbəxt oğlu, özün-özünə at, quş olub uçacaqsan, özgə bir aləmə düşəcəksən.

A kişilər, doğrudan siz narkomaniyanın əleyhinəsiniz? Elə isə bu fəlakətin acı nəticəsini çəkib, yapışdırın o divara. İnsanı əridib, məhv edib, bədbəxt günə salıb, xortdana bənzətdiyi nəticəni deyirəm. Bir gözəlin, bir gəncin əvvəlki və əslində sizin bu BİC REKLAMINIZDAN sonrakı vəziyətini müqayisəli şəkildə göstərin. Göstərin ki, çəkilsinlər. Fəlakətin böyüklüyünü hiss etsinlər. Yoxsa narkomaniyanın romantik “fotonatürmontunu” hansı ağılla milyonlara göstərib, təbliğ edirsiniz.

Belə şeylərə “BİC REKLAM” deyirlər, cənablar. Bax, elə bilməyin ki, hamı qəbul edir. Sizə söyən, qağış edən, lənətləyən yüzlərlə insan görmüşəm. Bakı kəndlərindən şəhərə giriş nöqtəsində belə bir təbliğat, təşviqat vasitəsinin nümayişi kimin ağlına gəlib? “Biz, narkomaniyanın əleyhinə olan bir iş görmüşük” deyib, özünüzə haqq qazandırmayın. Siz elə dolayısı yolla narkomaniyanın təbliği ilə məşğulsunuz.

Belə BİC REKLAM vaxtilə TV-lərdə də günboyu göstərilirdi - şpristin iynəsi damarı deşir və qıpqırmızı qan romantik bir şəkildə onun içərisinə dolur, sonra narkotika ilə birlikdə geriyə, damara yönəlir. Bu epizod, bu səhnə, bu tablo o qədər ustalıqla, sənətkarlıqla işlənib hazırlanmışdı ki, istər-istəməz çoxlarını, lap çoxlarını ovsunlamışdı. Məhz bu “antinarkomaniya” tablosu çoxlarını narkoman eləmişdi. Bəlkə də elə bu səbəbdən ləğv edildi.

İndi isə başqa bir yöndə yolumuza çıxıb. Yenə deyirəm, mənim yolum bu stansiyaya düşdüyündən burada görmüşəm. Heç şübhəsiz ki, bu BİC REKLAM başqa yerlərdə də gənclərə “gəl-gəl” deyir.

Buna həm biclik, həm də bumeranq deyə bilərik. Ya biclikdən belə bir addım atılıb, ya da savadsızlıqdan, səviyyəsizlikdən, qeyri-peşəkarlıqdan qaş düzəltmək əvəzinə, göz çıxarıblar. Əleyhinə təbliğat aparmaq istədiyin bir şey bumerant kimi dönüb qayıdır və səni alnından vurur.

Söz açdığımız BİC REKLAM da bicliyin, düşmənçiliyin, qazanc naminə son gedişin nəticəsidir.

Ya da elə savadsızlığın, səviyyəsizliyin bumeranqıdır.

Ehtiyatlı olun! Sizi də deyirəm, ay bu romantik, BİC REKLAMIN sahibləri! Sizi də vurar!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir