Modern.az

BDU-nun rektoru tələbələr üçün əlçatandırmı...    

BDU-nun rektoru tələbələr üçün əlçatandırmı...     

15 Noyabr 2017, 14:25

Dünya təhsil sistemində universitet rektorları ilə tələbələr arasında olduqca səmimi münasibət mövcuddur. Bu faktı xaricdə, xüsusən də Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr də təsdiq edirlər. Rektorların tələbələr üçün əlçatan olması isə təhsilin inkişafına təsir edən amillər sırasına daxildir desək, yəqin yanılmarıq.

Görəsən Azərbaycan universitetlərində rektorların tələbələrlə münasibəti necədir? Və onların şikayətləri necə həll olunur? Onlar tələbələr üçün əlçatandırlarmı? Tələbələr öz rektorları ilə görüşə bilirlərmi?

Modern.az-ın  “Tələbələr rektor barədə” rubrikasında ayrı-ayrı universitetdə təhsil alan tətləbələrin öz rektorları barədə fikirlərinə yer veriləcək.

İlk olaraq Azərbaycanın qabaqcıl ali təhsil olacağı - Bakı Dövlət Universitetinin tələbələri arasında sorğu keçirdik.

Universitetin rektoru Abel Məhərrəmovla olan münasibətdə tələbələrin fikirləri birmənalı deyil.

 

Hüquq fakültəsi, Aytən Qarayeva:

“Rektor bizi könüllülüklə bağlı toplamışdı və vəd etdiyi kimi, imtahan şifahi keçirildi. Bu yay kollektiv şəkildə zərbəçiliyə və əlaçılığa görə tələbələri bir araya yığmışdılar. İstək və şikayətlər bildirildi. Aldığım “B” qiyməti Apellyasiya Komissiyasında “A” edildi”.
 

Beynalxalq Münasibətlər fakültəsi, Murad Manaflı:

“Rektorla yalnız yüksək bal yığdığıma görə tələbə biletimi mənə təqdim edəndə ünsiyyətdə olmuşam. Hər hansı bir problemim olmayıb və müraciət etməmişəm”.
 

Filologiya fakültəsi, Günel Quliyeva:

“Son dəfə rektorla voleybol oyununun mükafatlandırma mərasimində danışığımız olub. “Voleybolu çox sevirəm. Məni dəvət edin, gəlim oyununuza baxım” demişdi. Biz də “yaxşı müəllim, gözləyəcəyik” söylədik. İki həftə əvvəl oyunumuza gəlib zalda baxdı. “BDU qalib olmalıdır” dedi. Bizə çoxlu şans yaradıb. Şikayətim isə olmayıb və müraciət etməmişəm. Həmişə özüm oxuyub, imtahanlardan keçmişəm”.

 

Coğrafiya fakültəsi, Namiq Köçərli:


“Heç vaxt rektorun qəbulunda olmamışam”.

 

Kimya fakültəsi, Rüfət Sərxanlı:


“Kimya fakültəsi Abel müəllimin bitirdiyi fakültə olduğuna görə, tez-tez bizim dərslərimizdə iştirak edir. Məzun günündə də bizimlə ünsiyyətdə olub. Dərslərimizi soruşub. Bizə köməkliyi dəyməyib, amma kimsə müraciət edibsə, kömək edir”.
 

Beynalxalq Münasibətlər fakültəsi, Rəşad Teymurov:

“Onunla ünsiyyətdə olmamışam və hələ ki köməyə ehtiyacım yoxdur”.

 

Sosial elmlər və psixologiya fakültəsi, Elşad Əzizov:


“Ünsiyyətdə olmamışam və hansısa problemim yaranmayıb”.
 

Jurnalistika fakültəsi, Yetər Kərimova:

“Rektorla ünsiyyətim 1-ci kursda universitetin əməkdaşlığı ilə Türkiyəyə gedəndə olub. 15 dəqiqə çəkən görüş üçün düz 2 saat gözləməli olduq. Hər hansı bir problemim olsun, rektoru tapa bilməyim kimi hadisə yaşamamışam. Amma hər halda əlçatan hesab eləmirəm. Problem üçün rektoru axtarmamağım isə müsbət haldır. Ona görə ki, problemlərimiz fakültə daxilində həll olunur”.


Coğrafiya fakültəsi, Yunus Dadaşov:


“Heç üzünü də görməmişəm”.
 

Sosial elmlər və Psixologiya fakültəsi, Anaxanım Xəlilova:

“4 il ərzində rektorla ünsiyyətim olmayıb. Hər hansı problemim yaranmadığına görə də köməklik göstərməsi üçün müraciət etməmişəm”.

 
Şərqşünaslıq fakültəsi, Əsilbəyli Mirzəli:

 

- İlk dərs günündə qısa da olsa ünsiyyətdə olmuşam. Hələ bir problemlə qarşılaşmamışam, amma inanıram ki, cənab rektordan yardım istəsəm, məmnuniyyətlə öz yardımını məndən əsirgəməz.
 

Jurnalistika fakültəsi, Hicranə İsmayılova:

“Rektorla 4 ildə bircə dəfə də ünsiyyətdə olmamışam. Ancaq bu, heç vaxt problemim olmadığı anlamına gəlmir. Qrup yoldaşlarımın bir çox problemlərində rektorun köməkliyi olub. Mən də bu niyyətlə rektorun qəbulunda dəfələrlə olmaq istəmişəm. Görüş alınmayıb. Səbəbi isə Abel Məhərrəmov yox, prorektorlar olub. Öz məsuliyyətsizliklərini gizlətmək üçün mənim haqqımı tapdalayıblar. Sırf öz səhvlərinin bilinməməsinə görə rektorun qəbuluna girməyim üçün mənə ərizə yazmağa imkan verməyiblər”.
 

BDU məzunu, Nəzrin Qardaşxanova:

“Abel müəllimlə şəxsi münasibətim kəsirlə bağlı qəbuluna yazılan zaman olub. Bunun üçün bir neçə mərhələ keçmək lazım idi. Sonuncu mərhələdə 10-15 tələbə dəhlizdə, rektorun otağının yaxınlığında dayanmışdıq. Abel müəllim bizi görüb yaxınlaşdı . “Probleminiz nədir, burda niyə dayanmısınız?” deyə soruşdu Biz də qəbula yazılmaq üçün sonuncu mərhələdən keçməli olduğumuzu dedik. Söylədi ki, burda əziyyət çəkib dayanmağa heç bir ehtiyac yoxdur.
“Sabah mənim qəbulumda ola bilərsiniz”,-deyə əlavə etdi. Mehiban davrandı və dərslərimizlə də maraqlandı”.

          

Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova deyir ki, rektor Abel Məhərrəmovun tələbələrə münasibəti hər zaman isti və səmimi olub:

“Rektor tələbələrlə vaxtaşırı görüşlər keçirir, dərsləri, problemləri ilə maraqlanır. Hər il birinci kursa qəbul olunan tələbələrlə universitetin böyük akt zalında fakültələr üzrə ayrı-ayrılıqda görüşlər keçirir. Bu tədris ilindən rektorun göstərişinə əsasən, hər fakültədə «İxtisas dərsləri» təşkil edilib və məqsəd birinci kurs tələbələrinə fakültə, tədris olunan ixtisaslar, Boloniya prosesi haqqında dekan, kafedra müdirləri və tyutorlar tərəfindən daha dolğun məlumat verilməsini təmin etməkdir. 

Rektor davamlı olaraq dərs proseslərini izləyir, tələbələrin problemləri, dərslərin keyfiyyəti ilə maraqlanır. Bu görüşlər imtahan sessiyası dövründə daha intensiv xarakter alır. Rektor həm imtahan başlamazdan öncə, həm imtahan prosesi vaxtı audtroriyalara baş çəkməklə, həm də imtahandan sonra tələbələrlə görüşür, problemlərini dinləyir, göstərişlərini verir.  

Bizimuniversitet böyük bir ali təhsil ocağıdır. Burada 22 mindən çox tələbə təhsil alır. Və o tələbələrin hər biri rektorun qəbul günlərində yaxınlaşıb sözlərini deyə bilirər. Qəbulla bağlı da heç bir problem yoxdur”.

 

Nəzrin  RÜSTƏMOVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir