Modern.az

““Lotu Quli” haqda kitabı biz çap etmişik, amma məsuliyyət daşımırıq”  

““Lotu Quli” haqda kitabı biz çap etmişik, amma məsuliyyət daşımırıq”   

15 Noyabr 2017, 14:48


Azərbaycanda "qaçaqlar"a, "cinayətkar" və ya "oğru" aləminin tanınmış nümayəndələrinə hər zaman maraq və bəzi hallarda rəğbət olub. Keçmişdə qaçaqlar haqda xalq arasında rəvayətlər, sovet dövründə isə "avtoritetlər"in, "lotular"ın, "qızılbarmaqlar"ın haqqında danışılıb. Elə müstəqillik tariximizdə "cinayətkar aləm"in tanınmış simaları haqda nə qədər kitablar çıxıb, mətbuatda serial yazılar gedib. Və bunlar cəmiyyətdə böyük maraq qazanıb.   İstər tanınmış, istərsə də cəmiyyətə çox məlum olmayan yazarlar bu tipli mövzulara müraciət edirlər.

Son zamanlar “lotular” mövzusu gündəmi zəbt edib. Bəlkə də buna görədir ki,  Munis Yusifoğlu  da “Mən Quliyəm” adlı kitab dərc etdirib. Məsələnin digər tərəfi “Lotu Quli” adlı kirminal avtoritet haqda kitabın “Qanun” Nəşriyyatı tərəfindən nəşr edilməsidir.  Məhz buna görə əksəriyyət sosial şəbəkələrdə nəşriyyatı qınayır .

“Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu Modern.az-a açıqlamasında kitabın məzmunu ilə bağlı heç bir məsuliyyət daşımadıqlarını bildirib:

“Biz nəşriyyat olaraq bu kitabı çap etməmişik və  öz hazırladığımız layihə deyil.  Yəni kitab hazır depozitlərdə gəlib və öz sifarişçisi var. Təbii, əgər nəşriyyat bütün nəşr prosesini özü aparırsa, onun içinə görə də məsuliyyət daşıyır. Kənardan kimsə sifariş edirsə, biz ondan imtina etmirik. Bəzən belə hallar olur. Məsələn, kimsə jurnal, qəzet və ya bu kimi məhsullar çap etdirir və bizə müraciət edirsə, mətbəəmizdə çap etdiririk.

 Nəşriyyat bunun məzmunu ilə bağlı heç bir məsuliyyət daşımır. Çünki kitab nəşriyyatın özünün məhsulu deyil.  Nəşriyyatın texniki imkanlarından istifadə olunub çap olunan bir məhsuldur.  Necə ki, qəzet səhifələrində hansısa reklam yerləşdirir və bunun mətninə görə qəzet öhdəlik daşımır. Nəşriyyatda da belə kitablar olur”.

Ş.Xuduoğlu  həmçinin bu cür mövzulara birmənalı münasibətin olmasından da söz açıb:

“Maraqlıdır ki, cəmiyyət bir tərəfdən qınayır, digər tərəfdən isə “lotular”a daha çox maraq  göstərir. Cəmiyyəti maraqlandıran mövzu varsa, nəşriyyat da, kütləvi informasiya vasitələri də çalışırlar ki, həmin mövzuya müraciət etsin. Məsələn, daim Nitşeni, Orxan Pamuku, Ziqmund Freydi çap etdirmək olmur. Çünki cəmiyyətin fəlsəfəyə, fikrə, düşüncəyə marağı azdır.  Amma yüngül mətnli materiallar daha çox oxunur.  Bu baxımdan bəzən belə mövzulardan istifadə olunur. Burada kiməsə qadağa qoymaq  olmaz.

Bu kitab hələ ki yeni çıxıb və onun satışı ilə birbaşa məşğul olmadığıma görə vəziyyətdən xəbərim yoxdur. Amma deməzdim ki, əlahəddə böyük sayda nəşr olunub. Məsələn, əvvəllər bu tipli bir nəşr də var idi və 1000 ədəd çap edilmişdi. O nəşrdən hələ də qalanlar var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir