Modern.az

Aldığı maaşı işçilərinə bağışlayan Cümhuriyyətin parlament sədri

Aldığı maaşı işçilərinə bağışlayan Cümhuriyyətin parlament sədri

16 Noyabr 2017, 01:05

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

 

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirəcək.

 

Yubileyə qədər Cümhuriyyətlə bağlı yazılacaq yazılar arasında AXC-nin o qədər də tanınmayan (əslində, tanıdılmayan!) simalarına da yer ayıracağıq. Təəssüf ki, Azərbaycan Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Doğrudur, yuxarıda sadalanan şəxslər böyük imzalardı, onlar haqqında nə qədər danışılsa və yazılsa, yenə də azdır. Lakin razılaşaq ki, axı bu şanlı tarixi yaradan təkcə onlar deyil! Min bir çətinlik hesabına Milli Şuranı quran (sayları 44), Şərq tarixinin ən möhtəşəm hadisələrindən olan İstiqlal Bəyannaməsinə qol çəkən (sayları 24)  başqa hökumət təmsilçilərimiz də olub. Rəsulzadədən danışmaq nə qədər vacibdirsə, onun komandasından da bəhs etmək bir o qədər zəruridir.

Bu yazıda Cümhuriyyət “İstiqlal Bəyannamə”sinə ilk olaraq qol çəkən cəfakeş dövlət xadimi,  AXC parlamentinin sədri və sədrinin müavini vəzifələrində çalışan Həsən bəy Ağayevdən danışacağıq:

 

DOSYE:

Görkəmli ictimai – siyasi və dövlət xadimi, Azərbaycan Cümhuriyyətinin rəhbərlərindən olan Həsən bəy Ağayev Hacı Zeynalabdin Tağıyevin maddi köməkliyi ilə Moskva Universitetinin tibb fakültəsinə daxil olub və 1901-ci ildə oranı müvəffəqiyyətlə bitirib. Həsən bəy Gəncədə həkimlik fəaliyyəti ilə yanaşı, qəzet ve jurnallarda məqalələr də dərc etdirirdi.

 

1914-cü ilin sonlarında Xudadat bəy Rəfibəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyəti yaradır.

 

1917-ci ildə Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Gəncədə yaradılan "Türk Ədəmi-Mərkəziyyət Partiyası"nın yaradıcılarından biri də Həsən bəy idi. Elə həmin ilin iyununda Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyası ilə Nəsib bəy Yusifbəylinin "Türk Ədəmi-Mərkəziyyət Partiyası" birləşərək, "Türk Ədəmi-Mərkəziyyət-Müsavat" partiyası adlandırılır. "Müsavat"ın 1917-ci il oktyabrın 26-31-də keçirilən birinci qurultayında Həsən bəy partiyanın mərkəzi komitəsinin üzvü, ilin axırlarında isə Ümumrusiya Müəssislər məclisinə nümayəndə seçilir.

 

 

1918-ci il mayın 27-də Zaqafqaziya seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan edir və Şuranın rəyasət heyəti seçilir. Bu vaxt Batumda Türkiyə nümayəndə heyəti ilə danışıqlar aparan Məhəmməd Əmin Rəsulzadə Şuranın sədri, Həsən bəy Ağayev isə onun müavini seçilir.

 

Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Tiflisdə Qafqaz canişininin keçmiş sarayında keçirilən təntənəli iclasında Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalayır.

 

Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışır. Parlamentin ilk iclasında  isə parlament sədrinin birinci müavini seçilir. Parlamentin sədri seçilən Əlimərdan bəy Topçubaşov Bakıda olmadığından ona rəhbərliyi Həsən bəy həyata keçirir. O, 1919-cu ilin dekabrında yenidən Parlament sədrinin birinci müavini seçilir və 1920-ci il fevralın 2-nə qədər ona rəhbərlik edir. Vəzifəsindən istefa verərkən, mühüm xidmətləri nəzərə alınaraq, bütün Parlament üzvlərinin imzası ilə ona təşəkkür elan edilir. Aprel işğalından (1920) sonra Tiflisə mühacirət edən Həsən bəy Ağayev həmin il iyulun 19-da muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilir  və Tiflisin müsəlman qəbiristanlığında dəfn olunur.

 

Həsən bəyin ölümü…

 

Bu o zaman idi ki, Cümhuriyyət devrilmişdi və dövlətin başqa  rəhbər şəxsləri kimi Həsən bəy Ağayev də Bakıdan uzaqlaşmağa məcbur qalmışdı. O, Tiflisə gedir. Gözünün qabağında Xoyski kimi nəhəng güllələnir. Özü üçün də bu cür təhlükənin olacağını hiss edib Bakıya qayıtmaq istəyir. Bu barədə akademik Rafael Hüseynovun “Millətin zərrələri” kitabında geniş məlumat verilib:

“Mayın sonlarında Nəriman Nərimanova kağız göndərir ki, “siyasi fəaliyyətimi dayandırmışam. Həkimliyimi etmək istəyirəm, şərait yaradın, Bakıya qayıdım...”.

 

Nəriman cavabı fövrən   verir: “Nəinki Azərbaycana qayıtmağın, heç Tiflisdə qalmağın da məsləhət deyil”.

 

Və onda Həsən bəy həqiqətin təsəvvür etdiyindən də qat-qat dəhşətli olduğunu dərk edir. İyunun 19-da Tiflisdə Fətəli xan Xoyski güllə ilə kürəyindən vurulanda Həsən bəy çılpaqlığı ilə anlayır ki, Nərimanın məsləhəti doğrudur, bu həna o hənalardan deyil. Yeganə nicat mühacirətdir. Artıq bileti də cibindəymiş. İyulun 20-də Tiflisdən Batuma, oradan da gəmi ilə Türkiyəyə gedəcəkmiş...

 

İyulun 19-u axşam qapı döyülür. Aktyor Mustafa Mərdanov gəlir. Deyir ki, “yaxın dostlarından bir neçəsi burda bir evdə yığışıblar, səni görmək istəyirlər”.

 

 

Həsən bəy qalxır kostyumunu geyinməyə. Ev yiyəsi onu dilə tutur: “Görmürsənmi vəziyyət pisdir? Səni izləyirlər. Hara gedirsən? Qoy kim ki, səni görmək istəyir, gəlsin bizə”.

 

Həsən bəy sözə baxmır: “Yox, yaxşı deyil, 10 nəfərəcən adam məni orada gözləyir. O qədər adamı ayağıma gətirim?”.

 

Mustafa Mərdanov da onları arxayın edir ki, “narahat olmayın, necə aparıram, elə də qaytarıb gətirəcəyəm...”.

 

2 saat keçir... Qapının zəngi çalınanda ev yiyəsi hövlnak ayağa qalxır, qapının zənginin çalınmasıyla güllənin açılması bir olur. Yüyürürlər qapıya. Baxırlar nə Mustafa var, nə bir başqası. Həsən bəyin qana bulaşmış və artıq cansız cəsədi sərilib yerə...

 

“Həyat yoldaşı Xədicə xanıma sonradan bəlli olur ki, sui-qəsdi təşkil edən Əliheydər Qarayevmiş, Mustafa Mərdanov da onun agentlərindənmiş... İzi azdırmaq üçün Qarayev Bakıda söz çıxarır ki, Həsən bəyi qətlə yetirən ermənilərdir”.

 

Hadisədə adı hallanan digər şəxs isə hamımıza “O olmasın, bu olsun” kinokomdeiyasından  yaxşı tanıdığımız və sərxoş olaraq Məşədi İbada sataşan Həsən bəy rolunun ifaçısı aktyor Mustafa Mərdanovdur. Sonradan sovet vaxtında “Qanun naminə”, “Əhməd haradadır”, “Fətəli xan” və s. filmlərdə rol almış Mustafa Mərdanov Həsən bəyi birbaşa öldürməsə də, ona sui-qəsdin təşkilində iştirakçılardan olub.

 

Tarixçi Ədalət Tahirzadə də öz yazılarında qeyd edir ki, yazıçı-tarixçi Eldar İsmayılov da bu fikirdədir ki, Həsən bəy Ağayevi sovet çekistləri öldürüb. Onu erməni terrorçuları öldürmüş olsa belə, onlar yalnız icraçı olublar.

 

Həsən bəy Ağayev də Fətəli xan Xoyski kimi Tiflisdə, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məzarı yanında dəfn edilib. 

 

Həsən bəy fədakarlığı

 

Həsən bəy yüksək vəzifələrdə çalışdı. Tələbə ikən bir falçının ona yaxınlaşaraq, əlinə baxandan sonra dediyi  kimi 45 yaşında dünyasını dəyişdi. O zaman  bu fal ona gülünc gəlmişdi. Ürəkdən qəh-qəhə çəkib gülmüşdü. Amma 1920-ci ilin ağır günlərində yenidən həmin falçını xatırlamışdı. Xanımına da “ömrümün sonuna 8 ay qalıb demişdi”.  Səkkizinci ayda isə ermənilər tərəfindən qətlə yetirilmişdi.

 

 

Azərbaycan Cümhuriyyətinin Parlamentinin sədri Həsən bəy Ağayevin nəvəsi Sevda xanımın dediklərindən: “Nənəm danışırdı ki, Həsən bəy həkim işləyəndə yaxşı dolanırdıq, ən çox korluğu onun parlaman sədri işlədiyi dövrdə çəkmişik. Dövlət yeni yaranırmış, kasıb imiş, parlamentin katibliyini maaşla təmin etməyə pul çatmırmış. Babam öz maaşını katibliyin işçiləri arasında bölüşdürürmüş. Bəzən çatmayanda xahiş edər, 2-3 aylıq məvacibini alıb tabeçiliyində olan işçilərə paylayarmış. Nənəm deyirdi ki, soruşdum, bəs biz necə dolanaq? Babamın cavabı isə belə olub:

 

-Dözümlü ol, ay Xədicə, sənin müəllimə maaşın bizə kifayətdir. Nə olar, bir az qənaətlə yaşayarıq", təsəllisi ilə başımı qatardı "

 

E.Nihad

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi