Modern.az

Yeddidən yetmişə  - Akademik Əhliman Əmiraslanovun yubileyinə

Yeddidən yetmişə  - Akademik Əhliman Əmiraslanovun yubileyinə

16 Noyabr 2017, 09:16

Akademik Əhliman Əmiraslanovun yubileyinə

 

Ağ xalat bürünər zərnişan geyməz,

Heç kəsi dindirib xətrinə dəyməz.

Sərdara söz deməz, şaha baş əyməz

Qüdrətdən səngərli, qalalı dağlar.

 

...Neçə gündür ki, aşıq sənətimizin əlçatmaz zirvəsi, şifahi xalq ədəbiyyatımızın söz sərkərdəsi Aşıq Ələsgərin bu ölməz misralarını az qala Quran ayəsi kimi vird eləyirəm. Bəşərin yaranışından neçə şahlar, sərkarlar, bəylər, xanlar, nökərlər, qullar gəlib-gedib, dağlar isə öz yerində, öz ucalığındadır.


Heç də təsadüfi deyildir ki, güclü, qüdrətli, ağıllı, bilikli adamların cəmiyyətin ümumi boyundan ucada dayandığını fərq edən söz ustadları onları uca, zirvəsi ağappaq qarla örtülü dağlara bənzədiblər. Dağ vüqarı, dağ əyilməzliyi, dağ qüdrəti, dağ səxavəti və alim ömrü, müdriklik zirvəsi, xeyirxahlıq missiyası, müəllim təmənnasızlığı arasında paralellər aparanda görürük ki, dağlar insanlara bənzədiyi kimi, insanlar da dağlara bənzəyir.


Azərbaycan düzlər, dərələr və dağlar diyarıdır. Amma adlı (-sanlı) dağlarımız barmaqla sayılacaq qədərdir. Elə görkəmli adamlarımız kimi...


Azərbaycanın adlı-sanlı, titullu elm adamları kifayət qədər olsa da, millətimizi dünyada tanıdacaq korifeylərimiz təəssüf ki, o qədər də çox deyil....Elə dağlarımız kimi...


Nahaq yerə demirlər ki, ölkə zirvələri, millət görkəmli şəxsiyyətləri ilə ucalır. Millətin boyunu dünyada uca göstərən (və başını uca eləyən) dəyərli övladlarından biri də akademik Əhliman Əmiraslanovdur. Çoxdan və kifayət qədər yaxından tanıdığım Əhliman müəllim haqqında yetmiş illik yubileyi ilə bağlı portret yazı yazmaq istəyim ilk əvvəldən çətinliklə qarşılaşdı: əvvəlcə yubilyar özü istəmədi, özünəməxsus təvazökarlıqla: “-zəhmət çəkmə, heç nəyə ehtiyac yoxdur”-dedi. Daha sonra isə, portret çizgilərinə Əhliman müəllimin çox şaxəli, çox uğurlu, çox dinamik, çox təltifli fəaliyyəti “mane oldu”. Portret rəssamları yaxşı bilirlər ki, sənət əsərinin uğurlu alınması işığın portreti çəkilən şəxsin üzərinə hansı bucaq altında düşməsindən və işıqlanma dərəcəsindən çox asılıdır.


Əhliman Əmiraslanovun hansı istiqamətdə fəaliyyətinə nəzər yetirsək, orda bir işıq seli görürük: orta məktəbi qızıl medalla bitirib, Tibb Universitetini qırmızı diplomla. Elə həmin ildə o vaxtki İttifaqın (və dünyanın) ən nüfuzlu onkoloji elmi-tədqiqat mərkəzinə aspiranturaya qəbul edilib, aspirantura təhsilini bitirməmiş, namizədlik, 36 yaşında isə doktorluq dissertasiyası müdafiə edərək dövrünün ən böyük alimləri ilə birlikdə onkologiya sahəsində çoxlu uğurlara və kəşflərə imza atıb – 37 yaşında SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Onu da deyək ki, Əhliman müəllim Azərbaycan təbabəti tarixində bu nüfuzlu mükafata layiq görülmüş iki alimdən biridir: akademik Mustafa bəy Topçubaşov (1943-cü ildə), akademik Əhliman Əmiraslanov (1986-cı ildə).


Əhliman müəllimin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti də parlaq və uğurludur: Azərbaycan SSR Ali Sovetinin deputatı, Tibb Universitetinin rektoru, Milli Elmlər Akademiyasının həqiqi üzvü və akademik katibi, millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA komissiya sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri və s.


Akademikin həyat fəaliyyətinin hansı sahəsinə nəzər salsaq görürük ki, orada uğurlu fəaliyyət, nurlu niyyət və parlaq nəticə var. Və məhz bu nur, bu işıq seli yubilyarın portret çizgisini çəkməkdə şairin qələmini çətinə salır: işığın üzərinə işıqmı salarlar?  Birdə ki, ziyalı işıq paylayan deyilmi?


Əhliman müəllimin nəsillərə nümunə ola biləcək həyatının uğur hekayəsindən danışarkən bir neçə məqamın üzərində dayanmaq labüddür:


Əsil-kök
: Əhliman müəllimin doğulub boya-başa çatdığı İrəvan xanlığının Göycə mahalı istedadlı, adlı-sanlı, vurub-tutan adamları ilə həmişə məşhur olmuşdur. Əhliman müəllimin atası Tapdıq müəllim Ermənistan SSR-in tanınmış ziyalılarından, bölgədə azərbaycanlıların nüfuzlu ağsaqqallarından biri olmuş, uzun illər məktəb direktoru, maarif şöbəsinin müdiri, partiya və dövlət vəzifələrində çalışmış, “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Belə bir ailədə böyüyüb tərbiyə alan Əhliman Əmiraslanovun orta məktəbi qızıl medalla, institutu fərqlənmə diplomu ilə bitirməsi heç də təsadüfi ola bilməzdi.


Elmi-mədəni mühit
. Azərbaycan Dövlət Tibb Universitetində oxuyarkən dövrün görkəmli tibb alimlərindən və ziyalılarından dərs almış Əhliman Əmiraslanov 26 yaşında SSRİ Tibb Elmləri Akademiyasının nəzdində Ümumittifaq Onkoloji Elmi Mərkəzində aspiranturaya daxil olmuş, burada sovet və dünya onkologiya elminin korifeyləri akademik N.Bloxin, N.Trapeznikov, M.Davıdov kimi alim və ziyalılarla çiyin-çiyinə çalışmış, elmi nailiyyətlər əldə etmiş, onlarla kəşf və ixtiralara imza atmışdır. Moskvanın elitar elmi-intellektual mühiti Əhliman müəllimin parlaq istedadlı bir alim kimi yetişməsində, eləcə də ziyalı və aristokrat kimi formalaşmasında mühüm rol oynamışdır. Vaxtı ilə Onkoloji Mərkəzdə Əhliman Əmiraslanovla birgə çalışmış və dostluq etmiş, hazırda həmin Mərkəzin – Rusiya Onkoloji Elmi Mərkəzinin baş direktoru, Rusiya Federasiyasının baş onkoloqu akademik Mixail İvanoviç Davıdov Əhliman Əmiraslanovun parlaq istedadına, dərin biliyinə və ali insani keyfiyyətlərinə yüksək dəyər verərək yazır: “Əhliman Tapdıq oğlu Sovet və Rusiya onkologiyasının parlaq ulduzudur. O, dahi peşəkar-virtuoz cərrahdır. Onu postsovet məkanının bütün respublikalarında tanıyır və dərin hörmət bəsləyirlər. O, genişqəlbli və xoş məramlı bir insandır. Onunla ünsiyyət həmişə insana müsbət enerji bəxş edir.”


Zəhmətsevərlik.
Hər bir halal uğurun kökündə bir halal zəhmət dayanır. Heç kəs oturduğu yerdə virtuoz cərrah, dahi alim, görkəmli ictimai xadim, ixtiralar və kəşflər müəllifi olmur. Zirvəyə gedən yol hamar olmur: daşlı-kəsəkli, sıldırımlı-uçurumlu, əyri-dolanbac aşırımlardan keçə-keçə zirvəyə gedən şəxs öz cığırını özü açmalıdır.


Əhliman müəllimin (eləcə də bütün görkəmli şəxsiyyətlərin) əmək sevərliyində bir ictimai borc, ictimai mənafe naminə çalışmaq, cəmiyyətə fayda vermək istəyi dayanır. Heç də təsadüfi deyildir ki, akademik Əhliman Əmiraslanov Sovet onkologiya məktəbində orqansaxlayıcı əməliyyatların banilərindən biri hesab edilir. Əhliman müəllimin həm namizədlik, həm də doktorluq dissertasiyaları ətrafların bədxassəli şişlərinin müalicəsində elə cərrahi üsulların tədqiqini təklif edir ki, bu əməliyyatlardan sonra xəstələrin həyat keyfiyyətləri mümkün qədər saxlanılsın.


Məsuliyyətlilik.
Əhliman  müəllim olduqca intizamlı və məsuliyyətli adamdır. Məsuliyyət hissi həm dövlətçilik, milli-ictimai mənafe baxımından, həm də məişət-şəxsi planda onun həmişə göz önündə saxladığı ölçülərdəndir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan olduqca mürəkkəb, ağır ictimai-siyasi şəraitdə idi. Müharibə, qaçqınlıq, kasıblıq, hərc-mərclik səbəbindən bir çox sahələrdə olduğu kimi, tibb mütəxəssisləri də ölkəni tərk edərək xaricə getmək məcburiyyəti ilə üzləşmişdilər. Belə bir zamanda professor Əhliman Əmiraslanova Azərbaycana gəlmək, təhsili və tədrisi bərbad vəziyyətə düşmüş Tibb Universitetinə başçılıq etmək, yeni dövrün tələbinə uyğun, yüksək səviyyəli tibb kadrları hazırlığına rəvac vermək təklif edildi. Eyni vaxtda həm də ona Moskvada yeni yaranmış Klinik Onkoloji Mərkəzdə direktor vəzifəsi təklif olundu. Əhliman müəllim heç tərəddüd etmədən Vətənə xidməti seçdi. Baxmayaraq ki, Moskvadakı vəzifənin elmi perspektivləri, sosial-mənəvi dividentləri daha cəlbedici idi.


Təvazökarlıq
. Akademik Əhliman Əmiraslanov elm, təhsil, ictimai-siyasi fəaliyyət sahəsində bir çox uğurlara imza atmış, titullar qazanmış dünya şöhrətli alim, Azərbaycanın, Türkiyənin, Rusiyanın siyasi elitasında tanınan və hörmət edilən ictimai-siyasi xadimdir.


O SSRİ Tibb Elmlər Akademiyasının yüksək titullu “N.N.Petrov adına medalı” və mükafatı ilə (1985), SSRİ Dövlət Mükafatı (1986), Amerika Bioqrafiya İnstitutunun “Qızıl statuya” mükafatı, Polşa Tibb Elmlər Akademiyasının “Albert Şvaytzer adına” mükafatı (1999) və Böyük Qızıl medalı, Rusiya Tibb Elmlər Akademiyasının “Akademik N.Bloxin adına” mükafatları (2007), 2000-ci ildə isə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.


2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilən Əhliman Əmiraslanov, 2007-ci ildən AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb Elmləri bölməsinin akademik katibi, 10-dan çox ölkənin akademiyalarının üzvü və institutlarının fəxri doktoru, 12 nəfər tibb elmləri doktorunun, 44 nəfər fəlsəfə doktorunun rəhbəri, 500-dən çox elmi məqalənin, 18 monoqrafiyanın, 31 dərslik və dərs vəsaitinin, 16 ixtiranın müəllifidir.


Daim dövlətin və millətin mənafeyindən çıxış edən akademik Əhliman Əmiraslanovun ictimai-siyasi fəaliyyəti də çoxşaxəlidir. O, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, TÜRKPA komissiya sədri olmaqla yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında “Əfv məsələləri üzrə Dövlət Komissiyası”nın, Elmin İnkişaf Fondunun və Bilik Fondunun Himayədarlar Şurasının, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.


Yuxarıda yazılanlar akademik Əhliman Əmiraslanovun fəaliyyət istiqamətlərinin və titullarının heç də tam siyahısı deyil. Heç bu suyahını uzatmaq niyyətimiz də yoxdur. Sadəcə bildirmək istəyirəm ki, ölkə daxilində və dünyada bu qədər ad-sanı, şöhrəti olan, eyni zamanda xidmətlərinə ehtiyac duyulan bir şəxsiyyət son dərəcə sadə, təvazökar, əlçatandır. Bu barədə akademik Mixail Romanoviç Liçinitser olduqca dəqiq vurğulayır ki, “Azərbaycan və dünya elminin fəxri akademik Əmiraslanov olduqca dəyərli və mehriban adamdır, ünsiyyətcil, tələbələr, gənc həkimlər və xəstələri üçün olduqca əlçatandır.”


Uzun illər Əhliman müəllimlə ünsiyyətdə olan adam kimi deyə bilərəm ki, sadəlik və təvazökarlıq onun yüksək dəyər verdiyi əsas həyat keyfiyyətlərindən biridir. O Tibb Universitetinin rektoru olarkən də, Milli Məclisin Komitə sədri, Milli Elmlər Akademiyasının rəhbərlərindən biri olaraq da həmişə cəmiyyətə açıq adamdır. Hətta sıradan bir vətəndaş qədər sadədir.


...Həqiqətən də, öz çəkisini, qiymətini, dayandığı yerin ucalığını biləndə insanın özünü dartıb dağ başına qoymağa ehtiyacı olmur.


Alicənablıq.
Əhliman müəllim elitar ziyalılıq etalonu, alicənab, mərhəmətli bir şəxsdir. Onun söhbətində, davranışında, geyimində əsil-nəcabətdən gələn bir kübarlıq, nəciblik, əsilzadəlik vardır. Akademik Əhliman Əmiraslanov Azərbaycanın elit ziyalı təbəqəsinin azsaylı aristokratlarından biridir. Orta əsrlərdə qərb zadəganlarının məşhur bir şüarını burada xatırlatmaq istəyirəm: “Mənim ruhum Allaha, cismim dövlətə, şərəfim isə özümə məxsusdur”. Məhz Əhliman müəllim də “şərəfi özünə məxsus olanlardandır”, şərəfi hər şeydən uca tutanlardandır.


Qədim şərq fəlsəfəsinə  (eləcə də islam dininə) görə adın insanın həyatına və taleyinə təsiri vardır. Məhəmməd Peyğəmbər (s) buyurur: Övladlarınıza yaxşı adlar qoyun, həqiqətən siz Qiyamət günü həmin adla çağırılacaqsınız.


... “Əhliman” adının mənası – “iman əhli”, “inanclı”, Allahını, Kitabını tanıyan anlamındadır.


...Əhliman müəllim 7-sindən 70-inə qədər masasının üstündə kitabı, başının üstündə Allahı olan iman əhlidir.


...7-sindən 70-inəcən həvəslə oxuyan, öyrənən bilik, elm dalınca gedən, öyrəndiyini böyük səxavətlə paylaşan, öyrədən, tələbələr yetişdirən, məktəb yaradan bir müəllim və alim nə bəxtiyardır...


...Yeddidən yetmişə minlərlə insana şəfa verən, ömür uzadan, ailələrə sevinc bəxş edən, “ölümü öldürən” , “ağ xalata bürünüb zərxara geyinməyən” həkim-cərrah nə xoşbəxtdir...


...Yeddisindən yetmişinə kimi bütün ömrünü düzlüyə, halallığa, savab işlərə həsr etmiş nümunəvi ailə başçısının, nəslin ağsaqqalının, dəyərli övladların atasının, gözəl, ağıllı nəvələrin babasının “həyat nə gözəldir,” - deməyə haqqı vardır...


...Yeddisindən yetmişinəcən “heç kəsi dindirib, xətrinə dəyməyən, sərdarlara söz deməyən, şahlara baş əyməyən,” öz milləti, öz Vətəni üçün xidmət edən, xalqına, dövlətinə, Liderinə bağlı olan bir insan əbədi hörmətə və ehtirama layiqdir. Qüdrətdən səngərli, qalalı dağlar kimi!!!

 

Musa Urud,
millət vəkili

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı