Modern.az

“Hamletin qəribə xasiyyətləri vardı” - Həmkarlarının məşhur aktyorla bağlı XATİRƏLƏRİ  

“Hamletin qəribə xasiyyətləri vardı” - Həmkarlarının məşhur aktyorla bağlı XATİRƏLƏRİ   

16 Noyabr 2017, 12:42

Azərbaycanın əməkdar artisti, məşhur aktyor Hamlet Qurbanovun anım günüdür.

Hamlet Qurbanov teatr və kino aktyoru Ağadadaş Qurbanovun və opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olub. H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədov kursunu bitirib. 1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaradan aktyor Azərbaycan televiziyasının hazırladığı “Topal Teymur”, “Yollar görüşəndə”, “Evləri köndələn yar”, “Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi” və digər tamaşalarda maraqlı obrazlar yaradıb. O, həmçinin “Babamın babasının babası”, “Dədə Qorqud”, “Nakəs”, “Bağ mövsümü”, “Yaramaz”, “Cin mikrorayonda” kimi filmlərdə özünəməxsus rollarla çıxış edib.

Uzun müddət xərçəngdən əziyyət çəkən istedadlı aktyor 1995-ci ilin bu günündə 16 noyabr tarixində ağrı içində faciəli şəkildə vəfat edib.


Sənətkarın həmkarları onunla bağlı xatirələrini Modern.az-la paylaşıb.

Xalq artisti Rasim Balayev deyib ki, Hamlet Qurbanovla eyni filmdə çəkilsə də, yalnız bir epizodda birlikdə iştirak edə biliblər:

“Hamlet Qurbanov istedadlı  və qeyri-adi adam idi. O, hamıdan fərqlənirdi. Bilirsiniz ki, Hamlet sənətkarlar ailəsində böyüyüb. Hətta o, cavan vaxtımızda, universitetdə oxuyan zaman bizə müəllimlik də edib. Həm televiziya tamaşalarında, həm filmlərdə, həm də teatrda oynadığı rollar özünəməxsus olub. Eyni zamanda, Hamletin qəribə xasiyyətləri var idi. Məsələn, camaatla oturub-durmaz, danışıb-gülməzdi. Özünə qapanıq bir adam idi”.

Hamlet Qurbanovla  “Cin mikrarayonda” filmində iştirak edən əməkdar artist Ötkəm İsgəndərov onu belə xatırlayır:

“Hamlet Qurbanov  özünəməxsus, maraqlı aktyor idi. “Cin mikrarayonda” filmində Dağüstü parkada bir yerdə çəkildiyimiz epizodumuz var. Tərəf müqabilinə qarşı çox həssas, yerindəcə  fantaziya edən, improvizasiya edən gözəl aktyor idi.  Adi insan kimi də yaxşı ünsiyyət qurmağı bacarırdı. Hamlet Qurbanovun özünəməxsus baxış tərzi var idi. Yadımdadır, Dağüstü parkda rəhmətlik Gülşən Qurbanova, Hamlet Qurbanov və mən yuxu səhnəsinin çəkilişində idik. Hamlet Qurbanov birdən orada “Rüstəm müəllim, mən sizin əsərlərinizin vurğunuyam, əsərlərinizə uşaqlıqdan aşiq olmuşam” dedi. Mən yaşca ondan kiçik olduğum üçün çox böyük təzad əmələ gəldi.  Hamlet Qurbanovun etdiyi improvizasiya bizim çox xoşumuza gəldi. Çox istedadlı, möhtəşəm aktyor idi”.

Ö.İsgəndərov  Hamlet Qurbanovla eyni filmdə çəkildiyi üçün fəxr etdiyini də vurğulayıb:

“Mənə elə gəlir ki, onun yaradıcılığından Azərbaycan kinosu da, teatrı da az istifadə etdi. Amma Hamlet Qurbanov müəyyən qədər rollar oynayıb və özünəməxsus iz buraxıb. Onun  həm də qəribə baxışı var idi. Gözləri ilə soruşurdu ki, düz deyirəm ya yox və qarşılığında sanki onun baxışlarını təsdiq etməyimizi tələb edirdi. Mənim onunla yaradıcılıq ünsiyyətim “Cin mikrarayonda” filmində olub və bununla bağlı ürəyimdə gözəl xatirə qalıb. Mən heyfslənirəm ki, Hamlet Qurbanov vaxtsız dünyasını dəyişdi. Və fəxr edirəm ki, onunla bir filmdə çəkilmişəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir