Modern.az

Nərimanovun “Bahadır və Sona”sındakı gizli anlar, qaranlıq məqamlar... - DAVAMI

Nərimanovun “Bahadır və Sona”sındakı gizli anlar, qaranlıq məqamlar... - DAVAMI

16 Noyabr 2017, 13:13

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Bahadırın və Sonanın fəlsəfəsi millətin, camaatın fəlsəfəsinə ziddir...


Bahadırın Sonaya yazdığı kağızı Yusif və Maşo oxuyandan sonra Yusif belə bir qənaətə gəlir ki, Bahadırın yazdığı kağızdan da görünür ki, onun üçün hansı bir məzhəbdə olması fərq etmir. Bahadır bu əqidəsinə görə xristianlığı qəbul edərsə, biz də (yəni Yusif və Maşo) onu qəbul edərik. Ancaq Sona atasına deyir ki, bu haqda Bahadıra heç nə deyilməsə yaxşıdır. Ona görə ki, Bahadırla Sonanı bir-birinə yaxın edən müsəlmanlıq və xristianlıq deyil. Kiminsə dinini dəyişməsi, kiminsə müsəlmanlığı, yaxud da xristianlığı qəbul etməsi məsələnin həlli yolu deyildir. Ona görə ki, Bahadırla Sona arasındakı yaxınlığı onlar arasındakı əqidə, amal, məslək birliyi yaratmışdır. Məhz Nəriman Nərimanov bu məsələni qabartmış, bu məsələnin mahiyyətinə aydınlıq gətirmək istəmişdir. Ancaq Bahadırla Sonanın fəlsəfəsini camaat başa düşürmü? Camaatın bu məsələyə münasibətdə fəlsəfəsi tamam başqadır.


Yenə də əsərə müraciət edək. Yusif qızı Sonaya deyir: “... Hər halda, biz bir millətin hissəsi hesab olunuruq. Bu millətə dair müəyyən bir yol və ya bir adət var. Biz haman adətlərə bərəks hərəkət ediriksə, bizə ayrı bir nəzərlə baxarlar. Bizi camaatımız özündən hesab etməz. Sən millətini sevirsən, onun uğrunda can qoymağa hazırsan, razı olursanmı haman millət səni özündən kənar etsin?” Yusifin bu fikirlərinin müqabilində Sona ona deyir ki, “Bəs Bahadırın millətdən kənar olmağına necə razı olmaq?” Bununla da N.Nərimanov iki fəlsəfəni üz-üzə qoyur: Bahadırla Sonanın fəlsəfəsi və millətin fəlsəfəsi. Birinci fəlsəfə bəşəriyyətə xidmət edir, ikinci fəlsəfə insanlar arasında dil, din, adət-ənənə fərqi yaradır. Hər iki fəlsəfədən öz şəxsi maraqları üçün istifadə edənlər də olur. İkinci fəlsəfədəki maraq daha ziyanlı və heç kəsə fayda verməyən maraqdır.


Bahadırla Sonanın fəlsəfəsi, bir də millətin fəlsəfəsi N.Nərimanovun yazıçı idealının dediklərindən biridir. Odur ki, o, Yusifin dili ilə Sonaya deyir: “Mən sizin məhəbbətinizə mane olmazdım, ixtiyarım da yoxdur və genə də olmuram. Fəqət bunu demək istəyirəm: Bahadırın və sənin fəlsəfənizdən millətin xəbəri yoxdur. Təklikdə fəlsəfəniz gözəl də olmuş olsa, camaat haman fəlsəfənizə nifrətlə baxacaqdır. Camaatın fəlsəfəsi müəyyən qanunlar və ata-babalarımızın adətləridir, qızım!” Bəli, Sona bunların hamısını yaxşı başa düşür. Həm də millətindən ayrı düşmək istəmir. Millətini sevir və ömrünü millətinin yolunda sərf etməyə hazırdır. Bahadır da belə bir gəncdir. Ancaq N.Nərimanov Bahadırla Sonanın fəlsəfəsini millət, camaat fəlsəfəsi ilə üz-üzə qoymaqla hər bir kəsi düşündürür, həm də çıxış yolunu axtarmaq istiqamətində düşündürür. Necə ki, Yusif də Maşo ilə bu barədə düşünürlər. Çıxış yolunu Bahadırla görüşməkdə və onunla birlikdə bu məsələni müzakirə etməkdə görürlər. Ancaq bu müzakirədə Bahadırla Sona millətin, camaatın fəlsəfəsi ilə getsə, onda təmiz məhəbbət, ruhani məhəbbət öz ideallığını itirə bilər. Məhz ona görə də məhəbbətdəki ideallığı yaşatmaq üçün Bahadırla Sona bir-birinə qovuşa bilmir.


“Ruhani məhəbbət”in, ideal məhəbbətin sonu...


Həqiqi, təmiz məhəbbət müqəddəsdir. Onu heç nə ilə almaq və satmaq olmaz. Alınan və satılan məhəbbət müqəddəsliyini itirir. Bu mənada ideal məhəbbətin müqəddəsliyini qorumaq üçün Bahadırla Sonanın bir-birinə qovuşmasına imkan verilə bilməzdi. Kim tərəfindən imkan verilə bilməzdi? Yazıçı tərəfindən, N.Nərimanov tərəfindən. Müqayisə üçün qeyd edək ki, N.Nərimanov “Əsli və Kərəm” adlı məqaləsində ideal məhəbbət, həmişə ideal olaraq qalan məhəbbət barəsində yazır: “... Türk-tatar qövmü-eli. “Əsli və Kərəm”in dilləri ilə nə demək istəyir? Həqiqi, təmiz məhəbbət nə olmağını istəyir bildirsin: həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pula satmaq olmaz. Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz. Həqiqəti, təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fikirlər bəsləməz... Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatarsa, ideala çatan kimidir. İdeala çatarsa, ideal ideallığından çıxar...”


Bir daha qeyd etmək lazımdır ki, “ruhani məhəbbət”, ideal məhəbbət Bahadır və Sona arasındakı məhəbbətə də aiddir. Ona görə də Yusif Sona ilə birlikdə Peterburqa, Bahadırın yanına gəldikdə üçü birlikdə bu məsələyə sərəncam vermək istəyirlər. Yusif deyir: “Sizin kağızınızı mən oxudum. Fikirləriniz düz, əqidəniz təmiz, müqəddəs bir əqidə, fəqət camaat... Millət...” Yusifin bu sözlərinin müqabilində Bahadır deyir: “... Düz buyurursunuz... Mən... Səhv etmişəm... Mənim məhəbbətim sizə əziyyət veribdir... Bağışlayınız.... Əfv ediniz məni... Mən... Mən...”


Beləliklə, “ruhani məhəbbət”in, ideal məhəbbətin sonu Bahadırın tapançanı gicgahına sıxması ilə qurtarır. Bununla da “ruhani məhəbbət”, ideal məhəbbət əbədi yaşamaq imkanını qazanır. Bahadırın bu kağızda yazdığı isə hələ də öz həllini gözləyir: “Təvəqqe edirəm mənim ölməyimdə heç kimi müqəssir etməyəsiniz. Mən özüm öz əlimlə özümü öldürdüm... Ah, insanları bir-birindən ayıran “uçurum dərələr!” Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz... Fəqət əmin olunuz, siz axırda məhv olunacaqsınız...” Hələ də “uçurum dərələr” var və mövcuddur. Hələ də bu “uçurum dərələr”in məhv olunacağı ümidi ilə insanlar yaşayır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir