Modern.az

Qəmbər Şəmşiroğlu: “Kəlbəcərsizlik həyatıma silinməz izlər saldı” - AD GÜNÜ

Qəmbər Şəmşiroğlu: “Kəlbəcərsizlik həyatıma silinməz izlər saldı” - AD GÜNÜ

Aktual

16 Noyabr 2017, 17:39

Bu gün "Aşıq Şəmşir Mədəniyyət Ocağı”nın sədri, Yazıçılar Birliyinin üzvü Qənbər Qurbanovun doğum günüdür. Qənbər Qurbanov el ağsaqqalı Dədə Şəmşirin oğlu, millət vəkili, “Azərbaycan Dəmir Yolları “QSC” nin sədri Cavid Qurbanovun atasıdər.

Qənbər Şəmşir oğlu Qurbanov 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun  Ağdaban kəndində anadan olub.

1950-ci ildə Kəlbəcər rayonunun Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək, Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına İnstitutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.

1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbində direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbində direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından "Azərittifaq"da baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


Modern.az
-ın əməkdaşı Qənbər Qurbanovla əlaqə saxlayıb. O bildirib ki, ən böyük istəyi Kəlbəcərlə bağlıdır:
 

“Ali məktəb dönəmində müəyyən çətinlik çəkmişəm. Vəzifələrdə çalışmışam, hər zaman camaatın rəğbətini qazanmağa çalışmışam. 25 ildir ata-baba torpağımız olan Kəlbəcərdən uzağıq. Kəlbəcərsiz illər bizim həyatımıza silinməz iz salıb. Kəlbəcərdə, mənim doğum günümdə dost-tanışlarım toplaşardı, maraqlı söhbətlər edərdik. Orada keçirdiyimiz məclislərin əvəzi olmaz. Hayıf keçən günlərimizə ki, hamısı arxada qaldı. Ən böyük dərd Kəlbəcərsiz qalmaqdır. Gecə-gündüz hər zaman Kəlbəcəri düşünürəm, xəyalımda ora səyahət edirəm. Kəlbəcərdə işğal olunandan sonra hərə bir yana düşdü, oğul bir yanda, qız bir yanda. Kəlbəcərsizlik elə bir elə böyük dərdir ki, onu sözlə ifadə etmək olmur”.


Qəmbər Şəmşiroğlu deyib ki, Kəlbəcər azad edilsə, gedəcəyi ilk yer illərdir ayrı qaldığı evi olacaq.

“Kəlbəcərin azad olunacağı günü səbirsizliklə gözləyirəm. Əvəzsiz dağları, füsunkar təbiəti, bulaqları, saf insanları ilə seçilirdi Kəlbəcər”.

 

O bildirib ki, səhər açılandan ona gələn təbriklərin ardı-arası kəsilmir.

“Kəlbəcərlilər, tanınmış ziyalılar, qohumlar, dostlar zəng edib doğum günümü təbrik edirlər. Mənə dəyər verənlər çox sağ olsunlar. Arzu edirəm ki, Kəlbəcər düşmən işğalından azad olunsun, hamımız gedək  doğma torpaqlarımıza, ömrümüzü yaxşı başa vuraq. Allahdan başqa istəyim yoxdu”. 



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?