Modern.az

Rusiyanın adlı-sanlı simalarından Əhliman Əmiraslanova yubiley TƏBRİKLƏRİ  

Rusiyanın adlı-sanlı simalarından Əhliman Əmiraslanova yubiley TƏBRİKLƏRİ   

Mədəni̇yyət

17 Noyabr 2017, 11:27

Bu gün Milli Məclisinin Səhiyyə komitəsinin sədri, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Bilogiya və Tibb elmləri Bölməsinin akademik-katibi, SSRİ Tibb Elmləri Akademiyasının аkademik N.N.Petrov аdına mükafatı laureatı, Rusiya Tibb Elmləri Akademiyasinin N.N. Bloxin adına qızıl medalının təltifçisi, Polşa Tibb Elmləri Akademiyasının Albert Şvayster mükafatı laureatı, dünyanın bir çox nüfuzlu elmi assosiasiya və cəmiyyətlərinin üzvü və ali məktəblərinin fəxri doktoru, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovun 70 yaşı tamam olur.

Akademik Əhliman Əmiraslanovun onkologiyanın müxtəlif sahələrinə dair apardığı çoxşaxəli sanballı elmi-tədqiqat işləri və aldığı uğurlu nəticələr ona dünya şöhrəti qazandırıb.

Sümük şişlərinin kompleks müalicə üsullarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi istiqamətində apardığı elmi-tədqiqat işləri bu xəstəliklərin müalicəsində nəticələri 4-5 dəfə yaxşılaşdırıb. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq, ümumittifaq və respublika miqyaslı jurnal, qurultay, simpozium və konfrans materiallarında dərc edilib. Əldə olunan nəticələr barədə dəfələrlə ABŞ, Fransa, Yaponiya, İtaliya, İsveç, Türkiyə, Almaniya, Rusiya, İsrail, Pakistan, Kanada, Avstriya, Yunanıstan və b. ölkələrdə keçirilən müxtəlif səviyyəli elmi forumlarda və nüfuzlu yığıncaqlarda məruzələr edib.
“Onkoloji xəstələrdə bərpa müalicəsi metodlarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi” istiqamətində apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına, eləcə də sümük sarkomalarının müasir müalicə üsullarını da özündə əks etdirən “Sümük sarkomaları” monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının məşhur N.N.Petrov adına mükafatına layiq görülüb, bu  sahədə onlarla yüksək ixtisaslı kadr potensialı yetişdirib. Akademik Əhliman Əmiraslanov elmi-pedaqoji məktəbinin yetirmələri nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkələrinin nüfuzlu klinikalarında çalışaraq onun yolunu uğurla davam etdirirlər. 470-dən artıq elmi əsərin, o cümlədən 13 monoqrafiya, 9 ixtira və səmərəlşdirici təklif, 26 dərslik, dərs vəsaiti və metodik ədəbiyyatın müəllifidir. Onun rəhbərliyi altında 55 dissertasiya işi, o cümlədən 12 elmlər doktorluğu, 43 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilib. Fəaliyyəti dövründə 20000-ə yaxın cərrahiyyə əməliyyatı icra edib.

Akademik Ə.T. Əmiraslanov 1992-2015-ci illərdə, 24 ilə yaxın bir dövrdə Azərbaycan Tibb Universitetinə rəhbərlik edərək, ölkəmizdə tibbi kadrların hazırlanmasında, tibb təhsilinin və tibb elminin inkişafında böyük xidmətlər göstərib. Onun rektorluğu dövründə Tibb Universiteti böyük tərəqqiyə nail olub, Universitetin maddi-texniki bazası və beynəlxalq əlaqələri genişləndirilib, 4 klinikası yaradılıb və uğurla fəaliyyət göstərir.


Ömrünün müdrik çağına qədəm qoyan akademik Əhliman Əmiraslanovu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ictimai-siyasi, elmi-pedaqoji və praktik fəaliyyətlərində böyük nailiyyətlər arzulayırıq.

 

Modern.az-ın məlumatına görə, akademikin yubiley yaşı ilə bağlı xaricdən də tibb mütəxəssislərinin təbrik məktubları var.

 

Təbrikə qoşulanlardan biri də Rusiyanın N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktoru, akademik, Rusiyanın baş onkoloqu  Mixail İvanoviç Davıdovdur.

 

“Əhliman Əmiraslanovla tanışlığımız 1975-ci ildə institutu bitirib Onkoloji Elmi Mərkəzin ordinaturasına daxil olmaq istəyən zaman baş verdi. Burada ümumi onkologiya şöbəsində ciddi kliniki mövqeyi olan gənc və istedadlı alim vari idi. O dahi cərrah və virtuozdur. Onun doktorluq işi osteogüen sarkomadan əziyyət çəkən pasientlərə həsr olunmuşdu. Bu dövrü üçün əsl yenilik idi. Bundan başqa, o ölkəsinin önəmli siyasi və ictimai xadimidir. Bütün bunlara görə, Əhliman Əmiraslanov Sovet və Rusiya onkologiyasının ulduzudur. Onu bütün keçmiş postsovet ölkələrində tanıyırlar.

Böyük qəlbə malik xoşniyyət insan olduğu üçün onunla ünsiyyət saxlamaq həmişə asan olub. Heç vaxt aqressiyası olmzadı. Onunla ünsiyyətdən yalnız xoş əhval qazanıram. Biz nə vaxtsa dost olduq və o, Azərbaycana dönməyənə qədər demək olar ayrılmırdıq. Amma biz indi də dostluq edirik. O dahi şəxs və görkəmli simadır.

Onun haqqında dost kimi danışırıqsa, deməliyəm ki, heç bir mənfi cəhəti yoxdur. O, çox sevdiyim dərin bir insandır. Ləyaqətli, kiçik detallara qədər diqqətcil biridir. O dərəcədə dərin və incə birdir ki, qəlbini qırmamaq üçün sözü necə deməli olduğunu düşünürsən. Möhtəşəm dost olduğu üçün onu ancaq tərifləmək olar! Gözəl ailəsi, savadlı övladları var. Biz eyni binada qalmışıq və onun övladları mənim gözümün önündə böyüyüblər. Onun nümunəvi ailəsi var və biz bu ailəyə hər bir işdə - davranışda, dostu qarşılamaqda və s. bənzəməyə çalışmışıq”.
 

N.N. Bloxin adına N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktorunun elmi işlər üzrə müavini, akademik Mixail Romanoviç Liçinitser: 



“Mən böyük məmnuniyyətlə bu müsahibəni verirəm!

Bu gün Əhliman Əmiraslanovun 70 yaşı tamam olur. Akademik Əmiraslanov Azərbaycan və dünya elminin fəxridir, o Rusiya Elmlər Akademiyasının üzvüdür. Akademik Əmiraslanov klassik onkologiyanın inkişafında böyük rol oynayıb. İstedadlı insan kimi məktəbi qızıl medalla, Tibb Universitetini fərqlənmə ilə bitirib. Onun Azərbaycanda, Rusiyada yaxşı müəllimləri var.  O, akademik Nikolay Trapeznikovun tələbəsi, sümük sarkoması üzrə bir sıra araşdırmaların müəllifidir. Bu işlər bütün dünyada tanınır. O, ABŞ, Yaponiya və Avropa ölkələrinin ən yaxşı tibb müəssisələrində çalışıb. Doktor Əmiraslanov elmə yenilik gətirən bir sıra yazıları ilə tanınır.

Onun gözəl insan olduğunu qeyd etməsəydim, təbrikim yarımçıq qalardı. Müasir yeniliklərdən istifadə edərək, bir çox insanlara şəfa gətirib. O çox sadə insan kimi tələbələr, gənc həkimlər üçün əlçatandır. Onun gözəl ailəsini də qeyd etməliyəm. Akademik Əmiraslanov ünsiyyət açıq şəxsdir.

Əziz Alik, biz səni təbrik edirik! Gözəl həyatın boyu çoxlu dostlardan ibarət kolleksiya toplamısan. 70 yaş azdır, amma dostların olaraq bu, bizim üçün bayramdır. Onkoloji Mərkəzin əməkdaşları tərəfindən məmnuniyyətlə sizə salam göndəririk. Yeni elmi uğurlar arzulayıram. Elmlə avtoritet qazanmaq olar, həkim kimi avtoritet qazanmaq olar, amma Azərbaycan, Rusiya və dünyada çoxlu ailələri birləşdirən avtoritet qazanmaq böyük xoşbəxtlikdir.

Daha heç nə deyə bilmərəm! Sağlığına badə qaldırıram!”.


Rusiyanın N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktor müavini, akademik Məmməd Əliyev:

 

“Əhliman Tapdıq oğlu ilə tanışlığımız 1990-cı ilə təsadüf edir. Həmin vaxt Priorov adına ortopediya və travmatologiya institutunun aspiranturasını bitirdikdən sonra doktoranturaya daxil olmaq barədə təklif almışdım. Bakıdakı onkoloji mərkəzdən Moskvaya doktorant kimi göndərilmişdim. Məhz bu vaxt ilk tanışlığımız baş tutdu. O, onkoloji mərkəzdə çox önəmli professorlardan sayılırdı. Onun işçilər arasında böyük avtoriteti var idi. Əhliman Əmiraslanov həmişə Azərbaycandan olan yerlilərinə yardım göstərirdi. Xatirimdədir ki, doktorant olan zaman, o mənim dissertasiya işin rəhbəri idi. Hətta çox məşğul olanda belə həmişə müzakirə üçün vaxt tapırdı. Qeyd etməliyəm ki, onkologiya mərkəzinin  7-ci mərtəbəsində həm elmi, həm də praktik işlərlə o məşğul olurdu. 

Buna görə, professional münasibətlə yanaşı, aramızda möhkəm dostluq da yaranmışdı. Və mən bununla fəxr edirəm! 

Ö sahəsindəki aktivliklə yanaşı, siyasi və sosial hadisələri diqqətdə saxlayıb və Azərbaycanda yaxud Rusiyadakı ictimai tədbirlərdə iştirak edib. Əhliman Əmiraslanov hakimiyyət üçün arzuolunan şəxs sayılıb. O, Sovet Azərbaycanın Ali Sovetində deputat, Rusiya elitasının yaxın simalarından olub. O həmişə nə istədiyini bilən praqmatik mütəxəssis olub. Əmiraslanov ölkəmizdə sarkomalı sümüklü pasinetlərin orqanlarının saxlanılması ilə məşğul olan ilk mütəxəssislərdən olub. Bu onkologiyada orqan saxlama erasının başlandığı vaxtlar idi. O,  həmçinin, şiş olan pasientlərin yuxarı və aşağı ətraflarının saxlanması üçün də ilk tədqiqatlara başlamışdı. O, bu sahədə tam bir professional idi. O vaxtlar sağ qalma göstəricisi 60%-ə çatırdısa, indi bu göstərici 75%-ə çatıb. Orqansaxlama müalicəsi 50% pasientə tətbiq olunurdusa, hazırda göstərici 90%-ə çatıb. Təbii ki, son 20 ildə böyük nailiyyətlər əldə olunsa da, Onkoloji Mərkəzdə bu sahədə ilk addımları Nikolya Nikolayeviç Trapeznikov və onun tələbəsi Əhliman Tapdıq oğlu Əmiraslanov atmışdı.
 

Əmiraslanov Bakıda Tibb Universitetinin rektoru vəzifəsinə təyin olunduqdan sonra onun əvvəlki vəzifəsinə mən təyin olundum. Nikolay Nikolayeviç Trapeznikov üçün faktiki olaraq eyni funksiyaları yerinə yetiridim. Əmiraslanovla həmin gündən bu günə qədər sıx dostluq münasibətlərindəyəm, həmçinin, professional əməkdaşlığımız da davam edir. Bizim aramızda “yox” sözü yoxdur, mümkünsüz iş varda. Onu mümkünə çeviririk! Həmişə professional və qeyri-professional sahələrdə bir-birimizə dəstək oluruq.
 Ailəsini çox yaxşı tanıyıram, gözəl xanımı, 2 ağıllı oğlu var.

Onun böyük oğlu da doktor olub. Professordur.  Namizədlik və doktorluq dissertasiyalarına mən rəhbərlik etmişəm. Sözün yaxşı mənasında, bu ənənə bizim dostluğumuz daha da möhkəmləndirdi. Ad günündə ona ilk növbədə ona sağlamlıq arzulayıram! Çünki sağlamlıq olandan sonra qalan hər şeyi arzulamaq olar. O, bacarıqlı insan, Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədridir. Bununla belə, hər kişinin reallaşmamış arzuları olur. Buna görə, ona həkimlik sənətində yeni uğurlar arzulayıram. Bir də arzulayıram ki, 70 yaşında o, 60 yaşında başladığı layihələrin sonunu görsün. Yaxın 10 il üçün isə 80 yaşa qədər yeni plan tərtib etmək lazımdır. Və istərdim ki, 70 yaşımda Əmiraslanovun 80 illik yubileyi münasibətilə müsahibə verim. Bağrıma basıram, əlini sıxıram və onu tez-tez xoş xatirələrlə yada salıram”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?