Modern.az

Seysmoloji Xidmət Mərkəzindən İTTİHAMLARA cavab: “Bilməmək ayıb deyil”  

Seysmoloji Xidmət Mərkəzindən İTTİHAMLARA cavab: “Bilməmək ayıb deyil”    

17 Noyabr 2017, 16:24

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Azərbaycanda baş verən sonuncu zəlzələlərlə bağlı ictimaiyyəti məlumatlandırılması zamanı yersiz hay-küy yaradanları qınayıb.


Modern.az saytı xəbər verir ki, RSXM-in İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızının sözlərinə görə, bəzi media qurumlarında zəlzələ ilə bağlı əvvəlcədən niyə xəbərdarlıq edilmədiyi, İran-İraq sərhəddində baş verən dağıdıcı yeraltı təkanlardan sonra nədən əminliklə "Azərbaycanda heç bir dağıdıcı zəlzələ gözlənilmir" bəyanatının verildiyini sual ediblər.


“Hətta təşkilat olaraq “başımızın aldığımız cihazların yerləşdirilməsinə qarışdığı” kimi ünvanımıza müəyyən doğru olmayan ittihamlar da səsləndirilməkdədir.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsinin müdiri və illərini mətbuata vermiş adam kimi deyə bilərəm ki, bütün məsələlərdə olduğu kimi, bu mövzuya yanaşmada da peşəkarlıq məsələsi öz sözünü dedi. Mərkəzimizlə daimi əməkdaşlıq edən, zəlzələnin nə olduğunu bilən peşəkar jurnalistlər üçün bizim işimizin mahiyyəti də aydındır. Və bu onların mövzuya yanaşmasında da hər zaman öz sözünü deyir. 

Dünyanın heç bir ölkəsində zəlzələ ilə bağlı əvvəlcədən dəqiq proqnoz yoxdur və bunu hamı bilir. Azərbaycan kimi ərazisi seysmik bölgədə yerləşən çox ölkələr var ki, bu gün öz ərazilərində olan zəlzələ ilə bağlı məlumatları emal edə bilmirlər. Başqa ölkələrin verəcəyi nəticəni gözləyirlər. Çox uzağa getmək lazım deyil. Ətrafımıza göz gəzdirsəniz kifayətdir...”.


O ki qaldı Seysmoloji Xidmət Mərkəzinin aldığı cihazlara, V.Rafiqqızı ittiham səsləndirənlərə bildirib ki. hazırda bizim 35 seysmik, 24 GPS, 7 stasionar, 6 geokimyəvi stansiyamız işləyir və sonuncu quraşdırma işləri üç il əvvəl başa çatıb.


“Təbii ki, hər bir işin irəli getməsi üçün yeni texnologiyaların, biliklərin əldə olunmasına zərurət var və hazırda Seysmoloji Xidmət Mərkəzi MDB-də ilk dəfə (dünyada da bu cəmi bir neçə aparıcı dövlətdə var) Xəzər dənizinin dibində seysmik stansiyaları quraşdırmaq məsələsi ilə məşğuldur. Bu stansiyaların quraşdırılmasının Azərbaycana nə verəcəyi bəlli olmasaydı dövlət həmin cihazlar üçün bu qədər vəsait ayırmazdı”.


RSXM rəsmisi deyib ki, cihazlar zəlzələnin nə vaxt olacağını müəyyənləşdirmir.


“Cihazlar baş verən zəlzələnin harda, hansı gücdə baş verdiyi haqqında məlumatların yazılması və emalı üçün lazımdır. Hansı ki, baş verən zəlzələdən sonra Azərbaycan insanı o məlumatlar əsasında ayağının altındakı yerdə nə baş verdiyini o yazılar əsasında bilir. Seysmoloqlar isə daha çox şey bilir. Məsələn biz tez-tez Azərbaycanda aktiv bölgələrin adını çəkirik...
Odur ki, hörmətli həmkarlar görülən işlərin mahiyyətini tam bilmədən, proqnozla bağlı elementar məlumatları öyrənmədən yazı yazarkən diqqətli olun. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdı. İctimaiyyətə informasiya çatdırmaq kimi bir missiyanı üzərinə götürənlər əvvəlcə gərək özləri yazdıqları haqqında məlumatlı olsunlar ki, başqaları da onlardan nəsə öyrənə bilsin. Kimdənsə soruşmağı ayıb bilirsinizsı əlinizin altında İnternet var. Baxın dünyada bu mövzuya necə yanaşılır. Ya da bilmədiklərinizi soruşun deyək...”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!