Modern.az

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT

18 Noyabr 2017, 15:42

Noyabrın 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyin (AZƏRTAC) akt zalında görkəmli jurnalist Elmira  Əmrahqızının “Mən jurnalistəm...” adlı  kitabının təqdimat mərasimi keçirilib.


Modern.az-ın məlumatına görə, Elmira Əmrahqızı 1974-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.  Azərbaycan Teleradio Komitəsində çalışan, “Bakı” və “Baku” qəzetlərində, “Ulduz” , “Azərbaycan qadını” jurnallarında və digər mətbu orqanlarda bir-birindən maraqlı yazılarla çıxış edən mərhum jurnalistin həyatının son illəri “Azadlıq” radiosu ilə bağlı olub.


Tədbirdə jurnalistin tələbə yoldaşları, bir yerdə çalışdığı qələm dostları, həmkarları onun müxbir, reportyor və rəhbər kimi yaradıcılıq məziyyətlərindən danışıb, yazdığı məqalələrin, hazırladığı reportajların bədii-publisistik keyfiyyətlərindən, sosial-siyasi əhəmiyyətindən və ən nəhayət, narahat vətəndaş mövqeyindən söhbət açıb, xatirələrini bölüşüblər.

Tədbirin başlanğıcında Elmira Əmrahqızı haqqında bəzi məlumatlar diqqətə çatdırılb. Heydər Əliyevdən ilk müsahibəni alan və “20 Yanvar” hadisələriylə bağlı məlumatları dünyaya çatdıranın  məhz Elmira xanım olduğu bildirilib.


AZƏRTAC- ın jurnalistlə bağlı hazırladığı videosüjet nümayiş olunub.

Milli Məclisin deputatı, jurnalist Elmira Axundova bildirib ki, gələn il Elmira Əmrahqızının vəfatının 20 ili tamam olacaq, amma hələ də onun yoxluğuna inana bilmir.


“Elmira ilə bağlı xatirələrimi bu kitabda yazmışam. Yaxınları inciməsin, amma  onun sevgisi jurnalistikaya  aid idi. Bu yolda hər şeyindən keçərdi. Öz üzərində də daimi işləyirdi. Ömrünün sonlarına yaxın rus dilini mükəmməl öyrənmişdi.

 Bakıda Salatın Əsgərova adına küçə var. Elmira xanım heç də Salatın xanımdan geri qalan jurnalist olmayıb. Təklif edirəm ki, hansısa küçəyə, məktəbə Elmira xanımın adı verilsin.Çünki o peşəsinin qurbanıdır. Mən inanıram ki, bu təkliflə cənab prezidentə müraciət olunacaq” .

Elmira xanımın qrup yoldaşı olan Sədaqət Səlimova onun istedadına ilk dəfə 1969-cu ildə Həsən bəy Zərdabinin qəbri üzərindəki çıxışı zamanı şahid olduğunu söyləyib:

“Onun çox gözəl aktrisalıq qabiliyyəti var idi. “Özünü qayadan atdı Xuraman” deyib necə özünü yerə atdısa, heyrətə gəldik.

Atasına çox bağlı idi və atasının adına təsadüfü and içənlərdən deyildi.  Düşünürəm ki, Jurnalistika fakültəsində mütləq şəkildə Elmira Əmrahqızı öyrədilməlidir”.

Əməkdar jurnalist Vasif Səmədov çıxışı zamanı insanın yaşlandıqca, kövrəkləşdiyini və videosujetə baxan zaman çox kövrəldiyini deyib:

“Biz təkcə bir jurnalist itirmədik, biz Azərbaycan qadınının simvolunu itirdik, biz bacımızı itirdik. Yadıma gəlir bir ailə kimi yığışıb bir  parça çörəyi bölüşərdik.

Silahla vətənimizi qoruyanlara Milli Qəhrəman adı verilir. Bəs Elmira xanım peşəsi uğruna gənc yaşında canından keçməyib? Bir şaxtaçıların, bir də jurnalistlərin ömrü belə qısa olur”.

Bakı Slayvan Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Aynur Bəşirli bu kitabın adının “Mən jurrnalistəm...” olmasından çox məmnun olduğunu bildirib:

“1996-ci ildə Brüsseldə idik. Dəstəyə təzə düşmüşdüm. Bir otaq vermişdilər və mən iki Elmira xanımla bir otaqda qalmalı idim. Otağın şəraiti o qədər də yaxşı deyildi. Birdən məni çağırdılar və bu otaqdan da şəraiti pis olan bir otaq verdilər. Elmira xanım dedi ki, mən səni bu otaqda qoya bilmərəm, yığış gedirik. Bu andan sonra mənim ona qarşı rəğbətim daha da artdı” .

Tədbirdə çıxış edən mərhum jurnalistin oğlu Abdulla Abdullayev anasının xatirəsinə göstərdikləri hörmət və ehtirama iştirak edənlərə təşəkkürünü dilə gətirib:

“Kitabın meydana gəlməsində Aslan Aslanova, Elmira Axundovaya, Elşad Eyvazlıya, Zərxanım Əhmədovaya və AZƏRTAC-ın kollektivinə xüsusi təşəkkkürümü bildirirəm”.

Mərasimdə son olaraq  AZƏRTAC-ın baş direktoru Aslan Aslanov çıxış edib. O, Elmira xanımın o dövr üçün əvəzsiz jurnalist olmasını və hələ o zamanlarda “Azadlıq” radiosunda işləməyin hər adamın işi olmamasını vurğulayıb.

Elmira Əmrahqızının “Mən jurnalistəm...” kitabı tədbir iştirakçılarına paylanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı