Modern.az

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ

Aktual

19 Noyabr 2017, 11:04

Müxtəlif sahələrlə bağlı rast gəlinən plagiatlıq faktları zaman-zaman mübahisə obyekti olub. Bir çox elmi və musiqi əsərlərinin oğurlanması barədə müraciətlər daxil olur.

Ümumiyyətlə, müraciətlər necə araşdırılır?

 Məsələ ilə bağlı Müəllif Hüquqları Agentliyi Modern.az-ın sorğusunu cavablandırıb.

 

“Elmi əsərlərin müəllifliyinin mənimsənilməsi halları hüquq sahiblərinin  təşəbbüsü ilə pozulan  hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsi barədə yazılı müraciət əsasında müvafiq qaydada Agentlikdə araşdırılır. Bu məqsədlə hüquq sahibindən əsərin (elmi işin) və plagiat halı ehtimal edilən əsərin nüsxələrinin Agentliyə təqdim olunması istənilir, Agentliyin “Əsərlərin qeydiyyatı və hüquqi ekspertiza sektorunda” onların müqayisəli ekspertizası keçirilir və nəticə etibarı ilə plagiat elementlərinin aşkar olub-olmaması barədə rəy hazırlanır. Həmin rəy hüquq sahibinə təqdim edilir.

 

Eyni zamanda, plagiatlıqda təqsirləndirilən tərəf Agentliyə dəvət edilir, hüquq sahibinin müraciəti barədə məlumatlandırılır, ondan izahat alınır. Məsələyə hüquq sahibi tərəfinin iddiası əsasında mülki qanunvericiliyə uyğun məhkəmə qaydasında baxılan halda, Agentliyin nümayəndəsi ekspert qismində məhkəmə iclaslarında çıxış edir”.

 

Agentlikdən 2017-ci ildə də müraciətlərin daxil olduğu bildirilib.

“2017-ci ilin yanvar-oktyabr ayları ərzində pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə coxsaylı müraciətlər daxil olub.

Bu müraciətlər əsasən musiqili əsərlər, səhnə əsərləri, audiovizual əsərlər, şeirlər, dərs vəsaitləri, monoqrafiyalar və digər müəlliflik hüququ obyektlərini əhatə edib. Müəllif Hüquqları Agentliyi hər bir müraciəti araşdırmış və öz səlahiyyətləri çərçivəsində müəllif-hüquq qanunvericiliyinə uygun şəkildə müvafiq tədbirlər görüb.

Agentlik tərəfindən görülmüş tədbirlər nəticəsində müraciətlərin bir hissəsi öz müsbət həllini tapmış, Agentliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq tədbir görülməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarına göndərilib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi