Modern.az

Azərbaycan şahinləri Qarabağda: Şəhid Urfan Vəlizadə  

Azərbaycan şahinləri Qarabağda: Şəhid Urfan Vəlizadə   

20 Noyabr 2017, 13:25

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan şahinləri Qarabağda: Urfan Vəlizadə” layihəsinin yekunları ilə bağlı tədbir keçirib.

 

Noyabrın 18-də Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində keçirilən tədbirdə məktəbin Tərbiyə işləri üzrə direktor müavini Camal Bərxudarov layihəsi çərçivəsində keçirilən tədbirləri yüksək dəyərləndirib.

 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov aprel döyüşlərində  qəhrəmancasına həlak olmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Urfan Vəlizadənin həyat yolunun gənclər arasında təbliğ edilməsinin zəruri olduğunu vurğulayıb. Tədbirdə şagirdlərin layihə ilə bağlı fikirləri dinlənib, layihənin yekunları ilə bağlı sualları cavablandırılıb.

 

Qeyd edək ki, Urfan Vəlizadə 1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Türkiyə Hərbi Hava Məktəbinə daxil olub. Türkiyə Hərbi Hava Məktəbində 5 illik təhsili başa vurduqdan sonra 2001-ci ildə Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2006-cı il iyunun 26-da Könül xanım ilə ailə həyatı qurub. 2008-ci il martın 23-də Zəhra, 2015-ci il martın 14-də Betül adlı qız övladları dünyaya göz açıb.

 

2016-cı il aprel döyüşlərində mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılov ilə Füzuli istiqamətində gedən döyüşlər zamanı işğalçı Ermənistan ordusunun bölmələrinin hücumunun qarşısının alınmasında böyük qəhrəmanlıq, şücaət göstərib. Qəhrəman pilotlarımızın birgə idarə etdiyi “Mi-24” helikopteri  Azərbaycan ordusunun mövqelərinə hücum çəkən düşmən qüvvələrinə böyük zərbə vurub, düşmən qüvvələrini cəbhənin dərinliklərində məhv edib. Onların bu qəhrəmanlığı düşmənin hücumunun dəf olunmasında həlledici rol oynayıb. Ancaq bu qorxmaz Vətən övladlarının olduğu helikopter döyüş tapşırığını uğurla yerinə yetirib qayıdan zaman artıq Azərbaycan ordusunun mövqelərinə güclü hücum həyata keçirmək imkanlarını itirmiş düşmənin əsas hədəfi olub.

 

Helikopter cəbhədə neytral əraziyə düşüb, Urfan Vəlizadə  və silahdaşları şəhid olub. Onların nəşi aprelin 10-da neytral ərazidən götürülüb. Aprelin 11-də Bakıda qəhrəman pilotlarla vida mərasimi keçirilib. Şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salınıb.

 

Urfan Vəlizadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub