Modern.az

20 noyabr – Qarakəndin qara qorxusu...

20 noyabr – Qarakəndin qara qorxusu...

Aktual

20 Noyabr 2017, 14:10

Əzizə İsmayılova


O vaxt məktəbli idim. Yadıma gəlir, ucqar bir rayonda bu xəbərdən hamımız necə sarsılmış və hətta qorxmuşduq. Bu siyahıda olanlardan o vaxt ancaq baş prokuror İsmət Qayıbovu, daxili işlər naziri Məhəmməd Əsədovu və  jurnalist  Osman Mirzəyevi tanıyırdım.


Televiziyada tez-tez gördüyüm üçün tanıyırdım, təbii ki...

 

Amma İsmət Qayıbovu hamı tanıyırdı və həm də sevirdik. Onun televiziyadakı çıxışları hələ də yadımdadır. Ailəlikcə həvəslə izləyirdik onun televiziyadakı çıxışlarını. Həm də sevirdik onu. Ekrandan sevdirmişdi özünü.

 

Yadıma gəlir, bir dəfə hansısa rayonun sakinləri ilə görüşünü vermişdilər, o qədər səmimi, o qədər içdən danışırdı ki, heç bir vəzifəli şəxsin söhbətinə oxşamırdı danışığı. Əlbət ki, o dövrdə uşaqdım, nə danışdığının, yəni mətnin fərqində deyildim bəlkə də amma bir şeyin fərqində idim – bizdən biri kimi danışırdı-sanki Respublikanın baş prokuroru deyildi.

 

“Qarakənd səmasında vertolyot qəzası baş verib və vertolyotda olan 22 nəfər həlak olub. Onların arasında İsmət Qayıbov da var”-kimi xatırlayıram efirdən bizə çatdırılan bu məlumatı.

 

Biz xəbərlərə axşam baxsaq da, “Hadisə, günorta saatlarında Qarakənd səmasında baş verib”-demişdi diktor.

 

O vaxt hələ 20 Yanvar dəhşətini həzm edib qurtara bilməmişdik.  Belə hadisələr bizə qorxulu film kimi görünsə də, dərk etməkdə çox çətinlik çəkirdik. Böyüklər dayanmadan nəsə danışır, müzakirə edirdilər-öz bildikləri qədərindən. Bizim isə məktəbli kimi ağlımız kəsən tək bir şey vardı onda – İsmət Qayıbov artıq yoxdur. Rayonumuzda heç kim onun öldüyünə inanmaq istəmirdi...

 

Yadımdadır, qəzada həyatını itirənlərdən ən çox onun adı hallanırdı. Hətta zənnimdə yanılmıramsa, TV-də də ən çox ondan danışırdılar, o yanmış cəsədlərin içində onun cəsədini daha çox göstərmişdilər.

 

Alı Mustafayevi o hadisədən sonra tanıdım. Hətta şeirlərini də əzbərləmişdim.

Hardasa oxumuşdum ki, Alı, bu vertolyotla getməzdən əvvəl “Şəhidlər Xiyabanı”na xitabən "Dəli bir ağlamaq keçir könlümdən" şeirini yazmışdı.

Taleyin oyunumu yoxsa ironiyasımı, bilmirəm- sonra Alı özü də o Xiyabanda uyumalı oldu. O adda kiçik bir şeirlər kitabı da çıxmışdı, amma yadımda deyil, ölümündən əvvəl çıxmışdı, yoxsa sonra. O kitabı məhz “Şəhidlər Xiyabanında” onların anım günlərinin birində almışdım. Neçə il sonra aldığımı isə xatırlamıram.

 

Bir də onlara qoyulan məzar daşlarını göstərdiklərini xatırlayıram. Qızılı rəngdə büstlər idi, yenə də ön planda İsmət Qayıbov. Ola bilər yanılıram, bəlkə də biz onu ön planda görmək istəmişdik deyə hər yerdə gözümüzə elə görünürdü.

 

Düz 26 il keçdi o qorxunc gündən. Yaddaşımızda o gün bu səda ilə qaldı: “1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotu ermənilər tərəfindən vurulub. Nəticədə içində dövlət və hökümət nümayəndələrinin də olduğu 22 nəfər həlak oldu”.

 

Yadıma gəlir, hadisə yerindən görüntüləri də göstərmişdilər. Onların yanmış meyitlərini ekranda görüb sözün əsl mənasında dəhşətə gəlmişdik.

O vaxt ölüm-itim xəbərlərinin ekranda bakirə vaxtları idi. Yəni, bugünkü kimi ayaq açmamışdı, hər gün, hər saat, hər dəqiqə belə qorxunc şeylər göstərib qorxunu adiləşdirməmişdilər. O vaxtlar qorxunun da çəkisi, sanbalı vardı.

 

 Məsələn, ilk dəfə ekranda qanı 20 Yanvarda gördüyümü xatırlayıram. İlk dəfə məhz “20 Yanvar” xəbərlərindən ipsinmişdik, qorxmuşduq, qədərsiz və izahsız həyəcanlanmışdıq mavi ekran qarşısında. Bu, ikinci hadisə idi.

 

 Hamı sözün əsl mənasında nəyin nə olduğunu unutmuşdu elə bil-qapqara kömürə dönən insan meyitlərinə baxan hər kəsin gözündə lal bir sükut çığırtısı vardı – “nə baş verir, görəsən?”, “müharibə olacaq?”...

 

Böyüklü-kiçikli çox qorxmuşduq, çox...

 

Sonra nə qədər vaxt kişilər "qara qutu", "qara qutu" deyib danışırdılar.

Yadıma gəlir ki, böyüklər adətən bir səhər o başdan heyvanı naxıra yola salanda, bir də axşam onu qarşılayanda hamısı bir yerə toplaşardı, biz də onların həndəvərində fırlanardıq.

O vaxt özlərinə xas olmayan bir mövzunu müzakirə etmək onlar üçün də ögey gəlirdi. Vertolyotun “qara qutu”sunun tapılıb tapılmayacağını müzakirə etməyə çalışırdılar. Əsgərlikdə gördüklərinə əsasən məntiqi bir sonluq axtarırdılar bu hadisədə.  Səhər-axşam o qədər cavabsız suallar verirdilər ki, bir-birlərinə biz belə əzbərləmişdik o sualları... cavab tapa bilmirdilər ki.

 

Ən çox bu sualı xatırlayıram: “bu qədər böyük vəzifə adamı niyə hamısı birdən vertolyota minib? Bəs onları “oxranyat” edən vertolyot niyə olmayıb?” və hərənin özünə görə bir cavabı... hər gün, hər gün eyni ssenari, eyni söhbət, eyni sual, eyni cavab. Bitmirdi heç.

 

Bir sözlə, “qara qutu”nun tapılması ilə hər şeyin aydın olacağına inandırmışdılar özlərini – elə biz də inanmışdıq.

 

Müharibədən uzaqda, müharibə havasından qorxurduq. Bizə xas deyildi bu söhbətlər-nizamımız pozulmuşdu elə bil. Sanki artıq heç nəyin əvvəlki kimi olmayacağının vahiməsi içindəydik.

 

“20 Yanvar”dan sonra onsuz da hamımız bir gecədə böyümüşdük. Ancaq böyüklərin söhbətlərini dinləyirdik, hamımız da nəyəsə inanırdıq.  İçimizdə isə inanmayacağımız nəsə bir hiss vardı, izah edə bilmirəm o nə hissdi, bircə bilirəm ki, böyük bir inamsızlıq idi... bəlkə də qorxu idi, bu formada hiss edirdik.

 

O vaxt məktəbimizdə  “20 Yanvar şəhidləri” guşəsinin yanında bir də “20 Noyabr”  guşəsi yer aldı – vertolyot qəzasında həlak olanların adları və  şəkillərindən ibarət bir guşə. Kim idi onlar?

 

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri
Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru
Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-inin müavini
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
Alı Mustafa oğlu Mustafayev – telejurnalist
Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

 

O vaxt rayonumuzda hətta müəllimlər də ancaq bu mövzuda danışırdılar. Hər kəsi yalnız bircə şey düşündürürdü - bu qədər vəzifəli adam niyə birdən hamısı bir vertolyota minib Qarakəndə getməli olublar və necə olub ki, onları kimsə müşayiət etməyib?

Təbii ki, heç kim bu suala cavab tapa bilmədi və yəqin ki, bir də heç vaxt tapa bilməyəcək...

 

Üstündən 26 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib.

 

Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaqın aparılması Respublika Prokurorluğuna verilib.

Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasıdır.

Hamısını sayğı ilə anır və ruhları qarşısında baş əyirəm!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir