Modern.az

Məmmədyarov - Lavrov görüşünün DETALLARI  

Məmmədyarov - Lavrov görüşünün DETALLARI   

Aktual

20 Noyabr 2017, 14:30

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşdü.


Modern.az-ın məlumatına görə, görüşdə 2017-ci ildə Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu bildirildi və iki dövlət arasında mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olundu. İkitərəfli əlaqələrin inkişafında 3 iyul 2008-ci il tarixli "Dostluq və stratejiəməkdaşlıq haqqında Bakı Bəyannaməsi" nin siyasi əhəmiyyəti qeyd edildi.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında olan səmimi dostluğun və dialoqun ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi vurğulandı.


Nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına nəzər saldılar və perspektiv inkişaf istiqamətlərini müzakirə etdilər.


Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etdilər və danışıqlarda canlanma və intensivliyin yaranmasını təqdir etdilər.


Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında mövcud olan uğurlu əməkdaşlığı qeyd etdilər.


Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində Hökumətlərarası birgə komissiyanın , XİN-lər arası siyasi məshələtləşmə mexanizminin əhəmiyyəti vurğulandı.


Görüşdə həmçinin, 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında imzalanmış əməkdaşlıq haqqında Sazişin müddəaları əsasında, birbaşa parlamentlərarası əlaqələrin və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın davamlı xarakter daşımasından məmnunluq bildirildi.


İki ölkə arasında ticarət dövriyyəsinin həcminin və ticarət əlaqələrinin genişlənməsində 2011-ci ildən keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumunun önəmli rolu qeyd olundu. İki ölkənin birgə səyləri nəticəsində iqtisadi-ticarət əlaqələrinin inkişafı və ticarət dövriyyəsinin, qarşılıqlı turist axınının artması xüsusi olaraq qeyd olundu.


Azərbaycan-Rusiya-İran formatında üçtərəfli əsasda əməkdaşlığın inkişaf etməsi və Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində olan birgə tədbirlər yüksək qiymətləndirildi.


Humanitar sahədə ikitərəfli əməkdaşlıq proqramları əsasında mədəniyyət və ictimaiyyət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın gələcəkdə genişləndirilməsi və təkmilləşdirilməsi yönündə müzakirələr aparıldı və iki ölkənin himayəsi ilə keçirilən Bakı Humanitar Forumunun vacibliyi qeyd olundu.


Görüşdə həmçinin Xəzər dənizinin hüquqi statusu, müqavilə -hüquq bazasının geniıləndirilməsi, eyni zamanda regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir