Modern.az

2003-cü il məhbuslarından kimlər bəraət alıb...

“2003-cü il məhbusları”ndan kimlər bəraət alıb...

Ölkə

21 Noyabr 2017, 09:15

2003-cü ildə prezident seçkilərindən sonra müxalif düşərgənin iştirakı ilə meydanlarda etiraz aksiyaları keçirildi. Bundan sonra aksiya iştirakçılarından bir qismi həbs edildi. Bu gün müxalifət cəbhəsində tanıdığımız siyasətçilərin bir çoxu  o zaman həbs edilərək, məhkumluq həyatı yaşadı. 2003-cü il oktyabr hadisələrindən 14 ildən çox yaxın vaxt  keçməsinə baxmayaraq, hələ də azadlığa buraxılanların bəraət alması məsələsi aktualdır.

Maraqlıdır, 2003-cü ildə həbs edilib sonradan azadlığa çıxan siyasətçilər  bəraət ala bilibmi?

 

Modern.az saytı bu sualla həmin zaman həbs edilən bir neçə tanınmış siyasətçilərə müraciət edib.

 

Müsavat Partiyasının başqanı Arif  Hacılı:

 

“Bu iş Avropa İnsan Haqları Məhkəməsinə qədər gedib çıxdı.  Avropa Məhkəməsi bununla bağlı aparılan istintaqın qərəzli olması və bizim siyasi motivlərlə həbs olunmağımız barədə qərar qəbul etdi. Eyni zamanda Azərbaycan  hakimiyyətindən məhkəmə prosesinin yenidən aparılması tələb olundu. Hətta bu proses  Azərbaycanda bərpa olunmuşdu, lakin sonrada hakimiyyət prosesi davam etdirməkdən imtina etdi.

Əsas məsələ odur ki, Avropa İnsanlaq Haqları Məhkəməsi bununla bağlı bizim iddiamızı təmin etdi. O cümlədən Azərbaycan hakimiyyəti cərimə olundu”.

Azərbaycan Xalq Partiyasının sədri  Pənah Hüseyn:

 

“2003-cü il prezident seçkilərindən sonra  250 nəfərdən yuxarı adam haqqında məhkəmə hökmü çıxarılmışdı.

O cümlədən mənim barəmdə də  4 il yarım həbs hökmü var idi. Bu səbəbdən Avropa  İnsan Haqları Məhkəməsinə müraciət etdik. Məhkəmənin qərarından sonra  Ali Məhkəmə məsələ ilə əlaqəli bütün qərarları, həmçinin öz qərarlarını da ləğv etdi.  Baxmayaraq ki, bir-iki  ilə yaxın həbsdə olduq, amma hazırda həmin hökm artıq qüvvədə deyil.

Qərarlar ləğv olub və yenidən  bunun ilkin istintaqa qaytarılması haqqında məhkəmənin plenumu var idi. 2 il keçsə də, həmin qərar icrasız qalıb. Bu baxımdan bu bəraət qərarı kimi deyil, ümumiyyətlə həmin hökmün özü ləğv olunub. Ümumi vəziyyət bu şəkildədir”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

 

“2005-ci il parlament seçkilərində Azərbaycan məhkəmələri bizim üzərimizdən məhkumluğu götürdü. Eləcə də 2009-cu ildə Avropa İnsan Haqları Məhkəməsi qeyri-qanuni həbs olunmağımızla bağlı  qərar qəbul etdi və həmin qərarın icra edilməsini Azərbaycana göndərdi. Azərbaycan Ağır Cinayətlər Məhkəməsində  Avropa Məhkəməsinin qərarını icraya yönəltməklə bağlı  məhkəmə başladı. Sonradan hökumətin təyin etdiyi vəkillər məhkəmə prosesinə gəlmədiyi üçün  iki ildir ki, məhkəmə prosesi davam etdirilmir.

 

Avropa Məhkəməsi Azərbaycanın bütün məhkəmələrinin qərarlarının qeyri-qanuni olması ilə bağlı hökm çıxarıb və Azərbaycan hökuməti bunu qəbul edib. Yəni artıq prosesin sonunda bizi qeyri-qanuni həbs edən adamların məsuliyyətə cəlb edilməsinə baxılmalıdır. Yanlız bununla bağlı məhkəmə baş tutmur. Yoxsa biz artıq Avropa Məhkəməsinin qərarına görə tam bəraət almışıq”.

 

Ümid Partiyasının sədri  İqbal Ağazadə

 

“2003-cü il prezindent seçkilərindəki həbsdən sonra iki dəfə millət vəkili olmuşam. Demək ki, məhkumluğum götürülüb. Əks təqdirdə, millət vəkili olmazdım. Söhbət bəraətdən getmir, amma məhkumluq məsələsi qeyd etdiyim  kimidir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu