Modern.az

Məhəmməd peyğəmbərin təsviri niyə yoxdur? - Dinşünasların fikirləri HAÇALANDI

Məhəmməd peyğəmbərin təsviri niyə yoxdur? - Dinşünasların fikirləri HAÇALANDI

21 Noyabr 2017, 10:04

Yəqin ki hamımız müqəddəs peyğəmbərlərin, imamların təsvirlərini görmüşük. Demək olar şiələrin bütün imamları şəkillərdə təsvir olunub, İsa peyğəmbərin, Musa peyğəmbərin təsviri ilə də rastlaşmışıq.

 

Lakin islam peyğəmbəri Həzrət Məhəmmədin heç bir yerdə təsviri verilməyib.

 

Bəs bunun səbəbləri nədir?   

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, Məhəmməd peyğəmbərin şəkli heç vaxt çəkilməyib və təsvir də edilməyib:

 

“Nəinki peyğəmbərimizin, heç imamların belə, şəkilləri əslində çəkilməyib, insanlar haqqında eşitdikləri şəxsləri sadəcə təsvir ediblər. Belə demək mümkünsə, bu əslində bütləşdirmənin bir formasıdır”.

 

"İmamların da şəklini çəkmək, Quranı pulla satmaq olmaz"

 

Kinorejissor Əbdül Mahmudovun sözlərinə görə, Məhəmməd peyğəmbərin təsvirini yaratmaq küfrdür, günahdır:

 

“Əslində nəinki peyğəmbərin, imamın şəklini çəkmək də qadağandır. İslamiyyətin şərtlərindən biri də budur ki, şəkil çəkmək qadağandır. Ancaq zamanımızda demək olar ki, buna riayət olunmur. Bir az da dərinə getsək, əslində Qurani Kərimi pul ilə satmaq olmaz. İndi buna da rast gəlirik”.

 

Əbdül Mahmudov qeyd edib ki, bu gün Qurani Kərimin satılması hallarına tez-tez rast gəlirik ki, bu da günahdır.

 

“İlahi kəlamları satmaq olmaz. Eləcə də bunu imamların şəklini çəkənlərə aid etmək olar. Belə şəkillərin yalnız bir məqsədi var, o da gəlir qazanmaq.  

 

Peyğəmbərimizin hətta söylədiyi kəlamları belə keçmişdə sənətkarlar, nəqqaşlar yazardı. Amma indi savadlı, savadsız hamı özünü sənətkar kimi təqdim edib pul qazanmaq məqsədilə hətta peyğəmbər və imamların şəklini də çəkir”.

 

Əbdül Mahmudovun sözlərinə görə, xristian və iudaizm dinlərində peyğəmbərin şəklini təsvir etmək qadağan olunmayıb.

 

“Buna görə də Həzrət İsa və Həzrət Musanın həm şəkilləri təsvir olunur, həm də filmlərdə üzləri gizlədilməyərək verilir. Ancaq islam dini buna icazə vermir. Demək olar dünyanın heç bir yerində ərəblər qədər gözəl nəqqaşlar yox idi,ə gər bu haram olmasaydı elə peyğəmbərimizin şəklini o vaxt çəkərdilər”.

 

Dinşünas Nəriman Qasımoğlunun sözlərinə görə, Məhəmməd peyğəmbərin şəklinin olmamasının səbəblərindən biri dində şəkil çəkməyin haram sayılmasıdır.

 

“Amma əslində bunun heç bir əsası yoxdur. Peyğəmbərimizin şəklinin olmamasının səbəblərindən biri də adət-ənənə ilə bağlıdır. Müqəddəslərin şəklini çəkmək müsəlman aləmində düzgün hesab olunmur. Amma zamanla bu qaydalar belə desək müəyyən qədər aradan qalxıb”.

 

O bildirib ki, dində şəkil çəkmək günah deyil, qadağan da olunmayıb.

 

“Şəklin haram olduğuna dair  Qurani-Kərim”ə heç bir ayə yoxdur: Quranda  nə şəkilə, nə heykələ qadağa qoyulmayıb. Əksinə yararlı işlərə təşbihlər var.Sadəcə tarixən yanlış təsvir və hədislərin sayəsində dini saxtalaşdıran yozumların təsiri ilə belə əsası olmayan inanclar meydana çıxıb”.

 

Əbülfəz KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir