Modern.az

Jurnalistlərə məlumat sızdıran mənbələr...  - Onlar nə dərəcədə mötəbərdir?  

Jurnalistlərə məlumat sızdıran mənbələr...  - Onlar nə dərəcədə mötəbərdir?   

Media

21 Noyabr 2017, 11:21

Hazırda mətbuatda yalan, şayiə xarakterli informasiyaların yayılması adi hala çevrilib. Hər halda "adının çəkilməsini istəməyən şəxs", "mötəbər mənbə" kimi ifadələrlə qarşılaşmısınız. Xarici mediada da bu kimi ifadələrdən istifadə olunur. Amma əksər hallarda həmin mənbələrin reallığına  inam mövcuddur. Xaricdə jurnalistlərin istifadə etdiyi mənbələrin mötəbərliyi, onlardan istifadə etmək bacarığı tam formalaşıb.

Maraqlıdır, Azərbaycanda jurnalistlərə informasiya verən  mənbələr varmı?  Həmin mənbələr nə dərəcədə mötəbərdir?

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu Modern.az-a bildirib ki, hər şeydən  öncə, jurnalistlərin mənbələrlə işləmə bacarığını vurğulamaq lazımdır:

“Bilirsiniz, hazırda Azərbaycan mətbuatı kamillik mərhələsini yaşayır. Azərbaycan Respublikasının istər Konstitusiyasında, istər digər hüquqi  normativ aktlarında mətbuatda söz azadlığını təmin edən hüquqi əsaslar mövcuddur. Eyni zamanda, ölkədə hazırda ictimai-siyasi münasibətlərin keyfiyyəti elədir ki, istənilən dövlət qurumu və ya qeyri qurumlar, yaxud Azərbaycan cəmiyyətinin bütün institutları, mətbuat üçün əlçatandır. Buna görə də düşünürəm ki, bəlkə bəzən bir qədər gec, amma əksərən lazimi zamanda Azərbaycan jurnalistləri informasiya əldə edə bilirlər. Lakin informasiya istehsal edən mənbələrlə jurnalistlərin əlaqə yaratmaq təcrübəsi, peşəkarlığı hansı səviyyədədir? Fikrimcə, müəyyən məhdudluqlar varsa da, əsasən bundan qaynaqlanır”.

H.Babaoğlu qeyd edib ki, jurnalist nəyi, necə almağı bacarmalıdır:

“Bilirsiniz, informasiya əldə etmək təkcə jurnalistlərin peşəsi deyil. Çoxsaylı müxtəlif institutlar da informasiyalar əldə edirlər. İnformasiyaya çatmaq özü mürəkkəb, eyni zamanda profesionallıq tələb edən prosesdir. İstənilən halda informasiya əldə etmək istəyənin informasiya verənlə ünsiyyətində psixoloji toqquşma baş verir. Buna görə də jurnalistin psixoloji enerjisi informasiya mənbəyi kimi çıxış edən qrupun, şəxsin, hansısa strukturun rəhbəri ilə psixoloji enerjisindən üstün olmalıdır ki, informasiyanı əldə edə bilsin. Yoxsa siz lazimi məlumatı əldə edə bilməyəcəksiniz.  İkinci məsələ, jurnalist  informasiya əldə etmək istədiyi sahənin incəliklərini bilməli və peşəkar olmalıdır. Nəyi, necə almağı bacarmalıdır”.

Müsahibimizin sözlərinə görə, ən mötəbər mənbə elə informasiyaya məsul olan rəsmi qurumlardır:

“Bundan, başqa əlimizdə olan mənbələrin mötəbərliyinə həmişə şübhə ilə baxıram. Çünki informasiya ilə manipulyasiya etmək bacarığı əksər hallarda məhz o mənbələrdə olur. Rəsmi qurum istəsə də, informasiya ilə manipulyasiya edə bilməz. Çünki onun rəsmi hüquqi statusu var və verdiyi informasiyaya görə məsuliyyət daşıyır. Ona görə də fikirləşirəm ki, dırnaqarası mötəbər mənbələrə həmişə diqqətlə yanaşmaq  lazımdır. Bütün hallarda informasiya əldə etməyin müxtəlif metodları var.  Bu baxımdan jurnalist mütləq öz üzərində işləməlidir”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev  düşünür ki, Azərbaycanda jurnalistlərə informasiya verən kifayət qədər mənbə var:

“Bəzən saytlarımız əsasən qeyri-rəsmi mənbələrin üzərində dayanır. Bunun iki səbəbi var. Birincisi, ümumiyyətlə rəsmi mənbələrdən informasiya almaq çətindir. Xüsusən bu, bir qədər qıcıqlandırıcı informasiyalara aiddir.  İkinci səbəb isə bizdə  kütləvi informasiya vasitələrinin bir çoxunun arxasında fərdi şəxslər dayanır. Hakimiyyət , biznes dairələrinə aid olan şəxslər informasiya verir və təbii ki, onların öz maraqları var. Bu iki səbəbdən bizim bir  çox kütləvi informasiya vasitələrinin öz  mənbələri kifayət qədər genişdir. Lakin nə dərəcədə mötəbərdir? Sizə deyim ki, o informasiyaların böyük  əksəriyyətinin özəyi həqiqətdir. Amma təbii ki, ifadə tərzi bir qədər qərəzlidir. Yəni bəzən bir saytdan hansısa maliyyə məsələləri yaxud hansısa məmur davranışı, mülkü ilə bağlı məlumatlar  oxuyuruq. Bu məlumatlar özəyində əsasən doğrudur.  Amma dediyim kimi,  ifadə formasında müəyyən qərəzlilik,  həmçinin şişirdilmələr mövcuddur”.

A.Əliyev bildirib ki, jurnalistlərin mənbələrlə işləmək bacarığı çox zəifdir və cilalanmağa böyük ehtiyacı var:

“Bilirsiniz, informasiya mənbəyi ilə iş, jurnalistikanın ən mühüm məsələlərindən və problemlərindən biridir. Bu, təhsildən çox praktikadan asılıdır. Bizdə isə bu sahədə praktika demək olar ki, ölü olduğu üçün əlbəttə, jurnalistlərin mənbələrlə işləmək bacarığı , mədəniyyəti, etikası, çox zəifdir və cilalanmağa böyük ehtiyacı var. Mənbələr silah kimidir, işlənmədikcə,  paslanır. Buna görə də bizim bir qrup saytlarımız, informasiya qurumlarımız yalnız rəsmi mənbələrin üzərində donuq şəklində qalıblar. Hansısa şəxslərin efirə çıxması da razılıqladır. Axı şəxs özü də informasiya mənbəyidir. Digər qrup isə hardansa ötürülən informasiyaların ehtiyacına qalıb. Üçüncü çox pis cəhət isə bir-birindən köçürtmədir. Bir saytda çıxan xəbər eyni formada, heç dəyişilmədən 99 saytda  yayımlanır. Bu isə o deməkdir ki, o informasiyanı hazırlayan jurnalist əslində, nəinki, mənbənin üzünü görməyib, heç yanından da keçməyib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!