Modern.az

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…

21 Noyabr 2017, 17:07

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
 

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirəcək.

Bu dəfə Cümhuriyyət hökumətinin mədəni siyasəti və mədəniyyət sahəsində görüləcək işlərdən qısaca da olsa, danışacağıq:

Cümhuriyyətdən az əvvəl - 1918 ilin mart soyqırımı zamanı Bakıda olan teatr və aktyor truppaları pərakəndə hala düşərək, fəaliyyətlərini dayandırdılar. Yalnız Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Bakıda teatr truppalarının yenidən təşkil olunmasına şərait yarandı. Cümhuriyyət dövründə Bakıda fəaliyyətini bərpa edən ilk truppa "Hacıbəyli qardaşları" oldu. Truppa tanınmış sənətkarlardan Hacağa Abbasov, Mirzağa Əliyev, Əhməd Ağdamski, Cəlil Bağdadbəyov, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Muxtar Məhəmmədzadə, Rza Darablı, Sidqi Ruhulla, Ələkbər Hüseynzadə, Məmmədtağı Bağırzadə, Bağır Kazımovski, Məğfurə xanım, Yeva (Yevgeniya) Olenskaya, Semnur xanım, Mina xanım və başqalarını bir yerə toplayaraq, həftədə üç gün növbə ilə dram, komediya, opera və operetta tamaşaları göstərir, repertuarını zənginləşdirmək qayğısına qalırdı. "Hacıbəyli qardaşları"nın teatr truppasında Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", "Pəri-cadu", "Ağa Məhəmməd şah Qacar", Şəmsəddin Saminin " Gaveyi-ahəngər", Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar", Mehdi bəy Hacınskinin "Sultan Əbdülhəmidin " xəl" i və yaxud zülm və istibdadın axırı", Cəfər Cabbarlının "Ənvər bəyin Ədirnə fəthi", İsa bəy Aşurbəylinin "Azərbaycan" kimi dram əsərləri, Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan", "O olmasın, bu olsun" ("Məşədi İbad"), "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", Zülfüqar Hacıbəylinin "Aşıq Qərib", "Evliykən subay", Müslüm Maqomayevin "Şah İs mayıl" kimi operaları və operettaları dəfələrlə göstərilib.
Cümhuriyyət dövründə Azərbaycanın digər şəhər və qəzalarında da teatr truppaları təşkil olundu. Şuşada “Hacıbəyli qardaşları”nın teatr müdiriyyətinin filialı yaradıldı. Bu dövrdə tamaşaların göstərilməsi üçün daimi teatr binasının olmaması (musiqili tamaşalar şəxsi teatrların səhnəsində göstərilirdi), mürtəcə qüvvələrin Azərbaycan teatrının tərəqqisinə əngəl törətməsi və s. çətinliklərə baxmayaraq, bu iş həyata keçirildi.

Cümhuriyyət Hökumətinin teatrın inkişaf etdirilməsində məqsədyönlü işlərindən biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu. Azərbaycan professional teatrının tarixi 1873-cü ildən başlansa da, yalnız Azərbaycan Cümhuriyyəti dövründə Dövlət Teatrı statusu aldı. Cümhuriyyət Hökumətinin 1918-ci il 9 oktyabr tarixli qərarına əsasən,  teatr işi Maarif Nazirliyinin sərəncamına verildi. Oktyabrın 18-də isə Hökumət Dövlət Teatrının təşkili haqqında xalq maarifi nazirinin məruzəsini dinləyərək, Mayılov qardaşları teatrının binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) həmin teatr üçün almaq barədə qərar qəbul etdi. Qərarda Bakıda dövlət teatrının yaradılmasının vacibliyi və bunun üçün Mayılov qardaşları teatrı binasının daha münasib olduğu nəzərə alınaraq, xalq maarifi nazirinə teatrın binasını məcburi surətdə, lakin ədalətli qiymətlə nazirliyin sərəncamına almaq və bundan sonra onu dövlət teatrı adlandırmaq tapşırılırdı. Azərbaycan səhnə sənətinin xadimləri yeni yaradılmış teatrın tərkibinə daxil oldular.

Cümhuriyyət dövründə musiqinin inkişafı üçün də addımlar atıldı. Milli musiqi janrlarının yaranması yolunda  Üzeyir bəy Hacıbəyli ilə çiyin-çiyinə çalışan böyük sənətkarlardan biri də Müslüm Maqomayev oldu. Teatr fəaliyyətinə orkestrin skripkaçısı kimi başlayan Müslüm Maqomayev tezliklə orkestrin dirijoru olmuş və Azərbaycan opera sənətinin daha bir klassik əsərini - "Şah İsmayıl" operasını yaratmışdı. 1916-cı ildə yazılmış bu opera məhz 1919-cu ildə, Azərbaycan Cümhuriyyəti dövründə səhnəyə qoyuldu və böyük uğur qazandı.


Azərbaycanın musiqi-konsert həyatı da getdikcə canlanırdı. Bir çox görkəmli musiqiçilər Bakıya qastrol səfərlərinə gəlir, xarici və yerli aktyorların qüvvəsilə rus və italyan bəstəkarlarının operaları tamaşaya qoyulur, simfonik konsertlər verilirdi. Xalqın maariflənməsində, milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli mədəniyyətin inkişafında bütün bunların böyük əhəmiyyəti var idi.

 

Bu dövrdə Azərbaycanın musiqi həyatında "Beynəlmiləl", "Marselyoza" kimi inqilabi mahnıların, Koroğlu, Qaçaq Nəbi, Səttarxan haqqında tarixi mahnıların xalq arasında yayılması təsadüfi deyildi. Dövrün ümumi əhvali-ruhiyyəsi, xalqın inqilabi fəallığı, demokratik meyllər belə mahnıların özünəməxsus melodiyalarında öz ifadəsini tapırdı. Üzeyir bəy Hacıbəyli "Azərbaycan marşı"nı (sözləri Əhməd Cavadındır) məhz həmin mahnıların təsiri altında yazmışdı. Bu əsərdə bəstəkar Cümhuriyyət dövründə xalqının qəlbində baş qaldıran vətənpərvərlik hisslərini, mütərəqqi ideyaları, milli qüruru ifadə etmişdi. Üzeyir Hacıbəyli tərəfindən yazılmış "Azərbaycan marşı" 1992-ci il 27 may tarixli fərmanla Azərbaycan Respublikasının Dövlət himni kimi qəbul olundu, 1993 il martın 2-də isə onun Əsasnaməsi təsdiq edildi.


Bu faktların sayını artıra bilərik. O zaman belə bir sual ortaya çıxır: Bütün bu işlər görüldüyü halda  nə üçün Azərbaycan Cümhuriyyətində bu xəttə nəzarət edən bir qurum -  Mədəniyyət Nazirliyi, yaxud, bununla bağlı rəsmi ya qeyri-rəsmi bir orqan olmayıb?!

23 ay ərzində dəyişən beş hökumət kabinəsinin heç birində biz nə birbaşa Mədəniyyət Nazirliyi, nə də onun bağlı olduğu, birləşdiyi hansısa dövlət orqanının adını görə bilirik.

İncəsənət və Ədəbiyyat Arxivinin direktor müavini, araşdırmaçı Aslan Kənan Modern.az-a açıqlamasında bunun səbəbləri barəsində qısaca məlumat verib. Araşdırmaçının fikrincə, Cümhuriyyət hökuməti dini etiqadı güclü olan böyük kütlə ilə aralarında narazılıq yaratmamaq üçün mədəniyyətlə bağlı tədbirlərə, rəsmi qərarlara çox getməyib. Amma təkcə bu səbəb deyil:

 

“Cümhuriyyət dövründə sırf mədəniyyətə bağlı nazirlik, dövlət qurumu olmayıb. Bununla bağlı Cümhuriyyətə aid bir çox arxiv sənədlərinə baxmışam, elə bir şey yoxdu. Mənə elə gəlir, bunun bir neçə səbəbi var: birincisi, dövlət qurulan ərəfədə, vəziyyət çox ağır idi. İstər siyasi, istərsə də sosial-iqtisadi baxımdan çox çətin bir dövr yaşanırdı. Bir neçə ay əvvəl qurulan gənc dövlətlə bir neçə ölkə torpaq davası edirdi. Hər an hərbi təhlükə gözlənilə bilərdi.

İkinci səbəb isə, dövrün təfəkkür tərzi, insanların yanaşması fərqli idi. Bu, öz sözünü bəlkə də ən çox elə mədəniyyət sahəsində göstərdi. Qızları teatra buraxmırdılar. Kişilər qadın paltarı geyinib qadın rollarını oynayırdılar. Qoçular, din adamları - özünü söz sahibi sanan şəxslər mədəniyyət xadimlərinə  hədə-qorxu gəlirdilər. Ona görə də, mədəniyyət sahəsində çox diqqət ayırmaq, elə onların timsalında düşmən qazanmağa bərabər idi.

Üçüncü səbəb isə, kadr çatışmazlığı ilə bağlıdır. O zaman mədəniyyətlə bağlı dövlət qurumunu idarə edəcək və onu nazirlik səviyyəsində formalaşdıracaq kadrların sayı az idi.

Əsas səbəb isə deyərdim ki, xurafat olub. Yeni müstəqil olmuşduq,  təhsil almaq üçün imkanlarımız yeni-yeni yaranırdı. Bu səbəbdən də xurafatla mübarizədə hələlik geri qalırdıq. Din xadimlərin nüfuzu üstün idi. Elə Cümhuriyyət hökumətinin özündə də din amilinə böyük qiymət verilirdi. Rəsulzadənin özü axund övladı olub. Cümhuriyyət hökuməti və parlament səviyyəsində  dinə etiqad çox güclüydü. Parlament məsələ qaldırmışdı ki, məscidlərdə heç bir tədbirlər, müəyyən məsələlərlə bağlı çıxışlar edilməsin. Bu qərarı ona görə verirdilər ki, məsciddə ediləcək başqa müzakirələr dinin nüfuzunu aşağı salmasın.

Həm də dini etiqadı güclü olan böyük kütləyə qarşı gəlib mədəni tədbirlər görmək, hökumətin ziyanına işləyərdi”.

 

E. Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir