Modern.az

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte

21 Noyabr 2017, 21:29

“Çox diqqətli olmalıyıq. “Qarabağ” “Atletiko” kimi güclü rəqiblə heç-heçə edib. Həmçinin, evdə “Roma”ya qarşı yaxşı təsir bağışladılar. Qalib gəlsək, bu, bizə 1/8 finala vəsiqə qazandıracaq”.

Modern.az "Report"a istinadən xəbər verir ki, bunu İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Antonio Konte noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

 

İtaliyalı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

 

- “Qarabağ” haqda nə deyə bilərsiniz?

- Rəqibimiz çox yaxşı komandadır. Futbol oynamağı bilirlər. “Qarabağ” qrupda ilk matçını bizə qarşı keçirdiyi üçün bəxtimiz gətirdi.

 

- “Çelsi” nə zaman uduzsa, o vaxt saqqalınızı qırxacağınızı demisiniz? “Qarabağ”a yenilsəniz, saqqalınızı Bakıda kəsəcəksiniz?

- Önəmli olan saqqal saxlamaq deyil. Ondan vacib məsələlər var. Lakin etiraf edim ki, saqqala qulluq etmək də çətin işdir.

 

- İtaliya yığmasının baş məşqçisi kimi Bakı Olimpiya Stadionunda baş tutan açılış matçında qələbə qazanmısınız. Bu arena yenə sizin üçün düşərli olacağına inanırsınız?

- Eyni nəticəni əldə etmək istəyərəm. Həmin qalibiyyət İtaliyaya Avropa çempionatına vəsiqə qazandırdı. O qarşılaşmada çətinlik çəkdik. Azərbaycanda futbolun səviyyəsi artmaqdadır. Sabah da çox diqqətli olmalıyıq.

 

- “Qarabağ” və “Liverpul”la qarşı iki önəmli matçınız var. Bu görüşlərdə səhv etmək haqqınız yoxdur?

- “Mançester Siti” ilə oyundan əvvəl “Atletiko” ilə qarşılaşmışdıq. Yenə eyni problem təkrarlanacaq. “Qarabağ”la sabahkı matçdan sonra uzun yol qət edib Londona qayıdacağıq. Bərpa prosesi çətin olacaq. Təqvimi tərtib edənlər diqqətli olmalıdırlar. Bu, bəhanə yox, reallıqdır.

 

- Premyer Liqada “Liverpul” ilə həftəsonu baş tutacaq oyunu nəzərə alıb “Qarabağ”a qarşı görüşdə heyətdə dəyişikliklərə əl atacaqsınız?

- Əlbəttə, rotasiyalar olması normaldır. Futbolçularımızın hamısına inanıram. Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir. Çünki qələbə sayəsində 1/8 finala vəsiqə qazanacağıq.

 

- İlk matçdakı 6:0 hesablı qələbədən sonra futbolçuları sabahkı matça kökləmək çətin deyil ki?

- “Qarabağ” hörmət etməli olduğumuz bir rəqibdir. “Atletiko” kimi komanda ilə iki görüşdə heç-heçə edib. Oyuna tam köklənmişik.

 

- Təqvimlə bağlı Premyer Liqa rəhbərliyinə şikayət etmisiniz?

- İradım tək bizim komandamız üçün deyil. Premyer Liqanı ÇL-də 4 komanda təmsil edir. Lakin uzun müddətdir ki, İngiltərə klubları çempion olmur. Bu məqamı nəzərə almaq lazımdır.

 

- “Mançester Yunayted”lə görüşdə sistemi dəyişdiniz, 3-5-2 taktikası ilə oynadınız və qələbə qazandınız. Bunu növbəti matçda da tətbiq edəcəksiniz, yoxsa taktika rəqibə görə dəyişir?

- Bəzi oyunlarda dəyişikliklər önəmlidir. Komanda ən azı 2 sistemlə oynamağı bacarmalıdır. Əsas odur ki, oyun prinsipi itməsin.

 

- Eden Azar son görüşdə kiçik zədə aldı. Sabah meydana çıxacaq?

- Azar oynamağa hazırdır. Mişi Batşuayi, Kenedi Musonda və Viktor Mozes zədəlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi