Modern.az

Qısa ömürdə böyük işlər görən azərbaycanlılar - MARAQLI

Qısa ömürdə böyük işlər görən azərbaycanlılar - MARAQLI

21 Noyabr 2017, 23:59

Modern.az qısa ömürlərinə rəğmən böyük işlər görən azərbaycanlı məşhurları təqdim edir:

 

Asəf Zeynallı - Adı Azərbaycan Dövlət Konservatoriyasına verilən bəstəkar Asəf Zeynallı bir növ,  musiqimizin  Mikayıl Müşfiqidir. Hər ikisi gənc yaşda dünyasını dəyişdi, hər ikisi özündən sonra xeyli dəyərli əsərlər qoyub getdi. Ən nəhayət, hər ikisi sağlığında acı taleyi yaşamalı oldu. Amma Asəf Zeynallı Müşfiqdən də az yaşadı. Üzləşdiyi xəstəlik onu cəmi 23 yaşında bu dünyadan apardı.  1932-ci il 27 oktyabr tarixində vəfat edən Asəf Zeynallı can verən zaman divarda barmaqları ilə “pianino çalırmış”.

 

Mikayıl Müşfiq - erkən vəfat edən şəxs, nakam taleli gənc dedikdə göz önünə ən birinci elə Mikayıl Müşfiq gəlir. 1908-ci ilin 5 iyununda dünyaya gələn şair 1938-ci ilin yanvarında güllələndi. Yer üzündə cəmi 29 il 7 ay ömür sürdü. Amma bu qısa zaman da Mikayıl Müşfiqin tarixdə qalmasına çox kömək etdi. Çağdaş Azərbaycan ədəbiyyatında həyat sevdası, yaşam ülviliyinin ən gözəl əksi onun adı ilə bağlıdır.

 

Səməd Behrəngi - O tay – bu taylı Azərbaycanın ən böyük yazıçılarından olan, dünya uşaq əsəbiyyatının nəhəngləri sırasında adı çəkilən Səməd Behrəngi də yer üzündə heç  28 il ömür sürməyib. O, 1967-ci ilin 31 avqustunda Arazda boğularaq öldürüldüyü zaman 27 yaşı bir  neçə ay idi ki, tamam olmuşdu. Hər zaman bu tay Azərbaycanına bağlı olub. Biz tərəfdəki əhalini seyr etmək, onların danışdığı doğma dili eşitmək üçün tez-tez Araz kənarına gələrmiş. Elə bu “səfərlərin” birində də boğularaq, qətlə yetirildi.

 

Əli Kərim – Göyçayda fəhlə ailəsində doğulan şair Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində üç il təhsil aldıqdan sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna gedib və buranı fərqlənmə diplomu ilə bitirib. 38 yaşında xəstəlikdən vəfat edən şair doğulduğu torpaqda da dəfn olunub.

 

Əli Bayramov  – Hamı bu şəxsi Bolşevik kimi tanısa da, əslində, Rəsulzadə hökumətinin agentlərindən biri olduğu deyilir. Çox gənc - 31 yaşında qətlə yetirilib.

 

Həzi Aslanov -35 yaşına qədər hərb sənətində mümkün olan bütün pillələri qət etmişdi. Deyilənlərə görə, o, tezliklə SSRİ-nin müdafiə naziri olacaqdı (müharibədən sonra). Elə müharibənin bitdiyi gün fitnəkar ermənilər xaincəsinə generalı güllələyirlər.

 

Cəfər Cabbarlı – yaradıcılığına lirik və satirik şeirlə başlayan görkəmli dramaturq daha çox “Oqtay Eloğlu”, “Aydın”, “Vəfalı Səriyyə”, “Almaz” kimi əsərləri ilə sevilib. Şair uzun müddət ürək ağrılarından əziyyət çəksə də, əhəmiyyət verməyib və nəticədə, 35 yaşında ürək damarlarının iflicindən vəfat edib.

 

Xeyransa Məmmədova - Cəmi 29 yaşında vəfat edən bu xanım müğənni  qısa həyatında özünü yaxşı mənada fərqləndirməyi bacardı. Ondan daha böyük nailiyyətlər gözləyirdilər. Amma gənc xanım ailə həyatını daha üstün tutdu. Şəkər xəstəliyinə görə həkimlər ona ana olmağa icazə vermirdilər. Amma o, ana olmağa üstünlük verdi və uşaq dünyaya gətirən zaman vəfat etdi.

 

Nəzakət Məmmədova - Bu xanım müğənni  qısa ömür yaşadı.  Buna baxmayaraq, bir çox ölkələrdə Azərbaycanı layiqincə təmsil etdi. Özünə xas səhnə davranışları, ifa zamanı ötürdüyü müsbət enerji onu hamının sevimlisinə çevirmişdi. Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı bir erməni kökənli həkimə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəydi. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb oldu. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişdi. Səriştəsiz “həkim” isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edildi.

 

Ülvi Bünyadzadə -1990-cı ilin 20 yanvar şəhidlərindən biri olan Ülvi elə 20 yaşında dünyasını dəyişib.  O zaman  Xarici Dillər Universitetinin tələbəsi olan Ülvinin gələcəyini hamı yüksək qiymətləndirirdi. Təəssüf ki, çox erkən dünyasını dəyişdi. Amma qısa həyatında da bir neçə şeir kitabı çapdan çıxmışdı.

 

Əli Yusif  - Rəsulzadənin ən çox qiymətləndirdiyi şairlərdən olan Əli Yusif (digər imzası Əli Yusif Rai) 1900-cü ilin yanvarında Şuşanın məşhur Yusifzadələr ailəsində anadan olub, 1937-ci ildə sürgündə - Daşkənddə vəfat edib. Ondan əvvəl isə bir neçə il tamam fərqli yerlərdə, cəhənnəm adladırılan Salovkidə sürgüdə olub. 

 

Vüqar Həşimov - 1986-cı ildə Bakıda anadan olan beynəlxalq qrossmeyster cəmi 27 il ömür yaşadı. 2014-cü ilin yanvarında beyin xərçəngindən dünyasını dəyişdi. Azərbaycan milli komandası ilə Avropa çempionatının qalibi olub”

 

E. Nihad

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...