Modern.az

Abdal dərəsinin gizlinləri

Abdal dərəsinin gizlinləri

22 Noyabr 2017, 09:54

Tovuz rayonunun dağlıq hissəsində, topoqrafik xəritələrdə rəsmi adı Kilsəsuyu olan kiçik bir dağ çayı var. El arasında ona Abdal çayı, dərəyə isə Abdal dərəsi deyirlər. Çoxumuzun, hətta adını belə eşitmədiyimiz  bu dərə geoloji, coğrafi və tarixi baxımdan xeyli maraqlı özəlliklərə malikdir. Nədir o özəlliklər? Birincisi, ulu keçmşimizin izləri, nişanələri, tariximizin açılmamış səhifələri gizlənib bu dərədə. İkincisi, yaşı milyon illərlə ölçülən çox qədim vulkan mənşəli süxurların əmələ gətirdiyi təkrarsız relyef formaları, müxtəlif ağac və bitki növləri ilə zəngin sıx meşəliklər və nəhayət,  heyran qaldığımız şəlalələr.

 Bəs nədən, onu yaxşı  tanımırıq, haqqında kifayət qədər məlumatımız yoxdur? Obyektiv səbəblər kimi, dərə dibinin meyliliyinin çox, yamaclarının dik və sıx meşəlik olmasını, dərənin kəsib keçdiyi sərt qayaların və onlardan qopmuş iri, hamar qaymaların dərəboyu hərəkəti bəzi yerlərdə, hətta mümkünsüz etməsini göstərmək olar. Amma əsas səbəb  təbiətmizə, tariximizə ümumi bir etinasızlıq və laqeydlikdir. Dərənin sağ və solunda, silsilə dağlarlın yastı yalları boyu Tovuz, Gədəbəy və Şəmkir rayonun neşə-neçə kəndləri, obaları  (Çobansığnaq, Sarıtala, Ağcaqala, Pərizamanlı və s.) sıralanıbdır, lakin onun bu özəlliklərindən, hətta kənd sakinlərinin çoxu tam xəbərsizdir. Lakin bu xəbərsizliyə, bu sükuta  tarixçi-araşdırmaçı, yazar, həm də həvəskar coğrafyaçı Cəlaləddin Qasımov  son qoydu. O, neçə illərdir ki, Azərbaycan tarixini, təbiətini sevən əsil bir vətəndaş kimi, boya-başa çatdığı Tovuz rayonunun ərazisini qarış-qarış gəzir, keçilməz dərələrdən, meşələrdən keçir, əlçatmaz zirvələrə qalxır, araşdırmalar aparır, öz tarixi romanları üçün məlumatlar toplayır, gördüyü maraqlı tarixi və coğrafi obyektlər haqqında təəssüratlarını internet saytlarında insanlarla həvəslə bölüşür. Abdal dərəsindəki tarixi abidələr və şəlalələr haqqında məlumatları da ilk dəfə olaraq,  C. Qasımov  ictimaiyyətə açıqlamış və çəkdiyi foto,-video materialları AMEA-nın Arxeologiya və Etnoqrafiya, Tarix və Coğrafiya institutlarına təqdim etmişdir.

 
Abdal dərəsindəki şəlalələrin coğrafi - geoloji tədqiqi və ətraf ərazilərin turizm cəhətdən ilkin qiymətləndirilməsi məqsədilə AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun iki əməkdaşı – coğrafiya elməri doktoru H.Xəlilov və geologiya-mineralogiya elmləri namizədi R.Fətəliyev bu yaxınlarda Tovuz rayonunda elmi ezamiyyətdə olmuş və şəlalələr olan ərazisində çöl tədqiqat işləri aparmışlar.



Abdal çayı mənbəyni cənubda Haçaqaya (2120,5 m) və Dondar dağlarının (2017,7 m) yamaclarındakı bulaqlardan götürərək əvvəl  şimal istiqamətində, sonra isə  Sığnaq dağını (1472 m) keçərək, şimal-qərb istiqamətində axıb Zəyəm çayına tökülür. Çayın dərəsinin ümumi uzunluğu təxminən 14 km, mənsəbinin dəniz səviyyəsindən hündürlüyü isə 690,0 m-dir. Qısa məsafədə çayın 1300 m-dən çox düşməsi, onun yatağının meyllilik dərəcəsinin yüksək (90-100 promil) olmasını şərtləndirir, yəni hər bir kilometrdə çay 90-100 m aşağı düşür. Bu da ərazinin erozion-denudasion xarakterli cox mürəkkəb relyefə malik olduğuna dəlalət edir və şəlalələrin əmələ gəlməsi üçün əlverişli şərait yaradır.


Abdal şəlalələri Tovuz rayonunun Çobansığnaq kəndindən 3 km şimala tərəf, Sığnaq dağının (1472 m) şərq yamacında, onun zirvəsindən təqribən 1 km məsafədə eyni adlı çayın dərəsində yerləşir. Şəlalələr kaskadı dərəboyu təxminən 400 m məsafədə müxtəlif hündürlüklü 8 şəlalədən ibarətdir, lakin onlardan yalnız ikisi daha hündür və estetik baxımdan daha cəlbedicidir. Çayaxarı istiqamətdə, yuxarıdan birinci şəlalənin hündürlüyü təxminən 20, sonuncununku isə 15 metrdir.


Şəlalələr təbiətin sanki bir möcüsəsidir, harada olmasından və böyük-kiçikliyindən asılı olmayaraq, hər zaman gözəldir, estetik cəhətdən cəlbedicidir. Onlara sadəcə baxmaq gözlərimizin yorğunluğunu çıxarır, şırıltıları xoş bir musiqi sədaları kimi qulaqlarımızı rahatlayır, ruhumuza sığal çəkir. Dünyada minlərlə irili-xırdalı şəlalələr mövcuddur, hərəsinin öz yeri, öz gözəlliyi var. Abdal çayının şəlaləri də onlardan biridir. Dağ çayının çox da gur olmayan suları geoloji cəhətdən çox qədim  vulkan mənşəli süxurları, ona mane olmaq istəyən sərt qayaları yararaq dar “dəhlizlər” açır, 5-10 və bəzən 15-20 m hündürlükdən aşağı tökülərək ecaskar mənzərələr yaradır. Onların təbiət abidəsi kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınması və gələcəkdə bu yerlərə ekoturizm və dağ turizmi üzrə marşrutların təşkil edilməsi məqsədəuyğun olardı.


Diqqətçəkən məqamlardan biri də Abdal dərəsində neçə minilliklərin arxasından boylanan qədim bir məbədin və ətrafında xarabalığın mövcudluğudur. Bu tarixi abidə Sığnaq dağının arxasında (şərqində), Abdal çayının sol sahilində, meşənin ortasında, nisbətən hamar bir talada yerləşir. Maraqlıdır ki, məbədə gələn araba yolu hələ də normal vəziyyətdə qalmaqdadır. Lakin bunu məbəd haqqında demək olmaz, belə ki, məbədin görkəmi çox acınacaqlıdır:  divarları bir neçə yerdən çatlamış və daşları tökülmüşdür. Burada təbiətlə bərabər insanların da “əməyinin” olduğu aşkar görünür. Məbədin və yerə tökülmüş daşların üzərindəki çoxlu xaç işarələri ilk baxışda onun alban kilsəsi olması ehtimalını doğurur. Amma tarixçi-araşdırmaçı Cəlaləddin Qasımov fərqli düşünür. O, hesab edir ki,  məbəd və ətrafındakı daş qalaqları çox qədim Xunan şəhərinin qalıqlarıdır və məbədin təməlinə yaxın yerdəki daşın üzərindəki konsentrik halqalar damğalardır və xristianlıqdan əvvəlki inanclarla – şamanizmlə bağlıdır. Ola bilər, bəlkə də haqlıdır, çünki, tarixdən məlumdur ki, “abdal” sözü türkdilli qədim hunlara məxsus tayfanın adıyla bağlıdır, digər tərəfdən, Zəyəm cayı dərəsinin el arasında hələ də “Xınna dərəsi”, çayın mənsəb hissəsində Kürün sağ sahilindəki düzənliyin “Xunan düzü”adlanması da, yəqin ki, təsadüfü deyil.  Amma burada, sözsüz ki, peşəkar arxeoloqlar tərəfindən tədqiqat aparıldıqdan sonra doğru fikir söylənilə bilər.

 
Göründüyü kimi, Abdal dərəsinin gizlinləri pərdə-pərdə açılmaqdadır və bu əsrarəngiz şəlalələrin, qədim memarlıq abidələrinin geniş ictimaiyyət üçün açıqlanmasını, nəinki Tovuz rayonunun, eləcə də Azərbaycanın coğrafiyasına və turizm potansialının inkişafına dəyərli bir töhfə kimi qiymətləndirmək olar.


Dərənin füsunkar gözəlliyi, şəlalələr, və ətrafda çoxlu sayda müxtəlif təbiət və tarixi memarlıq abidələrinin mövcudluğu, eləcə də ərazinin təbii şəraitinin xeyli əlverişli və zəngin olması burada rekreasiya-turizm sənayesinin inkişafına mühüm zəmin yaradır.



Rəşid Fətəliyev,
geologiya-mineralogiya elmləri namizədi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir