19 dekabr 2017, Çərşənbə
Ana Səhifə - REPORTAJ - “Onu general kimi görəcəyimə sevinirdim” - Milli Qəhrəman Murad Mirzəyevin XANIMI - FOTOLAR  
“Onu general kimi görəcəyimə sevinirdim” - Milli Qəhrəman Murad Mirzəyevin XANIMI - FOTOLAR   +
22.11.2017, 12:24

“Bütün arzularımız yarımçıq qaldı...”

Vətəni qibləgah edən şəhidlər


Qızlar, qadınlar xoşbəxt olanda onlar üçün ətrafda olan hər şeyin rəngi dəyişir, dünya gözlərində xoşbəxt görünür. Çəmənlərdə çiçəklərin necə gözəl açmasının, yağışın damlalarında sevgi yağdığının, küləklərin qanadlarında nəğmə çalındığının, bəyaz qarla  göydən xoşbəxtlik yağdığının fərqində olurlar. Xoşbxt qadınlar və qızlar  yeriyəndə ayaqlarının altında yer qaçır, güləndə səslərindəki gülüş kəpənək qanadlarını sındırır, saçları da işıq saçır, gözlərindəki sevgidən isə kainatın özü də sevinir. Belə sevgilərə isə qızlara, qadınlara, yalnız sevdikləri YARI və qeyrətli kişilər verə bilirlər.


Fizzə də belə xoşbəxtlərdən idi.  Hərdən özünü öz xoşbəxtliyinə qısqanırdı da... Fikriləşirdi ki, Tanrı bir qadına bu qədər xoşbəxtlik verməkdə israfçılıq etməyib ki... sonra da fikirləşdiyindən özünü qınayırdı. Zikrinin Allaha acıq gedəcəyini düşünürdü. Və əllərini göyə açıb “ay Allah, bağışla, məni o qədər xoşbəxt yaratmısan ki, sevindiyimdən bilmirəm daha nə fikriləşim...” - deyə dua edirdi.


Modern.az saytı  “Aprel şəhidləri” silsiləsindən növbəti yazını təqdim edir...

DOSYE: Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin mərhum zabiti Murad Mirzəyev 1976-cı ilin 31 martında Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmağa can atan Mirzəyev atasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib.

Murad Mirzəyev Azərbaycan Ordusunun zabiti kimi Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada keçirilən hərbi təlimlərdə iştirak edib. 

2016-cı il aprelin 4-də Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Zabitin nəşi həlak olandan bir neçə gün sonra - aprelin 10-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanından götürülərək,  Azərbaycana təhvil verilib.

Murad Mirzəyev 2016-cı il aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.

2004-cü ildə  ailə həyatı qurub. Şəhidin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı doğulub.
 

2016-cı ilin mayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.

 

Fizzə ilə Muradın DASTANI


Fizzə Kərimova ilə Murad Mirzəyev bir-birini ilk baxışdan sevmişdilər. Murad Fizzə ilə tanış olmağa hərbi parada geyindiyi xüsusi formada gəlmişdi. Və elə həmin gündən şəkli Fizzənin ürəyinə çökmüşdü. Nə Murad, nə də Fizzə üçün valideynlərinin razılığını almaq çətin oldu. Elə bil ki, Tanrı kəbinlərini göydə kəsmişdi. Valideynlər də gənclərin xeyir işini uzatmadılar.  
2004-cü ilin dekabrında toyları oldu. Toy  şənliyi bitəndən sonra  Fizzə Muradın Sabirabadın Muğan-Gəncəli kəndindəki ata ocağına deyil, Yaşmada hərbi hissədən ona ayrılmış 1 otaqlı mənzilinə gəlin köçdü. Bütün qohum-əqraba bilirdi ki, Murad Mirzəyevin hərbi mükələfiyyəti ona işindən uzaqda yaşamağa imkan vermir.  Buna baxmayaraq, Muradın anası Güllübəyim xanım dişi-dırnağı, həyat yoldaşı Telman kişinin köməkliyi ilə tikib-qurduğu ikimərtəbəli evinin ən böyük otaqlarından birini Murad və Fizzə üçün bəzəmişdi.

Murad işdən imkan tapan kimi, təzə gəlini götürüb ata ocağına gəlirdi. Güllübəyim  ana da oğlu ilə gəlininə baxıb sevinirdi. Onlar hər dəfə evə gəlib-gedəndə başlarının üzərində üzərlik yandırırdı. Hər dəfə oğluna və gəlininə baxanda, onları qoşa durnaya bənzədirdi. Oğlu seçimində yanılmamışdı. Özü kimi ucaboylu, tərbiyəli bir xanımı həyatına yoldaş seçmişdi. Qaynanası, Muradın qohumları ilə hər görüşü isə Fizzə üçün toy-bayram olurdu. Çünki Murad işdə olanda bu birotqalı mənzil onun üçün çox cansıxıcı görünürdü. Evləndiklərindən qısa bir zaman kəsiyi keçəndən sonra  məlum oldu ki, Xüsusi Təyinatlı Dəstənin qrup komandiri Murad Mirzəyev xidmətdə fərqləndiyinə görə Azərbaycanın Müdafiyə Nazirliyi onu Amerikaya “Marine GORPS Enginner school” hərbi məktəbində əlavə təhsil almağa göndərir.

Fizzənin Muradla ilk ayrılığı bax, onda - Muradı ilk dəfə Amerikanın Vircinya ştatına yola salanda oldu. Evləndikləri vaxtdan ilk dəfə idi ki, Murad onu uzun müddətə Bakıda qoyub gedəcəkdi. Hərbçi sənəti belədir də... Gərək hərbin bütün ağırlıqlarını çiynində çəkməyi bacarasan. Hərbçilərin həyat yoldaşları onlara həm dost, həm ana, həm bacı, həm də könül sirdaşı olmalıdırlar. Bu yükün altına isə hər qadın çiyin verə bilmir.Sona qədər çiyin verənlər o qadınlardır ki, həyat yoldaşlarını ömürlərinin YARISI hesab edirlər. 

O ilk ayrılıq... Fİzzə sevgili yarını  Heydər Əliyev adına Hava limanından  yola saldı...  Yanında o qədər qohum-əqrabasının olmasına baxmayaraq, hava limanından evə ağlaya-ağlaya qayıtdı... İndi necə olacaqdı? Neyləyəcəkdi? 28 il böyüdüyü ata ocağının istisi, ətrafdakı doğmaları da onun könlünü, həsrətini ovuda bilmirdi. Və nəhayət ki, o gün gəlib yetişdi. 6 ay ərzində sənədlərini düz-qoş edən Fizzəni də bir gün o böyük təyyarə Vircinyaya apardı, Muradına çatdırmaq üçün... 



Vircinya hava limanında təyyarə yerə enənə qədər isə bir Allah bilir ki, Murad nə qədər həyəcanlanmış, nə qədər həsrət çəkmişdi. İndi 6 aylıq həsrətindən də ağır gəlirdi həmin saatlar... el bil ki, saatın əqrəblərinin ayağından daş asılmışdı... Bu həmin saat idi, Türkiyədə hərbi təhsilini müvəffəqiyyətlə başa vurandan sonra, Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəlin bağışladığı saat...  başı dərslərə o qədər qarışırdı ki, çox vaxt qolundakı saata da baxmırdı. Lakin bu gün saatın necə gec keçməsinin fərqində idi. Axır ki, onun sevgili YARISI-nı gətirən təyyarə eniş etdi.  Əlində tutduğu ən  gözəl gül dəstəsini  Fizzəyə verdi. Fizzə yenə xoşbəxtliyinə qovuşdu, yenə YARISI ilə bir oldu. Və burada Fizzə bir daha hiss elədi ki, 6 ay ərzində çatmayan nəfəsi açılıb. İndi ürəyinin döyüntüləri də qaydasınca vururdu. İndi havası da çatırdı. İndi dünya gözlərində yenə də gözəlləşmişdi. Elə həmin gün üzünü sevdiyinə tutub “Söz ver ki, bir də məni heç vaxt tək, sənsiz qoymayacaqsan. Sənsiz yaşamaq çətindir, olmur, sənsiz heç nə olmur...” dedi. Murad da söz verdi: “Fizzəm, sevgili yarım, arxayın ol ki, birlikdə qocalacağıq... Səni heç vaxt tək qoymayacağam...”.
 

Yeni şəhərdə, yeni ölkədə yerləşəndən sonra məlum oldu ki, buraya Azərbaycandan göndərilən zabitlərin əksəriyyəti səndələri tərtib etmək çətin olduğundan ailə üzvlərini gətirə bilmirlər.  Murad isə Bakıda Fizzədən ayrılanda burada onu gözləyəcəyini demişdi. Vircinya kimi böyük bir ştatda təzə gələnlər adətən darıxırlar.  Murad Fizzəni darıxmağa qoymadı. 6 ay ərzində Fizzənin günləri nağıl, maraqlı bir eşq filmi kimi keçdi. 6 aydan sonra viza müddəti bitdiyindən Vətənə  tək qayıtmalı oldu. Və  yenə Bakıda Muradın yolunu gözlədi...

Fizzə xanım Modern.az-a o günlərdən danışır:


“O gündən Muradın yolunu gözləməyi özümə adət edim. O gündən ömrümüzə ayrılıqlar və görüşlər yazıldı. Lakin hər görüşümüzdə ilk ayrılığımızda görüşdüyümüz həsrətlilər kimi görüşərdik”.

Fizzə xanım səsi titrəyə-titrəyə söhbətinə davam edir. Səslərin titrəyişini bir neçə şəhid ailəsində, dul qalmış gəlinlərlə söhbətlərimin əksəriyyətində duymuşam. O dul gəlinlərin sevgiləri müxtəlif olsa da, titrəyişi, ağrısı eynidi. Gözləri qəm içində, üzünün bütün əzaları titrəyə-titrəyə söhbətinə davam edir Fizzə gəlin:

“Muradın şəklini demək olar ki, hər vaxt sinəmin üstündə gəzdirirəm. Onun şəkli ilə söhbət edirəm.  Bir neçə gün bundan əvvəl uşaqları məktəbə qoyub qayıdırdım. Murad evdə az-az olduğundan evimizin bütün qayğıları mənim üzərimdə idi. Mənə avtomobil idarə etməyi öyrətmişdi ki, kimdənsə asılacağım olmasın. Həmişəki kimi yenə Muradımla danışırdım. Düz bir həftə idi ki, ona eyni sualı verirdim: “Ay Murad, axı demişdin ki, məni heç vaxt tək qoymayacaqsan, birlikdə qocalacağıq... bəs niyə belə etdin?”.
Günlərin birində bacım mənə telefon açıb dedi ki, “Fizzə, Murad yuxuma gəlmişdi, deyirdi ki, Fizzəyə de ki, məni bağışlasın, onu tək qoydum...”. İndi özünüz deyin, bundan sonra mən onun yoxluğuna necə inanım? O hər an mənim yanımdadır, nəfəs alıram nəfəsimdə, gəzirəm yollarımda, mənə çətin olanda arxamdadır. Bəzən gəlir, nəfəsini, istiliyini, səsini də hiss edirəm... İnanın ki, bu belədir. Bir dəfə də yuxuma gəlib mənə dedi ki, “heç vaxt qorxma, mən arxandayam, yanındayam”. Bir də bilirsiniz mənə nəyi öyrətdi Murad?! O mənim həyat müəllimim oldu. Ayaqda durmağı, mətin olmağı öyrətdi. Bir dəfə mənə demişdi ki, “sənin hər işindən razıyam, bir azca içərindən qorxun var, onu öldür. Səsin zəif  gəlir, elə danış ki, hər zaman səsin ucadan gəlsin. Özünə güvən”.


Axı mən ailmizdə heç vaxt sərbəst olmamışdım. Atam polis rəisi idi. Üç bacı, bir qardaş idik. Biz heç avtobusa da minməmişdik. Lakin Murad məni özünə bağlayandan sonra, onun sənədlərini, uşaqlarımın sənədlərini həll etmək üçün metroya da mindim, avtobusa da, yüngül qapılarda ağır saatlar keçirdim, sənəd düzəltmək üçün növbələr gözlədim. İndi görürəm ki, bunların hamısını o məni indiki həyatımıza hazırlamaq üçün edirmiş. Mən onun sağlığında da onunla fəxr etmişəm, qürur hiss keçirmişəm. Ümumiyyətlə, mən Muradla dost olmuşam. Biz ailə quranda  şəhərdən gəlinlik paltarı ilə Yaşmadakı hərbi hissədə dövlətin bizə ayırdığı 1 otaqlı evə gəlin getdim. Mənə dünyanın malı-dövləti, sarayları, mülkləri lazım deyildi. Mənim onlardan da qiymətli Muradım var idi. Biz heç kənar şəxslərin söz-söhbətlərini, münasibətlərini ailəmizə gətirmədik. İlk övladımız 5 ildən sonra doğuldu. O bir dəfə də buna görə narahat olmadı. Amerikada  təhsil aldığı 6 aylıq dil kursunun birinci turundan keçməyənləri, ikinci dəfə sınaq müddətinə saxlayırdılar. Müdavinlərə daha 6 ay möhlət verilirdi. Bəzi zabitlər bu müddəti bilərəkdən uzadırdılar ki, bir az da çox qalsınlar. Lakin Murad başqalarından fərqli olaraq, həmin kursu artırmadı. Dedi ki, mənə imtahandan keçməmək ayıb olar. Onu təhsildə fərqləndiyinə görə hərbi attaşenin müavini  təyin etdilər”. 



“Mənim həyatım ümumiyyətlə, Muradı yola salıb-qarşılamaqadan ibarət olub”, deyir və yenə yanağından sel kimi axan göz yaşlarını silir.
Bəli, etibarlı şəhid qadınları belə olurlar, sevdiklərini xatırlayanda acı göz yaşı axıdırlar.


“İşinə, peşəsinə o qədər bağlı adam idi ki, mən heç uşaqlar xəstələnəndə belə, ona bu haqda xəbər vermirdim.  Bizim ikinci övladımız Dəniz də Yaşmadakı birotaqlı evimizdə dünyaya gəldi. Dəniz 5 aylıq olanda, axır ki, yeni geniş mənzilə köçdük. Murad bizdən ancaq gecələr evə gələndə xəbər tuturdu.  Hətta Nurlan  birinci sinfə gedəndə də Murad vaxt edib, onun tədbirinə yetişmədi. Onun yükünün nə qədər ağır olduğunu bilirdim. Bilirdim ki, işi çoxdur, hətta dükandan çörək almağına da razı deyildim. Fikirləşirdim ki, dükanda itirdiyi vaxtını bizimlə keçirsin. Polkovnik-leytenant rütbəsi alanda mənə dedi ki, “sən olmasaydın, mən bu qədər ucalmazdım”. Murad evindən, ailəsindən arxayın idi.  Onlar ailələrindən arxayın olmasaydılar, düşmənlə döyüşə bilməzdilər. Sonra general rütbəsinə yüksəlmək üçün ali hərbi məktəbdə qiyabi oxumağa başladı. Sevinirdim. Fikirləşirdim ki, mən onu general kimi görəcəyəm. Bütün arzularımız yarımçıq qaldı...”. 

-Hansı arzuları yarımçıq qaldı?

- Balalarını başsız qoydu, həyatını, arzularını yarımçıq qoyub getdi... Hələ bizim arzularımız çox idi. Deyirdi ki, pensiyaya çıxanda gedib gəzərik. Deyirdim yenə qocalanda?  Deyirdi ki, Vətənin problemləri həll olunsun, sonra dincələcək... Biz birlikdə qocalmadıq... Bilirdim ki, nəfəsi var, gələcək. Nurlanı iş yerinə, getdiyi yaxın yerlərə aparırdı. O qədər arxayın idim ki, özü kimi bir kişi də böyüdəcək. Heç olmasa gündə bir dəfə zəng vurub, məni soruşurdu. İndi telefonum susur nə vaxtdır. Ümumiyyətlə, telefona nifrət edirəm. Telefon zənglərini heç eşitmək istəmirəm. Çünki o telefondan mənə Murad danışmırsa, onun səsi gəlmirsə, nəyimə gərəkdir?...


- Fizzə xanım, son görüşlərinizdən danışın...

- Nurlan mart tətilində idi. Novruz bayramını qeyd edirdik. Bu dəfə də bayram süfrəsində oturmadı. İşə getdi ki, əsgərləri ilə birlikdə qeyd etsin.  Əvvəl söz vermişdi ki, 21-i bayram günü bizi kəndə atasıgilə aparacaq. Anamgildən tez   qayıtdım, onu  gözlədim. Gəlmədi.  Həmin vaxt – ötən ilin mart ayında ermənilər cəbhəyanı  ərazilərdə  bir neçə təxribat törətmişdilər. Ordumuzun əsgərləri bir neçə dəfə təxribatın qaraşısını almışdılar.  Son günlər  bizə hiss etdirməsə də, Muradı çox narahat görürdüm. 
Martın 25-i idi. Həmişəki kimi ürəyim çırpınmağa başladı. Adətən Murad gələndə belə olurdum. Pəncərədən həyətə baxdım. Gördüm ki, Murad xidməti avtomobildən düşdü. Uşaqlar onu görüb elə sevindilər ki...oynadılar, güldülər. Sonra nə fikirləşdisə, Murad bizi gəzməyə apardı. Çox az-az olurdu ki, harasa gəzməyə gedək. Həmin gün də yorğun olmasına baxmayaraq, bizə o xoşbəxt saatları yadigar qoydu. Son dəfə isə martın 28-də yola saldım onu. Gecədən ata-anasını çağırmışdı. Gəldilər. Gözəl bir bayram süfrəsi açdıq, şənləndik. Anası Güllübəyim xala ilə deyib-güldülər. Səsləri indiyə kimi qulaqlarımdadır. Bir də anası ilə söhbətlərini eşitdim. “Ana, elə yorulmuşam ki... İş məni yorub...” dedi.
Təəccübləndim. İlk dəfə idi ki, Muraddan belə etiraf eşidirdim.


Mən Muradaı nə zaman yola salsam, ardınca su atar və dərhal gözlərim yaşarardı. Lakin o da hara getsə qayıdardı. Həmin günü də elə bil ki, kimsə məni tərpətdi. Ona “Elə boş-boşuna gedib-gəlirsiniz,  bir qarış torpaq azad etməmisiniz, nə vaxta qədər belə olacaq?!”- deyə sual verdim. Qayıtdı ki, “bu səfər hər şeyi görəcəksiniz”. Onun cavabına oturdum. “Birdən müharibə başlayar, mənə heç nə deməzsən?” - deyə  təlaşla sual etdim. “Yox, yox!” deyib, fikrimi yayındırdı.  Həmişəki kimi, Nurlanı, Dənizi çağırdı, görüşdü uşaqlarla... Və getdi...


Gecə ata-anasını yola salanda isə Telman dayıya deyib ki, gəl görüşək, yaxşı görüşək, dünyanın işini bilmək olmaz... Görüşüblər. Telman dayı da deyib ki, bu nə sözdür? Cavab verib ki, “eh, nə bilim e.., ay ata...”.

Martın 28-dən sonra ancaq telefonla yazışırdıq. Ən çox da qızım dinc dayanmırdı. El hey deyirdi ki, ataya səs göndərək...



HAŞİYƏ: 
Dəniz də atası gəlməmiş yatmazmış. Murad onun yatdığı çarpayıya  uzanar, nazlı qızını nazlandırar, ata mehrini şəfa kimi balasına ötürərdi. Çünki hər gün əgər evə tez gəlsəydi, bu balaca fındıq qızı onun ayağından çıxardığı ayaqqabları, çəkmələri cütləyər, əl-üz dəsmalını gətirərdi. Hamamdan çıxıb, yemək süfrəsinə qədər atasını təqib edər, atası süfrəyə yaxın oturdumu, o da atasının qucağında özünə yer edərdi. Atasına xidmət etməklə özünü xoşbəxt sayardı. Anasına imkan vermirdi...  gücü çatsaydı, anasının süzdüyü çayı da özü aparardı sevimli atasına... Bütün qız uşaqları kimi Dəniz də atasını hamıdan çox sevərdi. Dəniz həm də atasının pişiyi idi sanki. Bu balaca qız ucaboylu, enlikürək Muradın əllərinin içərisində bapbalaca gəlinciyə bənzəyərdi... Murad onu başının üzərinə qaldıranda, uşağın sevincdən səsi divarlara, tavana, dəyib cingildəyərdi... Və gülüş səsləri bütün evə yayılardı...


Elə həmin o gün, martın 28-də  Dəniz atasından soruşdu ki, “Ata necəsən?”, “Fındıq qızım, yaxşıyam” – deyib səsli cavab göndərdi Murad sevgili balasına...


“Aprelin 2-də ordumuzun əsgərlərinin irəliləməsi xəbərini eşidəndə çox sevindim. İxtiyarım özümdə olsaydı, mən də ora, ərimin döyüşdüyü yerlərə gedərdim. İstəyirdim ki, mən də gedib bir kömək edim. Kiminsə yarasını sarıyım, kiminsə əlindən tutum. Muradı itirmək isə heç ağlımın ucundan belə, keçmirdi. Sevindim ki, şükür, 25 ilə yaxın oturduğumuz yerimizdən tərpəndik. Həmin axşam mənimlə əlaqə saxladı. Dedi ki, salamatçılıqdır. Dedim ki, belə xəbərlər gəlir. Dedi ki, “nə xəbər, ola bilməz...”. Halbuki, onun döyüşçüləri aprelin 2-si günü Talış kəndini  itki vermədən boşaldıblarmış...
Məni bir daha arxayın etmək üçün, “Hər şey əladır” dedi. Nə zaman dönəcəyini soruşanda, “Hələ məlum deyil” cavabını verdi.
“ Nə zaman gəlirsən gəl, təki salamat gəl” dedim. O da söz verdi ki, salamat qayıdacaq. 
Aprelin 3-ü və 4-ü ondan xəbər çıxmadı. Elə əməliyyatları olurdu ki, ondan 3 gün  xəbər ala bilmirdim. Və mən heç vaxt həmin günlərdəki kimi narahatçılıq keçirmirdim. Əlim bir işə yatmırdı. Evin içərisində var-gəl edirdim. Nə götürdüyümü, nə qoyduğumu bilmirdim. Dəngəsini itirmiş adamlara dönmüşdüm. Ürəyim sıxılırdı.  O günlərdə göylər də qaş-qabağını sallamışdı. Gəlib-gedənin ağzına baxırdım ki, bəlkə Muraddan bir xəbər deyərlər...


Aprelin 4-ü  Nurlanı məktəbdən apardım. Şəhidlərimizin olduğu haqqında xəbər oxudum. Xəbərdə Murad adlı bir zabitin adı keçirdi. Həyəcanlandım. Diqqətlə oxuyandan sonra soyadının Məmmədov olduğunu bildim. Nuralanı yatızdırdım. Bu zaman ev telefonuna zəng gəldi. Qohumlarımdan biri vəziyyəti xəbər aldı. Dedim, salamatçılıqdır. Hardasa axşam saat 6 radələrində bacım zəng çaldı. Xəttin o biri başında ağlayırdı.  Muradla danışıb-danışmadığımı soruşdu. Səksəndim. Bağıraraq, soruşdum ki, nə olub? Səsimə Nurlan yuxudan oyandı, qonşum səsimə gəldi... Bir də ayılanda gördüm ki, bütün qohumlarım bizdədir... İndi hər axşam bacım zəng vuran saatda - axşam hava qaralanda mənə boğulma gəlir. Bu hadisə hər gün baş verir. Bacımin zəng etdiyi o saata indi də nifrət edirəm. Günün batan çağı. Biz həmin günlərdə cəhənnəm əzabı yaşadıq. Muradı sevənlərin Günəşi həmin gün batdı.  Qardaşım gedib hospitalları gəzdi. Heç birimiz Muradın ölməsinə inanmırdıq. “Ölüm” fikrini heç kim yaxına buraxmırdı.


Aprelin 10-da axşamüstü  idi. Otaqda çaxnaşma baş verdi. Onun gəlişini hər zaman  hiss edirdim. Həmin günü də hiss edirdim ki, Murad gələcək... Artıq 10 gün idi ki, Muraddan xəbər yox idi. Əvəllər də belə olurdu. Bilirdim ki, gələcək. Bilirdim ki, Vətənin xidmətindədir. Atası Telman dayı Muradın sorağını almağa getmişdi. Mən isə Muradı gözləyirdim. Bir qadın ərinin səfərdən gəlişini necə gözləyərsə, elə gözləyirdim. Ev dolub-boşalırdı, fərqində deyildim. Aprelin 10-da axşamüstü Muradın gəldiyini dedilər... Tabutu çiyinlərində gətirdilər... Mən səntirlədim. Yıxılanda hiss etdim ki, arxadan məni kimlərsə tutub saxladı və bu sözləri eşitdim: “Fizzə, sən yıxılsan, biz də yıxılacağıq... Yalvarırıq, özünü möhkəm saxla, Muradı ona layiq qarşıla...”. Bacılarımın həyat yoldaşları Anar və Maqsud həmin dəqiqə məni yıxılmağa qoymadılar... Sonra tabutun başı üzərində dayanan zabiti tanıdım. Aliə dostumuz idi.  “Hanı Murad?”-deyə soruşdum, dedim niyə Muradı belə gətirdin? Zabit dizlərini yerə qoyub hönkür-hönkür ağlamağa başladı... sonra da səsi qırıq-qırıq kəsilə-kəsilə dedi ki, “Murad Mirzəyev son anına qədər azad etdiyi mövqedən geri çəkilməyib”.
Sinsəini qabağa verib, pusquda olan zabit və əsgərlərə  meydanı tərk etmək və digər yaralıları daşımaq əmrini verib. Özü ayağından yaralansa da, meydanı tərk etməyib”...


Onlar - Murad Mirzəyev, Samid İmanov, Elnur, Pəncəli həmin döyüşdə düşmənin arxa tərəfinə keçərək, çox strateji bir yüksəkliyi və yolu ələ keçiriblər. Və yardım gözləyiblər. Murad Samid İmanovu meydandan çıxartmaq əmrini verib. Ətrafında olan döyüşçülər, komnadir olduğuna görə, onun da geri qayıtmasını istəsələr də, sona qədər vuruşacağını deyib. Həmin döyüşdə Muradın dəstəsi düşmənin 14 tankını məhv edib. Murad “Vətən sağ olsun” deyərək , pulemyotu əlinə alıb, döyüşə atılıb.  Yalnız səhər- səhər hava işıqlaşanda, ermənilər bizim döyüşçülərin mövqeyini müəyyən edib və onlar dayanan yeri dayanmadan top atəşinə tutublar... Həmin gün Muradı gətirən zabit və əsgərlər deyirmişlər ki, hərbçilərimiz döyüşə atılanda  nər kimi nərildəyir, yüksək ruhla döyüşürlərmiş... Beləcə bir aprel səhəri öz qanları və canları ilə Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsini yazıblar... Ancaq  belə bir kəşfiyyat qrupunun nədən həlak olması mənim üçün sirr olaraq qalır. Axı onlar haraya getdiklərini bilirdilər,.. Onların qrupu Xüsusi Təyinatlılar  idi. Xüsusi Təyinatlılar isə adətən ölmürlər, döyüşlərdən və tapşırıqlardan salamat qayıdırlar...


“İndi Muradımdan mənə qalan bax belə xatirələrdir. O xatirələrlə təsəlli tapıram, desəm, inanmayın. Onu mənə unutduracaq, ürəyimi sakitləşdirəcək heç nə yoxdur. Özümdə güc tapıb bu yaxlnlarda gənclik gündəliyimə baxmışam. O gündəlikdə, Muradla nişanlı olduğum zaman, mənə telefonla yazdığı sözlərini toplamışam. Orada belə bir cümlə var: “Bizi bir-birimizdən yalnız ölüm ayıra bilər...”. Murad bəlkə də bu ayrılığa inanır, mən isə inana bilmirəm. Hərdən fikirləşirəm ki:

Nə xoşbəxt olmuşam, bir zaman Allah,
Xəbərim olmayıb bu səadətdən...
Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt,
Bu gün eşitmişəm bunu həsrətdən.

Muradla bağlı  daha nə danışım? Deyimmi ki, əsgərlərini, gizirlərini göz bəbəyi kimi qoruyurdu. Bəzən olurdu ki, birlikdə bazarlıq edirdik. Baxırdım ki, əlavə şirniyyat alır. Deyirdi ki, bu şirniyyatları keşikdə duran əsgərlərə verir, çünki o gələndə darvazanı açırlar, hərbi hissəni, Vətəni qoruyurlar.  İlk şəhid vermələri yadımdadır. Onlar birinci şəhidini verəndə bütün hərbi hissə sarsılmışdı. Onda Muradı tanımaq olmurdu... Murad  tabeliyində olan əsgərlərinin bütün problemlərini həll etməyə çalışırdı... Yaşamadı... Ona ehtiyacı olan o qədər əsgərləri qaldı ki...


Mən indi Muradı Nurlanda, Dənizdə tapıram. Nurlanın ətrində, boynuna-alnına baxanda Muradı görürəm.  Dənizin barmaqları, gözləri, baxışı hamısı Muraddır... Axı mən son vaxtlar xoşbəxtliyimdən qorxmuşdum. Sən demə bu qorxum Tanrının xoşuna gəlməyib... Nə bilim... Nə bilim kimin gözünə gəldik... Axı biz bir birimizi dərk edirdik.

Həəəə... bir də onu deyim ki,Murad Azərbaycan mahnılarını dinləyərdi. Şəhidliyindən qabaq mənə bir neçə mahnı göndərdi ki, bunlara dinləyərsən. Başım qarışdı, baxmadım. Şəhid olandan sonra mahnıları dinləməyə başladım... baxdım ki, hamısı ayrılıqdan, həsrətdən... O manıları mənə vəsiyyət qoyub gedib. Biri isə həmin o məşhur “Bağışla”mahnısı idi:

Bağışla qapını döyə bilmirəm,
Bağışla qapına gələ bilmirəm...
Özümdə bilmirəm, deyə bilmirəm-
Bağışla, bağışla, məni bağışla...”


Heç bir çiçək əbədi açmır. Hər açılan sabahın bir axşamı var.  Bütün xoşbəxtliklərin sonunda gözləmədiyin  kədər, bütün bədbəxtliklərin sonunda inanmadığın xoşbəxtlik mövcudur.

                                         
Aida Eyvazlı

      
P.S.  Azərbaycanın Milli Qəhrmanı Murad Mirzəyev haqqında yazının II hissəsində ata və anasının xatirələrini oxuyacaqsınız. Qaçırmayın.

(ardı gələn günlərdə)


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rəsulzadəyə aid özəl sənədlər və fotolar - “AXC-100”
19.12.2017, 00:09

Rəsulzadəyə aid özəl sənədlər və fotolar - “AXC-100”

Əfqanıstandakı terrorda 2 nəfər öldü
18.12.2017, 23:48

Əfqanıstandakı terrorda 2 nəfər öldü

ABŞ-da sərnişin qatarı qəzaya uğradı: 6 ölü,  77 yaralı, Yenilənib
18.12.2017, 23:34

ABŞ-da sərnişin qatarı qəzaya uğradı: 6 ölü,  77 yaralı, Yenilənib

Azərbaycan nefti bahalaşıb
18.12.2017, 23:16

Azərbaycan nefti bahalaşıb

Türkiyədə 410 metrlik körpü uçdu
18.12.2017, 23:06

Türkiyədə 410 metrlik körpü uçdu

Bakıda oteldə yanğın
18.12.2017, 22:51

Bakıda oteldə yanğın

Məşhur aktyor ailə qurdu
18.12.2017, 22:34

Məşhur aktyor ailə qurdu

ABŞ Qüdslə bağlı qanuna veto qoydu
18.12.2017, 22:03

ABŞ Qüdslə bağlı qanuna veto qoydu

İntim həyat üçün “QARA SİYAHI”
18.12.2017, 21:54

İntim həyat üçün QARA SİYAHI”

Əczaçılıq məhsulları istehsalı 2.5 faiz artıb
18.12.2017, 21:42

Əczaçılıq məhsulları istehsalı 2.5 faiz artıb

SSRİ tarixində ən qəddar SİMA – “DƏMİR NARKOM”
18.12.2017, 21:29

SSRİ tarixində ən qəddar SİMA – “DƏMİR NARKOM”

Koalisiya Əbu Bəkr əl-Bağdadi ilə bağlı xəbəri təkzib etdi
18.12.2017, 21:06

Koalisiya Əbu Bəkr əl-Bağdadi ilə bağlı xəbəri təkzib etdi

İnstitutun bir illik fəaliyyəti dəyərləndirildi
18.12.2017, 20:54

İnstitutun bir illik fəaliyyəti dəyərləndirildi

Azərbaycanda ilk dəfə “Çay, çəltik və sitrus meyvələri” festivalı - VİDEO
18.12.2017, 20:38

Azərbaycanda ilk dəfə “Çay, çəltik və sitrus meyvələri” festivalı - VİDEO

Azərbaycan “Tatra” markalı yük maşını istehsal edəcək
18.12.2017, 20:27

Azərbaycan “Tatra” markalı yük maşını istehsal edəcək

Uşaqların evdən qaçma səbəbləri açıqlandı
18.12.2017, 20:14

Uşaqların evdən qaçma səbəbləri açıqlandı

Azərbaycan Tacikistana yeni səfir göndərir
18.12.2017, 20:02

Azərbaycan Tacikistana yeni səfir göndərir

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”
18.12.2017, 19:51

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”

Gənç vokal ifaçısının daha bir uğuru
18.12.2017, 18:55

Gənç vokal ifaçısının daha bir uğuru

Parlamentə gözyaşardcı qazla hücum oldu
18.12.2017, 18:44

Parlamentə gözyaşardcı qazla hücum oldu

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb
18.12.2017, 18:32

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı
18.12.2017, 18:26

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI
18.12.2017, 18:17

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI

Turizm Şurasının altıncı iclası keçirilib
18.12.2017, 18:05

Turizm Şurasının altıncı iclası keçirilib

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR
18.12.2017, 18:01

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var
18.12.2017, 17:52

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var

Güləş məşqçisinə prezident təqaüdü verildi
18.12.2017, 17:41

Güləş məşqçisinə prezident təqaüdü verildi

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI
18.12.2017, 17:37

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.12.2017, 17:22

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt
18.12.2017, 17:16

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt

Elmar Məmmədyarov Doroxini qəbul etdi
18.12.2017, 17:11

Elmar Məmmədyarov Doroxini qəbul etdi

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq
18.12.2017, 17:08

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi
18.12.2017, 17:03

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı
18.12.2017, 16:58

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI
18.12.2017, 16:46

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(1.66%)
Araz Ağalarov (19.7%)
Mübariz Mənsimov (32.2%)
Fərhad Əhmədov(5.67%)
Füzuli Məmmədov(34.6%)
Telman İsmayılov (1.77%)
İsgəndər Xəlilov(1.45%)
Vaqif Məmişov(1.27%)
Heç biri(1.04%)
Digərləri(0.49%)