Modern.az

Azərbaycanda kişilər bu zorakılıq növlərinə məruz qalırlar - Dövlət Komitəsi AÇIQLADI  

Azərbaycanda kişilər bu zorakılıq növlərinə məruz qalırlar - Dövlət Komitəsi AÇIQLADI   

22 Noyabr 2017, 13:18

Statistik rəqəmlərə görə, dünyada hər 100 qadından 71-i, hər 100 uşaqdan 45-i, hər 100 kişidən 27-si şiddətlə üzləşir.

2016-cı ildə isə ölkəmizdə 897 məişət zorakılığı ilə bağlı cinayət faktı qeydə alınıb. Nəticədə 791 qadın, 4 yetkinlik yaşına çatmayan şəxs zərər çəkib, 29 qadın isə öldürülüb. Məişət zorakılığına məruz qalanlardan 102-si kişidir.

Maraqlıdır, Azərbaycandan kişilərə qarşı zorakılıq  daha çox hansı formalarda olur?

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə Modern.az-a bildirib ki, Azərbaycanda kişilər daha çox psixoloji zorakılığa məruz qalırlar:

“Düzdür, statistikaya görə, fiziki zorakılığa məruz qalan kişilər də var.  Bəzən ahıl kişilər öz gəlini, həyat yoldaşı, hətta nəvəsi tərəfindən də fiziki zorakılığa məruz qalır. Həmin yaşlarda onlar fiziki cəhətdən özlərini qoruya bilmir, yaxud sağlamlıq imkanları məhdud olur. Bu səbəbdən zorakılıqla qarşılaşa bilirlər.  Lakin fiziki zorakılıqla bağlı bəzi nüanslar var.  Məsələn,  kişilərdən öncə qadınlar fiziki zorakılıqla qarşılaşa və buna dözməyərək özünü müdafiəyə keçə bilər. Zorakılıqla bağlı 300-ə yaxın qadın  həbsdədir. Onların demək olar ki, yarısı əvvəllər kişilər tərəfindən zorakılığa məruz qalanlardır. Bu kimi halları da unutmaq lazım deyil.

Bu il ərzində cinsi zorakılığa  məruz qalan kişilərlə bağlı bizə müraciət daxil olmayıb. Ümumiyyətlə, bu tip hallar cinayət əməlidir və bununla hüquq-mühafizə orqanları dərhal məşğul olur.

Amma  zorakılığın iqtisadi və psixoloji tərəfləri də var. Lakin burada yalnız nikahda olan qadınla kişi arasındakı zorakılıqdan söhbət getmir. Kişilər bəzən birgə yaşadığı şəxslərin, həyat yoldaşının qohumlarının zorakılığı ilə qarşılaşır. Təcrübədə belə hallarla rastlaşmışıq. Eyni zamanda, qadınların bir məsələ ilə bağlı kişilərin üstünə həddindən artıq getməsini, onun iqtisadi vəziyyəti ilə əlaqəli təzyiqini müşahidə edə bilirik”.

 

T.Hüseynzadə qeyd edib ki, Azərbaycanda kişilərə qarşı zorakılıq faktları gizlədilir:

“Halbuki, zorakılıqla bağlı məlumat verilsə-xüsusilə psixoloji tərəfləri ilə bağlı-bu barədə mütəxəssislərlə danışıb məsələni aradan qaldırmaq olar. Təəssüf ki, xalqın adət-ənənəsi və ya mentalitetdən irəli gələrək bu hallar gizlədilir.

Bu baxımdan kişilər üçün sığınacaqla bağlı mərkəzlərimizdə mütəxəssislər tərəfindən söhbətlər aparılsa da, hələ ki  Azərbaycanda xüsusi sığınacaqlar nəzərdə tutulmayıb. Sığınacaqlar ümumi olaraq məişət zorakılığının qurbanları üçün çox az da olsa, var. Amma bunu kişi və ya qadın olaraq ayırmırıq.

Əgər sırf kişilər üçün sığınacaq mərkəzi ayrılsa, qeyd etdiyim kişi mentalitetimizə uyğun olaraq müraciət edənlərin sayı kifayət qədər az olar”.

Müsahibimizin sözlərinə görə, zorakılıqla bağlı kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır:

“Digər ölkələrlə müqayisədə Azərbaycanda bu cür hallar çox azdır. Buna baxmayaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq maarifləndirmə tədbirləri zamanı bu məsələləri vurğulayırıq. Düzdür, məişət zorakılığına  məruz qalan kişilərlə bağlı xüsusi tədbirlər keçirilmir. Amma tədbirlərimizdə, həm qadınları, həm də kişiləri ayrı-ayrılıqda qeyd edirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi