Modern.az

Komitə sədri Baş nazirə müraciət etdi

Komitə sədri Baş nazirə müraciət etdi

22 Noyabr 2017, 13:55

“Prezident İlham Əliyevin rəhbərliyilə quruculuq işlərinin davam etdirilməsi, ipoteka kreditlərinin faiz dərcələrinin aşağı salınması istiqamətində atılan addımlar, aztəminatlı ailələr üçün sosial evlərin inşası, yeni iş yerlərinin açılması müsbət hallardır. 

İnşaat sektoru sadəcə hansısa bir binanın tikintisi demək deyil. İnsanlar bu obyektlərdə işləyirlər, vergi ödəyirlər. Yəni yeni iş yerləri yaradılır, insanların gəlir yerləri artır. Büdcədə ipoteka ilə bağlı artım isə onu özündə ehtiva edir ki, insanlar güzəştli ipoteka şərtləri ilə yeni mənzillərə sahib ola biləcəklər”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

 

Komitə sədri bildirib ki, təhsil sahəsində sürətli islahat gedir.

 

“Təhsillə bağlı görülən işlər illərlə həyata keçirilən prosesdir. Biz bu istiqamətdə həyata keçirilən işləri və ümumilikdə təhsildəki inkişafı görür, dəstəkləyirik. Azərbaycanda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin bir qismi təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. Bu isə həmin tələbələrin təhsilinin yarımçıq qalmasına və ali təhsil müəssisələrinin dayanıqlı maliyyə təminatında problemlərin yaranmasına səbəb olur. Təhsil Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildə 10 aparıcı dövlət ali təhsil müəssisəsi tərəfindən “Maarifçi” Tələbə Kredit Fondu təsis edilib. Fondun əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. 

Biz qanunvericiliyə baxmalıyıq, tələbələrə kredit verilməsini asanlaşdırmalıyıq. Azərbaycanda Gənclər Fondu modeli də var. Hər bir gənc öz layihələrini bu Fonda təqdim etməklə reallaşdıra bilir. Bu baxımdan dövlət büdcəsindən Maarifçi Tələbə Kredit Fondunun maliyyələşməsinin təmin edilməsi bu istiqamətdə irəliləyişə səbəb ola bilər. Təhsil Nazirliyi tələbələrə kredit verilməsi ilə bağlı ilk addımı atıb, biz də bu məsələdə öz dəstəyimizi göstərməliyik. Bununla bağlı xüsusi dövlət proqramı da ola bilər. Yaxud da “Maarifçi” Tələbə Kredit Fonduna müəyyən status verilə bilər ki, fond tələbələrə sərbəst şəkildə kredit ayıra bilsin”.

 

Komitə sədri həmçinin, “Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazılığını bildirib.

Məsələ ilə əlaqədar Baş nazirə müraciət edən Fuad Muradov Xətai rayonunda müxtəlif yataqxanalarda istilik probleminin olduğunu  diqqətə çatdırıb. Millət vəkili bildirib ki, Xətai rayonu vaxtilə sənaye regionu kimi tanınıb: 


“Bu rayondakı zavod, fabriklərə məxsus yataqxanalar olub. Bu yataqxanalardan bəziləri sökülüb. Amma qalanlarının istiliklə təchizatında problemlər var. “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında problem var. “Azəristiliktəchizat”in “Azəriqaz”a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın.  

Bu məsələ “Azəriqaz”a da aiddir. Əgər onlar dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilmirsə, o zaman özəlləşdirilsinlər”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir