Modern.az

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı

Aktual

22 Noyabr 2017, 14:29

Milli Məclisdəki büdcə müzakirələri zamanı QHT Şurasının sədri, deputat Azay Quliyev bildirib ki, 2016-cı ildə Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan vəsait təxminən 1,6 milyon manat azaldılmışdı.

 

“Çox təəssüflər olsun ki, 2018-ci ilin dövlət büdcəsində də heç bir artım nəzərdə tutulmayıb. Əvvəlki 5 milyon manat vəsait qalıb. Düşünürəm ki, bu məsələyə ciddi yanaşmalıyıq. Nəzərə alaq ki, Azərbaycanda 3 mindən çox QHT qeydiyyata alınıb. Verilən vəsaiti isə hər QHT arasında bölsək, hər birinə 1000-1300 manat malyyə düşür".


Modern.az-ın məlumatına görə, A.Quliyev bildirib ki, bir il ərzində bu vəsaitlə QHT-lər ciddi işlər görə bilməzlər:


"Həm də onu nəzərə almaq lazımdır ki, QHT-lərin bir çox layihəsi ölkədən kənarda icra olunur. Manatın devalvasiyasından sonra baş vermiş dəyişikliklər isə bizim xərclərimizi ikiqat artırır. Ona görə də hesab edirəm ki, biz bunlara çox böyük diqqətlə yanaşmalıyıq”.

 

A.Quliyev qeyd edib ki, 2018-ci il önəmli hadisələrlə və siyasi tədbirlərlə zəngindir.

 

“Gələn il AXC-nin 100 illik yubileyini və ulu öndər Heydər Əliyevin 95 illik yubileyini təntənəli şəkildə qeyd edəcəyik. Eyni zamanda, 2018-ci ilin oktyabrında prezident seçkilərinin keçirilməsi gözlənilir. Hər kəs bilir ki, QHT-lər bu proseslərdə aktiv rol oynayırlar. Seçkilərin monitorinqinin həyata keçirilməsində müəyyən funksiyaları yerinə yetirməlidirlər.

Hesab edirəm ki, bu məsələyə baxmalıyıq və imkan daxilində köməklik etməliyik. QHT-lər Azərbaycanın müstəqilliyinə geniş töhfə verən institutlardır. Biz bu gün bunlara sahib durmasaq, maliyyələrini lazımi şəkildə ödəməsək, şübhəsiz ki, kənardan müdaxilələr olacaq və bu boşluqlar kənar qüvvələr tərəfindən doldurulacaq. Hesab edirəm ki, maliyyə naziri Samir Şərifovdan xahiş etməklə, növbəti ildən bu dəyişikliklərə getmək olar”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar