Modern.az

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”

Aktual

22 Noyabr 2017, 16:29

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə parlamentdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edib.

 

Modern.az-ın məlumatına görə, deputat çıxışı zamanı 2017-ci ildə bağlanmış beynəlxalq müqavilələrə toxunub.

 

“2017-ci ildə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı, Bakı- Tbilisi- Qars layihəsi reallaşdı. Sözügedən layihələrin həyata keçirilməsi ölkəmizdə gəlirlərinin artmasına, turizmin inkişafına və digər sahələrə müsbət təsir göstərəcək. Son illər ərzində dəmiryolu sahəsində görülmüş uğurlu işlərin sayı hədsizdir.

 

Ona görə də ölkədə dəmiryol sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə əlavə vəsaitin ayrılmasını təklif edərdim. İnsanlar ucuz və rahat, təhlükəsiz qaydada mənzil başına çatmaq üçün bu nəqliyyat növünə üstünlük verirlər. Araşdırmalar zamanı məlum olur ki, təkcə Almaniya il ərzində 122 milyard dəmiryolları üçün subsidiya ayırır. Biz gələcəkdə Bakıətrafı və Sumqayıta gedən dəmiryol sistemini bərpa edib, paytaxtda avtomobil tıxacının qarşısını almaq istəyiriksə, o zaman bu sahəyə əlavə vəsait ayırmalıyıq. Bu, təkcə paytaxta tıxacın aradan qaldırılması baxımından deyil, eyni zamanda ekoloji cəhətdən effekt verəcək. Bununla belə respublikanın digər dəmiryol sisteminin və parkının yenilənməsi üçün əlavə vəsaitə ehtiyac var. Belə ki, Bakı-Astara dəmiryol xəttinin Lənkəran-Astaradan keçən hissəsinin təqribən 40 kilometr məsafəsi dənizə çox yaxın keçir ki, bu da turizmin inkişafına mane olur. Ona görə də gələcəkdə bu yolun dənizdən bir az kənardan keçirilməsi üçün müvafiq dövlət qurumları müəyyən işlər görməlidir”.

Ç.Qənizadə deyib ki, dövlət büdcəsindən müdafiə, təhlükəsizilik, məhkəmə hakimiyyətinin, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün ayrılan vəsait 2017-ci illə müqayisədə 5,2 faiz çoxdur.

 

“Lakin Ədliyyə Nazirliyində yeni yaradılmış probasiya xidmətinin və həmçinin yaxın bir neçə ayda 100 nəfərə yaxın təzə hakim korpusunun təyinatı ilə bağlı büdcədə bunların nəzərə alınması məqsədəuyğundur. Mənim həmçinin ölkənin iri şəhərlərində polis müstəntiqlərinin sayı mütləq artırılması ilə bağlı digər bir təklifim də var. Araşdırmalar nəticəsində bəlli olub ki, xüsusən də Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə hər bir polis müstəntiqinə 20-25 iş düşür ki, bu da normadan xeyli çoxdur. İşlərin sayının çoxluğu müstəntiqin keyfiyyətli istintaq araşdırmasına imkan vermir. Problemi aradan qaldırmaq üçün müstəntiqlərin sayını artırmaq lazımdır. Yaxşı olar ki, ən azı iri şəhərlərdə polis idarələrin əlavə 3-4 polis müstəntiqi ştatı ayrılsın. Bunun üçün büdcədən əlavə vəsaitin ayrılmasına ehtiyac var”.

 

Deputat bildirib ki, “Strateji Yol Xəritə”sində qeyd edilib ki, dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir.

 

“Birincisi, əksər cəlbedici müəssisələr artıq özəlləşdirilib. Özəlləşdirilməyə açılıb, lakin bu günədək satılmamış müəssisələrin əksəriyyəti ya qaçqın vətəndaşlarımızın yaşayış yerinə çevrilib, ya da tam fiziki və mənəvi aşınmaya məruz qalıb. Bu müəssisələrin də real investorları cəlb edəcək yeganə aktiv- özəlləşdirməyə açılması gərəkdir ki, özəlləşmə sahəsində ciddi fəalllıq yaransın. İqtisadiyyatın real sektorlarına böyük sərmayələr daxil olsun ki, bu müəssisələr də sonda iqtisadi inkişafa öz real töhfələrini verə bilsinlər.

 

Bu gün min hektarlarla torpaq sahələri daimi istifadə hüquqi ilə ayrı-ayrı fiziki və hüquqi şəxslərin sərəncamındadır. Hazırda dövlət müəssisələri və obyektləri yerləşdikləri torpaq sahələri ilə birlikdə satışa çıxarılır. Əvvəllər isə daşınmaz əmlakla torpaq sahələri ayrıldıqda özəlləşdirilirdi. Bununla bağlı bir qərar vermək lazımdır. Ya həmin torpaqların hazırki istifadəçiləri xüsusi güzəştlərlə həvəsləndirilməlidirlər ki, müəssisələrin altındakı torpaq sahələrini satın alsınlar. Ya da icbari qaydada həmin müəssisələrdən torpaq üzrə icarə haqqı tutulmalıdır”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu