Modern.az

Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib... - TARİX

Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib... - TARİX

Ədəbi̇yyat

22 Noyabr 2017, 17:06

Məhəmməd Əmin Rəsulzadənin ikinci həyat yoldaşı Leyla xanımın (Vanda xanım) məzarını tapılması ilə bağlı yayılan xəbərlər  media orqanları və sosial şəbəkələrdə böyük marağa səbəb olub.


Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində bu cür addımların atılması, medianın da bu barədə yazması çox təqdirəlayiqdir.


Modern.az  bu yazısında Vanda xanım haqqında ətraflı məlumatı verib, onun kimliyi, Rəsulzadə ilə necə tanış olmaları, birlikdə yaşadıqları həyat barəsində söz açmayacaq. Təbii ki, deyilən faktların da oxuculara çatdırılması çox vacibdir və Cümhuriyyətin 100 illiyi ərəfəsində başqa AXC xadimləri kimi, Rəsulzadənin də ailəsi, həmçinin, Leyla xanımla  bağlı yazılar saytımızda yer alacaq. Amma bu dəfə məzarı tapılan Leyla xanımın ondan əvvəlki “məzarı” haqqına danışacağıq. Çünki Rəsulzadə 1956-cı ilin martında dünyasını dəyişəndən sonra Leyla xanım uzun müddət həmin “məzar”da tək-tənha yaşadı. Düz 18 il Rəsulzadəsiz, bir kimsəsiz “məzar” dediyimiz dar mənzildə ömür sürdü. 1974-cü ildə isə dünyasını dəyişdi. Ondan sonra isə Leyla xanım haqqında kimsənin məlumatı olmadı. Məzarı da heç axtarılmadı. Nədənsə, bizim tədqiqatçılar ömrünü Rəsulzadəyə xərcləyən bu böyük qadını unutdular.

Nəsiman Yaqublu (tanınmış araşdırmaçı, Rəsulzadəşünas alim) özünün araşdırmalarının birində həmin ev barəsində bunları yazır:

“Rəsulzadə və xanımının Ankaradakı yaşayışı çox da yüksək səviyyədə deyildi. Ankara milli kitabxanasında məmur işləyir, ayda 150 lirəyə qədər maaş alırdı. O pulun da 40-50 lirəsini kirə haqqına verirdi. Evi Ankarada, Sakariyə caddəsində zirzəmiyə oxşayan bir yerdə yerləşirdi. Evində zəngin şərait də yox idi: bir dəmir çarpayı, iki kreslo, stol... O, sadə yaşamağa adət etmişdi. Otuz ildən də çox belə “köçəri” həyat yaşamışdı”.

 

Vanda xanımla şəxsən görüşən türkiyəli araşdırmaçı-yazar Bülənt Danışoğlu onun barəsində yazdığı “Polşalı azəri gəlini Vanda Rəsulzadə” adlı məqaləsində maraqlı xatirələri işıqlandırıb. Bu xatirələrdə həmin “məzar”dan da söz açılır:

 

“Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı ona "madam" deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir gün anam onu evimzə dəvət etdi. Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Zatən, özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili qocası "Leyli və Məcnun" əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Qocası, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cümhur başkanı Məhəmməd Əmin Rəsulzadə...”.

Vanda xanım Ankarada yaşayarkən Bülənt Danışoğlu onun qonşusu olub. Uzun müddət tək yaşayıb. Çünki uşaqları da olmamışdı və bütün həyatını Məhəmməd Əminə qurban verən Vandanın (Leylanın ) sədaqəti Bülənt bəyi heyrətə salmışdı. O, bu barədə yazır: 


“Leyla xanım Ankarada yaşayarkən universitetin coğrafiya fakültəsinin rus dili və ədəbiyyatı bölümündə dərs vermək təklifi alıb və mövcud işindən daha artıq maaş təklif olunduğu halda, dərhal rədd edib. Lakin rus dilinə düşmənçiliyi ruslara düşmənçilik demək deyildi, həyatının son günlərində bir rus qadınla dostluq edirdi.
Leyla xanımın savadlı və bacarıqlı olduğu bəlli idi. Varşavada fransız filologiyası fakültəsinin məzunu olub. Tələbəlik illərində öz dediyinə görə «inqilabçı» imiş. Şirin-şirin gülərək «hamımız inqilabçı idik» deyərdi. Bir gün Leyla xanımla küçədə rastlaşdıq. Əynimdəki kürkə işarə edərək, «biz də mujik kaskası taxardıq» dedi. Mujik kaskası taxmaqla bərabər ailəsinin ona rahat həyat verdiyi bəlli idi”.


E.Nihad

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır