Modern.az

Kapitanın hakimdən penalti xahişi

Kapitanın hakimdən penalti xahişi

Aktual

23 Noyabr 2017, 00:36

Qarabağ"ın kapitanı Rəşad Sadıqov evdə İngiltərənin "Çelsi" komandası ilə Çempionlar Liqasının qrup mərhələsinin V tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, 20-ci dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyan kapitan əvvəlcə oyunu dəyərləndirib...

- Oyun barədə nə isə danışmaq çətindir. Matçı iki hissəyə bölmək olar. Birincisi, qırmızı vərəqəyədək olan, ikincisi, qırmızı vərəqədən sonra. Birinci hissəyə çox yaxşı başlamışdıq, hər şey əla, oyun nəzarətimizdə idi. Amma bir anda hər şey pozuldu.

 

- Referiyə həmin epizodda nə dediniz?

- Dedim ki, penalti verirsənsə, heç olmasa, qırmızı vərəqə vermə.

 

- Qırmızı vərəqə ilə razılaşırsınız?

- Mən, sadəcə, sonuncu ümid folunun hansı epizoda aid olduğunu tuta bilmirəm. Qaydalarda edilən dəyişiklik hansı vəziyyətlərə aiddir? Deyirlər ki, oyunçu qapıçı ilə təkbətəkə doğru gedirsə, bu, qırmızı vərəqədir. Bəs əks halda, sonuncu ümid folu necə olur? İkimiz də topa doğru hərəkət edirdik. Bəlkə də bir az tutub buraxmışdım. Baş hakim penalti təyin edirsə, qırmızı vərəqə ağır qərar deyilmi? Yaxud Qara Qarayevin epizodu olsun. Belə epizodlara penalti verirsənsə, gərək onda hər epizodda oyunu saxlayıb cərimə zərbəsi təyin edəsən. Belə penalti olur? Biz hakimlikdən çox danışmırıq, indi də danışmaq istəmirəm. Lakin emosiyalarımı saxlaya bilmirəm.

 

- "Qarabağ"ın bəxtsiz komanda olduğunu düşünmürsünüz?

- Avrokuboklarda hakimlər bizə qarşı çox sərt mövqe tuturlar. 10-15 həlledici epizod yada sala bilərik. Komandamız onsuz da 10 nəfərlə qalıb, 0:2 hesabı ilə uduzur. Belə bir vaxtda penalti verirlər? Mən son 10-15 ildə belə penalti görməmişəm. İki oyunçu da ayaq üstə olsun, top uğrunda mübarizə aparsın, referi isə bunu penalti kimi dəyərləndirsin... Buna necə şərh verməli olduğumu bilmirəm.

 

- "Roma" ilə İtaliyada keçirəcəyiniz son oyundan nə gözləyirsiniz?

- Çətin səfər oyunu olacaq. Çox istəyirdik ki, bu gün yaxşı nəticə əldə edək, hətta qələbə qazanaq, azarkeşlərimizi sevindirək. Çox məyusuq. Uşaqlar sonadək mübarizə apardılar. Daha böyük hesabla məğlub olacağımızdan qorxurdum. Komandamız "Roma" ilə oyuna da ciddi hazırlaşacaq və əlindən gələnin ən yaxşısını etməyə çalışacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı