Modern.az

Şuşanın dağları” mahnısı Türkiyədə necə “Ardahan dağları”na çevrildi...

Şuşanın dağları” mahnısı Türkiyədə necə “Ardahan dağları”na çevrildi...

Mədəni̇yyət

23 Noyabr 2017, 17:06

Türkiyədə yaşayan jurnalist Könül Şamilqızı Azərbaycan xalq mahnılarının Türkiyədə kiçik dəyişikliklə fərqli təqdim edilməsinin səbəblərini araşdırıb. Bu barədə Modern.az-a məlumat verən xanım jurnalist “Şuşanın dağları”nın “Ardahan dağları”na, “Qubanın ağ alması”nın “Iğdırın ağ alması”na necə çevrilməsinə belə aydınlıq gətirib:


“Asif Rüstəmlinin müəllifi olduğu “Çırpınırdı Qara dəniz” kitabından maraqlı məlumat əldə etdim. Kitabda maraqlı hekayələr var. Onlardan birini Azərbaycan Kültür Dərəyinin əvvəlki rəhbərlərindən Feyzi Aküzüm danışıb, Asif Rüstəmli də qeydə alıb: “İkinci Dünya Müahribəsindən sonra Türkiyəyə gələnlərdən biri də İsrafil Azəri idi. Əslən azərbaycanlı olan bu gəncin çox gözəl və məlahətli səsi vardı. 1949-cu ildə mən onu Ankaradakı radio evinin o zamankı başqanı, bəstəkar, ud çalan Məsud Cəmilin yanına apardım. Məqsəd İsrafil bəyin oxuduğu mahnıları lentə yazdırıb Türkiyədə yaymaq idi”.

A.Rüstəmov qeydlərinə belə davam edib: “Məsud Cəmillə İsrafil Azərinin arasında bu məzmunda qısa bir dialoq oldu:

- Hansı şərqini oxumaq istərdiniz, əfəndim?

- “Şuşanın dağları” xalq mahnısını.

- Şuşa nə deməkdir?

- Şuşa-Azərbaycanın Qarabağ vilayətində şəhər adıdır.

- Yox, əfəndim, yox! Ona icazə verilməz. Daha hansı şərqini oxumaq istərdiniz?

- “Qubanın ağ alması”nı...

- Bəs, Quba nə deməkdir?

- Quba da Azərbaycanda bir şəhərin adıdır.

- Yox, yox, yox! Bunu da verə bilmərik!


Biz İsrafillə bir-birimizin üzünə baxdıq. Bu tezliklə “yox” cavabı alacağımızı gözləmirdik. Məsud Cəmilin isə fikri qəti idi. Onu da qınamaq olmazdı. O zamanlar mətbuatda xarici ölkələrin şəhər adını çəkmək-ərazi iddiası qaldırmağa bərabər tutulurdu. Məsud Cəmilə üz vurmalı oldum. “Kiçicik” dəyişikliklər etməklə mahnılar lentə yazıldı. Sabahısı İsrafil Azərinin ifasında “Ardahan dağları” və “Iğdırın ağ alması” mahnıları Türkiyəyə yayıldı”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi