Modern.az

İctimai Komitəyə yeni koordinator seçildi

İctimai Komitəyə yeni koordinator seçildi

23 Noyabr 2017, 20:01

2006-cı ildə penitensiar sistemin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsi və məhkumların islah olunmasında ictimaiyyətin iştirakının təmin olunması məqsədi ilə ədliyyə naziri yanında yaradılmış tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət olan İctimai Komitənin tərkibi yenidən formalaşıb. 

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ötən 11 il müddətində Komitə tərəfindən penitensiar müəssisələrə 670-dən artıq başçəkmə həyata keçirilərək məhkumların saxlanma şəraiti və islah prosesində, eləcə də cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın işində fəal iştirak edilib, 2000-dən artıq məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstərilib.

 

Müvafiq Qaydalara uyğun olaraq fəaliyyət göstərən Komitənin növbəti iki illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası ilə hesabat görüşü keçirilib, qurumun fəaliyyəti təhlil edilərək qiymətləndirilib və Komitənin tərkibi yenidən formalaşdırılıb.

 

Komitənin yeni tərkibdə ilk iclası keçirilərək, ötən müddətdə gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun rəhbəri Səadət Bənənyarlı qurumun koordinatoru seçilib.

 

Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov ədliyyə fəaliyyətində ictimai iştirakçılıq baxımından İctimai Komitənin mühüm rolunu vurğulayaraq, əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, müvafiq tövsiyələr verib.

 

İclasda İctimai Komitənin işinin daha səmərəli təşkili, ədliyyənin yeni fəaliyyət istiqamətləri ilə tanış olunması, məhkumların sosial adaptasiyası və əməkdaşlığın digər formaları barədə fikir mübadiləsi aparılıb.

 

Sonda nazir qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim edib və uğurlu fəaliyyət arzulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı