Modern.az

Azərbaycandakı həqiqi və saxta seyidlər - Peyğəmbər nəslindən olmayan fırıldaqçılar...

Azərbaycandakı həqiqi və saxta seyidlər - Peyğəmbər nəslindən olmayan fırıldaqçılar...

24 Noyabr 2017, 13:48

“Seyid” ifadəsi və seyidlər bizə yad anlayışlar deyil. Hər birimizin yaxın ətrafında seyid adını daşıyan, adının əvvəlində “mir”sözönü olan insanlara rast gəlirik. Bu, əsrlərdir ki, davam edən bir prosesdir. Artıq düşüncəmizin də adiləşmiş formasına çevrilib. Ölkənin bir çox yerlərində xüsusi nüfuza sahib olan seyidlər var ki, insanlar onların qapısını ziyarət edib, adına nəzir deyirlər. Bu, indi də var və yəqin ki, gələcəkdə də olacaq.


Seyidlərin hansının həqiqi, hansının saxta, hansının da gerçəkdən peyğəmbər nəslinin davamçısı olduğunu biz yox, müraciət etdiyimiz ekspertlər cavablayacaqlar. Biz isə sadəcə onu deyək ki, Azərbaycanda tarixən (elə indi də) bir çox seyidlərin peyğəmbər ailəsinə aiddiyyatı yoxdu. Bu da bizim sözümüz deyil. Bir çox monoqrafiyalarda qeyd olunur ki, VII əsrdə ərəblər Azərbaycanı işğal edən zaman yerli əhalidən bəzilərinə müxtəlif işləri görmək – vergi yığmaq, ictimai-asayişi təmin etmək üçün bu rütbəni – seyid adını verirmişlər. Onların anlamında “seyid”, “dost”, “cənab” mənasını verirmiş. Yəni bu adla təltif edilən insanlar başqa həmvətənlərindən fərqlənərək, müəyyən imtiyazlar əldə edirmişlər. İndiki “seyidlər”in bir çoxu da elə həmin insanların nəslinə aiddir.


Modern.az-a danışan mütəxəssislər dediyimiz məsələ barəsində daha geniş məlumat veriblər. Onlar Azərbaycanda seyidlər və “seyidlərin”çoxluğunu müxtəlif dəlillərlə əsaslandırıblar:

Nəriman Qasımoğlu: (şərqşünas, Quranın tərcüməçisi):


- “Seyid” sözü bizim dildə “ağa”, “əfəndi” mənasındadır. Peyğəmbər nəslindən hesab edilənlərin adlarının qarşısındakı “mir” sözönü isə “əmir” sözündəndir. “Əmir” - “əmr edən”, “komandan”, “rəhbər”, “başçı” deməkdir. Ərəblərin “əmiru-l-muminin” dediyi, bizim “əmirəlmöminin” kimi tələffüz etdiyimz ifadə “möminlərin əmiri”, “inananların əmiri” anlamındadır. “Mir” önlüyü artırılan adların sahibləri tarixən simvolik olaraq “möminlərin əmiri” kimi hörmətli bir ada – dördüncü xəlifə Əlinin şərəfinə nəsil etibarilə iddaçı kimi qəbul ediliblər.


Seyidlərin bizdə çoxluğu şiəliklə bağlıdır, seyidlər dediklərmiz əsasən şiələrdir. Bəzilərinin bəlkə də peyğəmbər nəslinə heç dəxli yoxdur, sadəcə bu adı özləri üçün mənimsəyiblər. 

Bir dəfə Əbülfəz Elçibəy bu barədə maraqlı, məzəli bir əhvalat danışıb, əhvalatı onun dilindən mənə vaxtilə aspirantı olmuş şəxs nəql edib.
Şərq tarixinin gözəl bilicisi idi Əbülfəz bəy. Dediyinə görə, şah Abbasın zamanında bir gün hökmdara xəbər verirlər ki, məmləkətdə seyidlərin sayı xeyli artıb. Şah Abbas tapşırır ki, carçı car çəkib bütün seyidlərin şəhər meydanına topanmasını təmin etsin. Məlumatı da belə yayırlar ki, şah Abbas seyidlərə ənam verəcək. Şəhər meydanı “seyidlərlə” dolur. Seyidlərin də qaydası imiş: bir yerdən başqa yerə eşşəyin belində gedərmişlər (bunun səbəbini araşdırmamışam). Elə ki, eşşəklərinin üstündə gəlib meydana doluşurlar, bu zaman elan edirlər buraya gətirilmələrinin əsl səbəbi onların hamılıqla edam edilməsi barədə şah Abbasın fərmanının icra edilməsi ilə bağlıdır. Bunu eşidən kimi “seyidlər” eşşəklərinin belindən düşüb qaçmağa üz tutur, tələsik aradan çıxırlar. Meydanda bir neçəsi qalır ki, həmin o elanı soyuqqanlı qarşılayır, yerindən də tərpənmir. Baş verənləri şah Abbasa çatdırırlar. O da deyir “bax əsl seyidlər o meydanda qalan tək-tük şəxslərdir”.

O zamandan saxta seyidlər haqqında belə ayama yayılıbmış xaq içində - “eşşəyini qoyub qaçan seyidlər”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, ərəb dilinin bilicisi olan filologiya elmləri doktoru İdris Abbasov məsələyə sırf öz ixtisasının prizmasından yanaşıb. O “seyid” termininin izahı və tarixindən çıxış edərək, mövzuya münasibət bildirib:


-
"Seyyid" ərəb dilində "ağa", "cənab" deməkdir; ikinci mənası Məhəmməd peyğəmbərin nəslindən olan müsəlman anlamındadır. "Mir" sözönü fars dilindən Azərbaycan dilinə keçib. Mənşəcə ərəb dilindəki "əmir" sözündəndir. Mənası "başçı", "ağa", "rəis" deməkdir. Dini mənbələrdə isə bəzi şəxs adlarının əvvəlinə artırılaraq, onların seyid nəslindən olduğunu göstərir. Seyidlərin Azərbaycana gəlişinin dəqiq tarixini bilməsəm də, hər halda Səfəvilər dövründə geniş yayılıb”.

Batin alimi, misirşünaslıqla bağlı bir çox araşdırmaların müəllifi olan Firudin Gilar Bəg isə mövzuya tamam başqa müstəvidən yanaşıb. Onun izahından sonra biz həm “seyid” sözünə, həm də “mir”əlavəsinə fərqli müstəvidən baxacağıq:


-
Dünyanın ən sirli xalqı - peyğəmbərlər nəslidir. Ən qədim mənbələrdə peyğəmbərlər nəsli dedikdə yəhudilər nəzərdə tutulur. Lakin bu mənbələrdə Allahın özünə qulluq üçün seçdiyi xalq Xəzər türk bəgləri adlandırılır və bu, artıq bütün dünyaya məlumdur. Xəzər rəmzi isə mətnlərdə Azər kimi də yazılır ki, bu da əsl peyğəmbərlər nəslinin məhz Azəri türk bəgləri olması deməkdir. Digər tərəfdən, mənbələrə görə peyğəmbərlər həm də Xaldeya əhlidir. Xaldeya rəmzi bizlərə Xilat kimi, buranın seçilmişləri, yəni türk bəgləri isə Azərbaycanın Xilat atabəgləri kimi məlumdur. Əhdi-Ətiqə görə Xaldeya (Xilat) əhalisi Assurlardır ki, bu da elə Azərilər deməkdir və mən bu haqda kitab və məqalələrimdə yazmışam (Библ.,Исая, 23:13).

Quranda peyğəmbərlər – müjdəçilər və xəbərçilər nəsli adlandırılır və ilk insanlar kimi təqdim olunur (Quran, 2:213). Mənbələrə görə, onlar Babil qülləsini tikəndən sonra, Allah onların dillərini dəyişib, dünyaya səpələmişdi. Başqa sözlə, peyğəmbərlər nəsli – göydəki cənnətin qapısı mənasında olan Babil qülləsini tikmiş mar, amoreylər nəslidir. Marlar bizə midiyalılar kimi tanışdır və bütün Albaniya, Ermənistan tarixi bu müqəddəslər nəslinin gördüyü işlərə və onların “Dünya”sına həsr olunub. Mar (“MR”) rəmzi qədim Misirdə “qaldırılmış torpaq” mənasında olan piramidanı və bu piramidanı yaratmış müqəddəsləri bildirirdi. “Qaldırılmış torpaq” dedikdə isə mənbələrdə, göyə qaldırılmış torpaq, yəni cənnət nəzərdə tutulurdu. Quranda, göyə qaldırılmış torpaq – Tur dağı adlandırılır və göydəki bu dağın qapısı isə cənnətin qapısı mənasında göstərilir (Quran, 4:154). Babil qülləsi tikilib qurtarandan sonra “mar” və eyni mənalı “mir” rəmzi, adi insanlardan seçilmək üçün, bütün seyid-peyğəmbər övladlarının ad-soyadının qarşısında yazılmağa başladı. Ən qədim mənbələrdə mar-amoreylər həm də “amorey-suti” kimi qeyd olunur ki, buradakı “suti” rəmzi sonradan bizlərə “seyid” kimi gəlib çıxmışdır.

Sufi batinilərdə “suti” rəmzi - “İssi-Ata” kimi açılır və bu da “İlah/Allahın ruhu” deməkdir. Başqa sözlə, seyid-peyğəmbərlər İlahla vəhdətdə olan və Allah ruhunu özü ilə daşıyan müqəddəslərdir. Pir-seyidlərin Allahın İlahi nurundan yaranmasını bu gün də Azərbaycan seyidləri iddia edirlər. Türk mənbələrində bu nəsil “göydə Tanrı tək Tanrı yaratmış Türk xanının Şad Apıt bəgləri adlandırılır. “Şad Apıt” rəmzi isə “Suti (seyid) Yafət” mənasında, bu bəglərin Yafət nəsli olmasını bildirir. “Şad” rəmzinin “şiyat” variantı isə şənlik, xoşbəxtlik, səadət, inkişaf, bolluq və s. anlamında bəglərə aid edilir və “bəg-şiyat” mənasında islam “behişt”ini bildirir. Başqa sözlə, şad bəgləri (bəg-şiyat) - behiştdə, yəni “bəglik məqamında yaradılmış xoşbəxt həyat”ı qazanmış Türk seyidləridir. Bütün bunlar o deməkdir ki, seyidlər – Midiya göylərində cənnət yaratmış peyğəmbərlər nəslidir. E. ə. VIII əsrə aid qədim Assur mənbələrində Midiya göylərində yaradılmış bu “torpaq" – “Şərqin ərəbləri” (Günəşin çıxdiğı yerin ərəbləri) ölkəsi adlandırılır (И. М. Дьяконов, «История Мидии», М.-Л.,1956, səh.219-221). Ərəb geneoloqlarına görə, indiki ərəblər əsil ərəblər deyil. Əsil ərəblər mifik “Ad”, “Samud”, “Amalik”, “Casim”, “Cadis” və s. tayfalardır ki, islama qədər köçüb gediblər (Təbəri, I/215). “Cadis” rəmzi mənbələrdəki kadus (kuddus) tayfa adının ərəb variantıdır ki, bunlar da Midiya əhalisi olan pir, bəg, seyid, şıx və s. Azəri müqəddəsləridir. Başqa sözlə, ən qədim mənbələrdə Şərq və ərəblər dedikdə - Midiyadan başlayan Albaniya dövləti nəzərdə tutulur. Qədim yazılarda Şərq rəmzi Albaniyaya aid edilir ki, buradakı Sünik (Xilat/Xaldeya) vilayətində müqəddəs Ataların “səhra” tikmələri açıq yazılmışdır. Zahiri islamda Ərəbistan səhrası və onun çöllərindəki hadisələr indiki Ərəbistana aid edilirsə, batini islamda Ərəbistan (yunan mifol. Ereb göyləri) dedikdə - qədim Azərbaycanın Midiya eli və onun göyləri nəzərdə tutulur. İslamın Məhəmməd peyğəmbəri isə batinilərdə - Midiya dağlarından ərşə yüksəlmiş Rəhman Allahın obrazıdır. Alban rəmzi sufi-batinilərdə El-Benu kimi açılır və buradakı Benu rəmzi qədim Misir mənbələrində, fironların (pirlərin) ölümsüz Ba (Bəsmələ) ruhlarını bildirir. Benu (BN) rəmzi isə Nəbi (NB), yəni peyğəmbər deməkdir və qədim Misirdə peyğəmbərlər dedikdə - Şərqdən gəlmiş və Babili tikmiş müjdəçi və xəbərçilər nəslinin ölümsüz ruhları nəzərdə tutulur. Deməli, Alban rəmzi – Nəbi-Eli, yəni peyğəmbərlər yurdu deməkdir və s. Yazılanlardan belə nəticə çıxarmaq olar ki, seyidlər – özlərinə ikinci həyat qazanmaq üçün göydə behişt, cənnət yaratmış Azəri Türk bəglərinin nəslidir və qədim Misir yazılarında onlar – “iki dünyanı bir bədəndə birləşdirmiş” Qor fironları (pirləri) nəsli adlandırılırlar (Şəmsu Qor). Batini-Quran kitabında və məqalələrimdə mən bu haqda geniş yazmışam.

E.Nihad

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub