Modern.az

“Azərsu” beynəlxalq elmi konfrans təşkil etdi

“Azərsu” beynəlxalq elmi konfrans təşkil etdi

24 Noyabr 2017, 17:01

Noyabrın 24-də  Bakı şəhərində BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. 

 

Konfrans Qlobal Saziş Azərbaycan Şəbəkəsi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. Konfransda elmi müəssisələrin, dövlət və özəl təşkilatların davamlı inkişaf məqsədləri ilə məşğul olan mütəxəssisləri iştirak edir.

 

Konfransın açılışında BMT Baş ofisinin nümayəndəsi Alexandra Tarazi  çıxış edərək bildirib ki, davamlı inkişafın əsas məqsədi yoxsulluğun aradan qaldırılması və planetin qorunmasını təmin etməkdir. Bu layihə iqlim dəyişikliyi, iqtisadi bərabərsizlik, yenilik, davamlı istehlak, sülh və ədaləti əhatə edən hədəflərdən ibarətdir.

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizə verilən dəyər olduğunu söyləyib. O, davamlı inkişaf üçün innovasiya, texnologiya, elm və təhsilin  əhəmiyyətindən danışıb.

 

“Azərsu” ASC-nin sədrinin müavini Köçərli Həsənov beynəlxalq tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin 17 hədəfinin 6-cısı su və sanitariyanın davamlı idarə edilməsini nəzərdə tutur. Su təhlükəsizliyinin təmin edilməsi məqsədilə son illərdə ölkəmizdə böyük investisiya layihələri icra edilib. Ümumi tutumu 460 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarlarının istismara verilməsi, əhalinin içməli su təchizatının yaxşılaşdırılması və suvarılan torpaq sahələrinin genişləndirilməsi, başqa sözlə ərzaq təhlükəsizliyinin təmin edilməsi  baxımından mühüm əhəmiyyət  kəsb edir.

 

Son illər keyfiyyətli və dayanıqlı  su mənbələrindən istifadə etməklə şəhərlərin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, innovativ texnologiyalara əsaslanan sutəmizləyici qurğular inşa edilir, tullantı suları zərərsizləşdirilməklə ətraf mühitin qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

 

Ölkəmizdə su təsərrüfatı sektorunda həyata keçirilən layihələr beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. “Azərsu” ASC dünyada su sahəsində ən mötəbər qurumlardan sayılan Dünya Su Şurasının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilib və bu təşkilatlarda fəal təmsil olunur. Beynəlxalq Su Ehtiyatları Assosiasiyası 2021-ci ildə Dünya Su Konqresinin Bakıda keçirilməsi barədə qərar qəbul edib.

 

Dayanıqlı İnkişaf Üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri  Hüseyn Hüseynzadə qeyd edib ki, Azərbaycanda hazırlanan inkişaf konsepsiyası və strategiyaları, həmçinin proqram və layihələr BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə almaqla qurur.

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Hak İş Konfederasiyası sədrinin müşaviri Yusra Erilli, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Xəyalə Məmmədova, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini Asəf Hacıyev çıxış edərək Davamlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin əhəmiyyətindən danışıb.

 

Çıxışlardan sonra konfrans işini paralel sessiyalarda davam etdirib. İki gün ərzində tədbir iştirakçıları Davamlı İnkişaf Məqsədləri ilə bağlı yaranan çətinliklər ətrafında fikir mübadiləsi aparacaq, ideya və təcrübələrini bölüşəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır