Modern.az

Prezident göstəriş verib, amma vətəndaş öz mülkündə “KİRAYƏŞİN”DİR

Prezident göstəriş verib, amma vətəndaş öz mülkündə “KİRAYƏŞİN”DİR

İqtisadiyyat

26 Noyabr 2017, 17:24

Uzun illərdir ki, Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi gündəmdədir. Min bir əziyyətlə başa gələn evlərinin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın arzusu olaraq qalır.  Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, konkret nəticə hasil olmayıb.

 

Bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən qanunsuz evlərin sayının 700 mindən artıq olduğunu açıqlayıb.

 

Hələ 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini deyib:

“Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq elə etmək lazımdır ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısı tam şəkildə alınsın. Sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülə, rüşvət, əsassız maraqlar ola bilər. Bu, reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm. Bu məsələnin həlli üçün şəffaf mexanizm işlənməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər".

 

Amma görünən odur ki, cənab prezidentin dediyi kimi xoşniyyətli təşəbbüsdən qaz vurub qazan dolduranlar var. Əks halda sənədləri qaydasında olan vətəndaşları min bir bəhanə ilə get-gələ salmazdılar.Yoxsa onlar ölkə başçısı 2015-ci ilin yanvarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə imzaladığı fərmanını da görməyiblər?...

 

Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması üçün əsas hesab edilir.

 

Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etməlidir.

 

Fərmanın verilməsində 2 il keçməsinə baxmayaraq hələ də vətəndaşlar evlərin və torpaq sahələrinin özəlləşdirilməsində bürokratik ənəgəllərlə qarşılaşırlar. Əksəriyyət öz evində hər an qovulacaq kirayəşin kimi yaşayır...

 

 

“Prezident göstəriş veribsə, əməl olunmalıdır”

 

Dəfələrlə Milli Məclisdə bu barədə məsələ qaldıran İqtisadi siyasət,sənaye və sahibkrlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a prosesin yubadılmasından naraat olduğunu bildirib:

“Cənab prezidentin sənədsiz evlərlə bağlı göstərişi var. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş də verilib. Hətta biz qanun layihəsində dəyişiklik etdik ki, bütün evlər -hətta bələdiyyənin bir sənədi olanlar belə, sənədləşdirilsin. Şəhərdə söküntü işləri gedir, kimlərsə kirayə çıxarılır, onun üçün bu sənədlərin olması çox vacibdir”.

 

Kimlərinsə marağı çətinlik yaradır...

 

Deputat məsələnin yubanmasında kimlərinsə marağının olmasını istisna etməyib:

“İnsan müəyyən vəsait toplayıb, torpaq sahəsi alıb. Ev tikib. Axı bu evlər nə vaxtsa bir bələdiyyənin, İcra Hakimiyyətinin sənədi əsasında tikilib. İndi bunların hamısını qanunsuz tikili hesab etmək doğru deyil.İnsanların min bir ziyyətlə tikdikləri evləri birdən-birə sökmək də olmaz. Sadə bir çıxış yolu var, cənab prezidentin göstərişinə əməl etmək, vəssalam”.

 

“Vətəndaş leqal olaraq öz mülkünə sahib ola bilmir”

 

Tanınmış iqtisadçı Vüqar Bayramov da Modern.az-a təsdiqləyb ki, vətəndaşların öz mülkiyyətinə leqal olaraq sahib olmasında çətinliklər var:

“Hazırda Bakı və ətrafında 500 mindən çox sənədsiz ev var. Sənədsiz evlərin bir qismi nisbətən riskli ərazilərdə-neft buruqlarına, su, qaz, elektrik xətlərinə yaxın ərazilərdə yerləşir. Onların bir qismi riskli ərazilərdə inşa edilsə də belə, evlərin böyük əksəriyyəti risksiz yerlərdə tikilib. Onların sənədləşdirilməsi imkanları daha genişdir və mütləq şəkildə ev sahiblərinin sənədlə təmin edilməlidir. Evlərin sənədlə təmin edilməsinin yubadılmasında xüsusilə riskli ərazilərdə yerləşən sənədsiz evlərin taleyilə bağlı qeyri-müəyyənlik hökm sürür. Məqsədəuyğundur ki, yerli icra hakimiyyəti orqanları tərəfindən sənədsiz evlərin riskli və risksiz ərazilərdə yerləşənlərin siyahısı çıxarılsın. Bununla riskli ərazilərdə yerləşən evlərin sayının müəyyən edilməsi mümkün olacaq. Həmin evlərin köçürülməsi, yaxud sökülməsi gündəmə gələrsə, kompensasiya ödənilməsi  müəyyənləşdirilsin. Riskli ərazilərdə yerləşən evlər isə məhdudiyyətsiz olaraq sənədləşdirilsin”.

 

“Həm vətəndaş qazansın, həm dövlət”

 

Ekspertin fikrincə, sənədləşmə işləri həyata keçirilərsə, həm vətəndaş, həm də dövlət büdcəsi qazanacaq:

“İnkişaf etməkdə olan ölkələrdə olduğu kimi, sənədsiz evlərin sənədləşdirilməsi üçün rüsum müəyyənləşdirilsin. Rüsum müəyyənləşdirildikdən sonra ev sahibi rüsumu ödəyərək mülkiyyət hüququnun tanıdılmasına nail olacaq. Bu vətəndaşalrın sənədsiz ev probleminin həll edilməsi yollarından biridir. Digər tərəfdən, bu imkan verəcək ki, həmin rüsum hesabına dövlət büdcəsinə vəsait cəlb etmək mümkün olsun. Bu isə büdcədaxilolmaları baxımından vacibdir. Sənədsiz evlərin sənədləşdirilməsi onların vergiyə cəlb edilməsi, kommunal xidmətlərlə fasiləsiz təmin edilməsi baxımından da mühümdür. Düşünürəm ki, evinə sənəd almaqla həm vətəndaş, büdcəyə əlavə gəlir gətirməklə həm də dövlət qazanacaq

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür