Modern.az

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı...  

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı...   

27 Noyabr 2017, 09:27

Dünya təhsil sistemində universitet rektorları ilə tələbələr arasında olduqca səmimi münasibət mövcuddur. Bu faktı xaricdə, xüsusən də Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr də təsdiq edirlər. Rektorların tələbələr üçün əlçatan olması isə təhsilin inkişafına təsir edən amillər sırasına daxildir desək, yəqin yanılmarıq.

Görəsən Azərbaycan universitetlərində rektorların tələbələrlə münasibəti necədir? Və onların şikayətləri necə həll olunur? Onlar tələbələr üçün əlçatandırlarmı? Tələbələr öz rektorları ilə görüşə bilirlərmi?

 

Modern.az-ın  “Tələbələr rektor barədə” rubrikasında ayrı-ayrı universitetdə təhsil alan tətləbələrin öz rektorları barədə fikirlərinə yer verilir.
 

Ötən dəfə Bakı Dövlət Universitteinin tələbələr öz rektorları haqda fikir söyləmişdilər. Bu dəfə Azərbaycanın qabaqcıl universitetlərindən birinin - Dillər Universitetinin (ADU) tələbələri arasında sorğu keçirdik.
 

Universitetin rektoru Kamal Abdullaya münasibətdə tələbələrin fikirlərini təqdim edirik:
 

Təhsil fakültəsi, İsmayılova Sədəf:

 

“Rektorla şəxsi problemim olmayıb deyə, ünsiyyətdə də olmamışam, amma sonuncu dəfə may ayında ümumi görüşdə iştirak etmişəm. Bir neçə tələbəyə isə eyni mövzuda kömək göstərdiyini eşitmişəm”.
 

Tərcümə fakültəsi, Kazımova Cəmalə:

 

“Ümumiyyətlə, nəsə bir problemimiz olsa, bunu prorektor və ya rektorun özünə deyə bilirik. Mənim elə bir problemim olmadığına görə, şəxsi ünsiyyətdə olmamışam. Biz əsas korpusda olmadığımız üçün rektoru tez-tez görə bilmirik.  Görüşlər olanda problemlərimizlə maraqlanır”.


Təhsil fakültəsi, Rəqsanə Mehdizadə:

 

“Məncə, Kamal Abdulla kimi rektorlar Azərbaycan universitetlərinə lazımlı şəxslərdir. Hazırda rektorumuz univerisitetə layiqincə rəhbərlik edir. Nəinki mən, əksər tələbələr hazırkı rektordan, onun təlim-tərbiyəyə dair qərarlarından məmnunuq. Kamal müəllimin tələbə ilə davranış qabiliyyəti də təqdirəlayiqdir. 
Problemimiz olanda isə öncə dekan müavinlərinə, sonra dekana müraciət edirik. Bu o demək deyil ki, rektorla səmimi deyilik. Vacib məsələlər üçün onsuz da dekanlarla rektorların cari plan üzrə iclasları olur. Bizim təklif və iradlarımızı dinləyirlər, lakin rektor bizlə görüşdükdə rektorun qərar qəbul edə biləcəyi, dekanın səlahiyyətində olmayan məsələlər haqda fikirlərimizi bildiririk.
Bizdə rektor Kamal müəllim olmazdan qabaq həftədə bir, səhv etmirəmsə yalnız iki gün var idi ki, tələbə rektorla görüşə bilərdi. Və bu da ərizə yazmaqla baş tuturdu. İndi isə həftə içi rahatlıqla görüşə, problemlərimizi deyə bilərik.
İnanın səmimiyyətimə, Kamal müəllim lazım gəldikdə, tələbə ilə səmimi söhbət də edib, onun şəxsi məsələləri haqqında da danışa bilər. Bu hal öz şəxsimdə baş verməsə də, yaxın əhatəmdə çox olub. Bu qədər sevgini Kamal müəllimin səmimiyyətinə borcluyam”.
 

 

Jurnalistika və Filologiya fakültəsi, Aysel Ağayeva:

 

“Mən 3-cü kursda oxusam da, 4 rektor görmüşəm. Amma onların arasında sözün əsl mənasında rektor olan Kamal Abdulladır. Gəldiyi ilk gündən tələbələri dinlədi, onların xeyrinə qərarlar qəbul etdi. Hazırda da nəsə problem olanda dinləyir, həll yolu tapır. Universitetin əksəriyyəti onun idarəçiliyindən razıdır. Əsas binada otursa da, 2-ci binaya da çox gözəl nəzarət edir, amma əvvəl bu belə deyildi. Müəllim tələbə arasında fərq qoymur, amma o səddi də saxlayır. ADU onun sayəsində çox şey əldə etdi”.
 

Təhsil fakültəsi, Şəbiyevə Humay:

“Axırıncı dəfə tələbələrə məlumat məqsədli tədbir olmuşdu, orda görmüşəm. Hansısa tələbənin problemi varsa, həmişə onların köməyində olur. Həm tələbələrin rahatlığı, həm də dünyagörüşü üçün də çox şərait yaradıb”.
 

 

Jurnalistika və Filologiya fakültəsi,  Sevinc Əliyeva:

“Rektorla şəxsi ünsiyyətdə olmamışam. Lakin onunla ünsiyyətdə olan və xüsusəndə Slavyan Universitetinin tələbələrinin rəyinə əsaslanaraq deyə bilərəm ki, şəxsən öz adıma rektorumuzdan razıyam”.

 

Təhsil fakültəsi, Amil Əhmədov:

 

“Sonuncu dəfə təxminən bir ay əvvəl rektorla müzakirəmiz olub. Universitetdə islasdan sonra tələbələrlə bəzi müzakirələri aparanda mən də orda idim. Universitetimizdə əsasən bir şeydən razıyam, istər rektor olsun, istər dekanlar, hər birinə istədiyimiz vaxt müraciət edə bilirik. Daha başqa universitet tələbələri kimi qəbula düşmək üçün günlərlə gözləmirik. Məsələn, bəzi suallarım olanda rektora rahatlıqla müraciət edə bilirəmsə, başqa universitetlərdə oxuyanlar buna əlçatmaz kimi baxırlar.Yay məktəbinin pulsuz edilməsini isə xüsusən dəstəkləyirəm”.

 

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi, Gülər Nursu:

 

“Mən qəbul olunduğum ildən bəri 3 rektorumuz olub. Hәr üçü rektor seçildikləri ilk aylarda tәlәbәlәrlә görüş keçirib vә orada iştirak etmişәm. Şәxsәn әlaqә yaratmaq ehtiyacı olmayıb deyә,  şəxsi ünsiyyәtdә olmamışam. Kamal müəllimlə universitetdә tez-tex rastlaşırıq vә tәlәbәlәrin salamlarını cavabsız qoymur. Düşünürәm ki, istәnilәn mәsәlә ilә bağlı yaxınlaşsaq da, cavabsız qalmarıq. Әvvәllәr bizi narahat edәn bir çox mәsәlәlәr daha çox yoluna qoyulub. Odur ki, hәlәlik әksәr tələbələri rəyi müsbətdir”.


Nəzrin Cavid


P.S. Tələbələrin fikirlərni olduğu kimi dərc etdik. Ancaq onu da qeyd etməliyik ki, sorğuda iştirak edən tələbələrin əksəriyyətinin xeyli ehtiyatla danışdıqlarının şahidi olduq. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir