Modern.az

Milli Qəhrəmanın atası: “Süleyman Dəmirəldən qılınc, Heydər Əliyevdən qol saatı hədiyyə almışdı” 

Milli Qəhrəmanın atası: “Süleyman Dəmirəldən qılınc, Heydər Əliyevdən qol saatı hədiyyə almışdı” 

Qarabağ

27 Noyabr 2017, 12:09

Vətəni qibləgah edən şəhidlər (II hissə)         


Modern.az Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevlə bağlı yazının ikinci hissəsini təqdim edur.

...Sabirabadın Muğan-Gəncəli kəndinə getmək üçün mənə başqa bələdçi lazım olmadı. Bakıdan  taksi ilə Sabirabadın girəcəyinə gəlib çatdım. Orada isə məni Milli Qəhrəman Murad Mİrzəyevin atası Telman Mirzəyev qarşıladı. Hardasa 35 dəqiqəyə narahat kənd yolunu qət edəndən sonra, onların  həyətinə çatdıq. Darvazanın üstündə üçrəngli bayrağımlz dalğalanırdı. 
Evin xanımı Güllübəyim bibi  bizi qarşıladı. Və məni üst mərtəbəyə apardılar.  Şüşəbəndli eyvanda Milli Qəhrəmana aid böyük bir guşə yaradılıb. Güllübəyim bibi aşağı mərtəbədən çay gətirdi... Onun ikinci dəfə çay gətirməsinə razı olmayıb, özlərinin oturduqları alt mərtəbəyə düşməyimizi xahiş etdim. Rayon yerlərində belə alt mərtəbələrə “Əl damı” deyirlər. Adətən yaşlanan insanlar yuxarıya tez-tez düşüb-çıxmasınlar deyə, yayı-qışı burada keçirər, yalnız qonaq-qara gələndə üst mərtəbəyə çıxarlar. Məni çox mehribanlıq və səmimiyyətlə qaraşıladıqlarından, ərkimi də qəbul etdilər.

Yol boyu şəhid atası ilə başladığımız Murad barəd söhbətlərimizə davam etdik.


...Murad Kürün sahilində doğulmuşdu. Kür çayı ona şirin-şirin layla çalmışdı, bu çayın sahilində uşaqlığı keçmişdi. Muğan-Gəncəli kəndinin sağ sahilindən keçən Kür çayı kəndin başına dolanır. Burada açılan səhərlərin, sübh tezdən insanları salamlayan, axşamlar örüş vaxtı qüruba gedən Günəşin də başqa gözəlliyi var. Kürün bu ərazisində yurd salan insanları Stalin repressiyasının açı və ağır illərində, 1948-ci ildə həmsərhəd rayonlarla əlaqəsi olmasın deyə, Yardımlı rayonundan  sürgün ediblər. 4 parça kəndin kötüyü Kürün sailinə pənah gətirib. Kür də onlara qarşı mehr-məhəbbət göstərib. Onları aclıq illərindən çıxarıb, balığı ilə süfrələrini bəzəyib, suyu ilə torpaqlarını becərib, mal-qaralarını yetişdirib. 

Telman Mirzəyev də bu kənddə yaşayır. El-oba içərisində sözünün-əməlinin sahibi, çörək verən bir kişi kimi tanınır. Həyat yoldaşı Güllübəyim də ki dərzi olduğundan, el-obanın xeyiri, toyu-düyündə yaxından iştirak edib.
Qapıları hər zaman hər kəsin üzünə açıq olub. Kimsə bu həyətdən əliboş qayıtmayıb. Mirzəyevlərin ailəsində 4 övlad böyüyüb. Böyükləri Murad idi. Elə körpə vaxtından atasının əlindən tutub toya-bayrama, bazar-dükana gedərdi. Telman kişi özü vurub-yıxan olduğundan, hər iki oğlunu da idamnın karate növünə yazdırmışdı. Uşaqlar həm dərslərini yaxşı oxuyur, həm də boş vaxtlarında idmanla məşğul olurdular. Dükandan alıb gətirilən oyuncaqlardan bezəndə, taxtadan düzəltdikləri avtomatla dava-dava oynayardılar.  Bir az böyüyəndən sonra Telman kişi Muradın musiqiyə həvəsini görüb onun üçün qarmon da aldı.  İlk vaxtlar qarmonu çalmağa gücü də çatmırdı. Ancaq sonralar barmaqları şirmayıların üzərinə elə yatdı ki, çaldığı hər musiqi ürəkləri oxşadı. Qonaqlı-qaralı evə gələnlər bu qapıdan oynamamış çıxmazdılar. Çal-çağır səsinə qonşular da yığılıb tamaşaya gələrdilər. 

Murad məhəllədə, məktəbdə də çox nümunəvi şagird olub. Qonum-qonşunun harayına çatar, ağır-yünül işlərdə yardımını əsirgəməzdi.

Murad 7-ci sinfi bitirmişdi. Yay tətilinə təzəcə çıxmışdılar. Bir gün həyətdə ağaclara qulluq edəndə, divardan asılan radiodan bir elan eşitdi. Cəmşid Naxçıvanski adına hərbi liseyə sənəd qəbulu başlayır.  Gələcəyin hərbçisi olmaq istəyənlər müracit edə bilərdilər. O gündən uşağın gözünə yuxu getmədi. Atasına söz deyə bilmədiyindən, arzusunu anası vasitəsi ilə bildirdi. Güllübəyim xanım Telman kişiyə yanaşıb, Muradın arzusunu ona söylədi. Kişi əvvəlcə razı olmadı. Dedi  ki, hələ balacadır, onu Bakıya tək necə buraxsın?


Günlər bir-birini əvəz etdikcə Murad rahatlıq tapmadı. Hər gün eyni sualla anasını narahat etdi. Evdə hər kəsin dilini bilən, könlünü almağı bacaran Güllübəyim xanım axır ki, Telman kişinin saqqızını oğurladı. Və  Telman Mirzəyev oğlunun arzusu ilə Bakıya gedib, onun sənədlərini Cəmşid Naxçivanski adına məktəbə verdi. 

Hələ 1991-cı il idi. Murad Mirzəyev ilk həyat imtahanından uğurla çıxdı. 14 yaşındaykən hərbi məktəbdə oxumağa başladı. Atası həmin gündən ona “Komandir” deyə müraciət edirdi. Aradan qısa zaman kəsiyi keçəndən sonra, oğlunun dərsləri ilə maraqlanmağa gedən Telman kişi Muradı bir dəstə hərbi geyimli gəncin yanında tapşırıq verən gördü.  Atası Murada “oğlum, gördünmü, mən sənə demişdim axı komandirsən, bundan sonra elə oxu ki, hər zaman hamının yanında baş olasan. Sən hər zaman komandir olacaqsan, rəhbərliyin altında nə qədər əsgər, zabit olacaq...”, - deyə öyüd-nəsihət verdi

1994-cü ildə təhsilini uğurla başa vuran Murad Mirzəyev Türkiyə Ali Quru Qoşunları məktəbinə daxil oldu. 1998-ci ildə həmin məktəbi də müvəffəqiyyətlə başa vurdu. Türkiyədə təhsil aldığı illərdə həyatı çox maraqlı keçdi. O, hərbi məktəbin tədbirlərində Azərbaycan mahnıları ifa edir, Vətən adına maraqlı tədbirlər hazırlayırdı. Oxuduğu ali təhsil ocağında 620 əcnəbi tələbənin içərisində “Qırmızı diplom”a layiq görüldü.

Murad Türkiyənin Ali Quru Qoşunları məktəbini bitirəndə Türkiyə Cümhuriyyyətinin prezidenti Süleyman Dəmirəllə görüşdə iştirak etdi. Məktəbi uğurla bitirən hərbçilərə xeyir-dua verməyə gələn Dəmirəl Murada yadigar olaraq qılınc bağışladı. Və dedi ki, belə qılınclar ancaq qəhrəmanlara verilir.
Murad Mirzəyevin sorağı Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevə də çatdı. Türkiyədə rəsmi səfərdə olan Heydər Əliyev orada təhsil alan gənclərimizlə görüşdü.
Murad Mirzəyevə də həmin görüşdə Heydər Əliyevlə söhbət etmək nəsib oldu. Mərhum prezident onun dərsləri, ailəsi ilə maraqlandı, sadə bir ailədən çıxan gəncin Türkiyədə əla qiymətlərlə oxuduğunu biləndə, sevindi.
İllər ötəndən sonra Murad Mirzəyev Ali Hərbi Quru Qoşunları məktəbini bitirəndə, Türkiyədəki böyük elçimiz ona Heydər Əliyevin hədiyyəsini - qol saatını çatdırdı.


Və beləcə hərbi xidmətdə uğur uğurun arxasnca gəlirdi. 2013-cü ildə Murad N saylı hərbi hissədə xüsusi təyinatlıların tabor komandiri vəzifəsinə təyin olundu. Daha sonra polkovnik-leytenant rütbəsinədək yüksəldi.  Hər dəfə çiynidəki ulduzların sayı artdıca, atasına zəng edib, gözaydınlığı verirdi. Telman kişi  “Komandiri”nin uğurlarına sevinir və əllərini Allaha açıb, oğluna can sağlığı, Vətənə sülh arzulayırdı.


- Muradı  hər həftə görə bilmirdim, - deyir Telman kişi. - Kənddən yığışıb gedirdik uşaqlara baş çəkməyə... Komandir evdə tapılırdı ki? Kim bilirdi ki... haradadır.  Biz evinə gedəndə lap arxayın olurdu. Bilirdim ki, şəxsi heyətini gözünün üstündə saxlayır, əsgərlərə öz qardaşı, oğlu kimi baxırdı. Şəxsi heyətin içərisindən evlənən olanda, mütləq mənimlə gedirdi. Məni dostlarına təqdim etməkdən zövq alırdı.
Onunla “Aprel döyüşləri”ndə həlak olan zabit və gizirlərin əksəriyyətinin toy şənliyində iştirak etmişəm.Oğlum yeganə azərbaycanlı idi ki, Amerikanın Vircinya ştatında hər bir hərbçinin arzusunda olduğu “RENGER” kursunu bitirmişdi.
“Aprel döyüşləri”ndə həlak olan Raquf Orucovun, Pəncəli Teymurovun, Murad Mirzəyevin... başına ermənilər pul da qoymuşdular. Belə oğulların yiyələri yanmasın, neyləsin? Gərək onların hər birinin adı əbədiləşsin ki, gələcəkdə yaddan çıxmasınlar, unudulmasınlar.

Oğlumla axırıncı görüşümüz 26 martda oldu. Gecə evə qayıtdıq. 28-i zəng edib, evimizə qaz xətti çəkilib-çəkilməməsi ilə maraqlandı. Dedim hər şey qaydasındadır. Bizim telefonda danışığımızın qaydaları var idi. İşinin xüsusiyyətlərinə bələd olduğumdan, ondan harada olduğunu heç vaxt soruşmazdım..


- Muradla son görüşünüz martın 26-da oldu, bəs sonra...

Telman kişi sualıma cavab vermədi... Sözümü yaraımçıq saxlayıb, əvvəlcə əlini ürəyinin üstünə qoydu, sonra bir siqaret yandırıb həyətə çıxdı... bayaqdan özünü sındırmayan, həsrətini-dərdini gizlətməyə çalışan, Muradın yoxluğunun acısını büruzə verməyən atanın, o müdhiş günləri danışmağa gücü yox idi. Bayaqdan üzdən özünü sakit göstərməyə başlayan bu çinar boylu kişi, əslində göründüyü kimi deyildi, dərd onu içəridən yeyirdi.


Araya uzun bir sükut çökdü. Sükütu Güllübəyim ana pozdu:

- Oğul dərdi ağır dərddir. 14 yaşından Murad evdən uzaq düşdü. Sonu da belə, balamızdan doymadıq. Uşaqları böyük olsaydı, məni bəlkə də bu qədər yandırmazdı. Murad şəhid olandan sonra, ilk günlər uşaqlar atalarının paltarlarını qucaqlayıb yatırdılar... 28 yaşında evləndi.  Gəlinim də şükür Allaha, oğlumu gözəl anladı, bir-birini Leyli-Məcnun kimi sevirdilər. Bir-birinə elə yaraşardılar ki... İndi gəlinim tək qalıb:

Qaradır qaşın ördək,
Yaşıdır başın ördək.
Həmişə cüt gəzərdiz,
Hanı yoldaşın, ördək...


Murad harada oldusa, gəlin də onun yanında oldu.  Çətinlikləri də oldu, gözəl günləri də oldu. Sonra ev aldılar. Heç təmir etdirdiyi evdə doyunca yaşamadı balam... vaxtı olan kimi  bir gündə neçə dəfə bizə zəng vururdu, hal-əhval tuturdu, deyirdi ki, özünüzdən muğayat olun. 
İnanın ki, toy-bayramda da uşağın üzünü doyunca görə bilmirdik. Gəlib qonaq kimi iştirak edib, gedirdi. Qardaşının toyu olanda, gecə qonaqlar dağılışanda, o da getdi... Toyun səhərisi günü də bizimlə birlikdə ola bilmədi. 
Çox gözə görünməyi, diqqətdə olmağı sevməzdi. Heç oğlu Nurlana da sünnət toyu etmədi.

2016-cı il bizə qənim kəsildi. Yaman bəd gəldi... Telman özü getmişdi tabutun dalınca, uşağın həlak olmasını elə həmin gün, aprelin 4-də bilmişdi, lakin tabutu gələnə qədər kimsəyə deməyib, dərdi ürəyində gəzdirmişdi. Biz hamımız  Muradın sağ qalmasına ümidli idik. Evdə kimsə onun ölümünü təsəvvür etmirdi...
Aprelin 4-ü gəlinimin anası zəng vurdu. Xəttin o başında hönkür-hönkür ağlayırdı. Nə baş verdiyini soruşdum, dedi ki, Muraddan xəbər yoxdur... Tez başılovlu həyətə qaçdım. Telman qoyun-quzunu rahlayırdı. Qışqırığıma  gəldi. Xəbəri ona verdim. Dedi, sakit ol, darıxma, indi bir xəbər öyrənərik...

Kişi başladı bütün tanıdıqlarına zəng vurmağa, qohum-dost, qalmadı... Eşidib-bilənlər tökülüşüb gəldilər həyətə... Qonum-qonşu, dost-tanış hamısı, bəlkə min dənə qurban dedilər ki, Muraddan bir xəbər çıxsın ki, sağdır.

Telman kişi, siqaertlə dərdini yandırdıqdan  sonra yenə gəlib bizimlə əyləşdi.

– Hə, xanım qız, aprelin 4-dən hər gün Tərtərə, Bərdəyə gedib-gəldim, hər yeri axtardım, evdəkilərə oğlumun şəhid olması xəbərini demədim. Gizlətdim hamıdan... Dərdimi tək içərimdə çəkdim. Onlara dedim ki, harada olsa, tapıb gətirəcəklər. Sağdır.
Ayın 9-da deilər ki, Qızıl Xaçın vasitəçiliyilə meyitləri dəyişdirirlər.  Dayandım təmas xəttinin yanında yaradılmış qərargahda... baxdım Muradı gətirəcək yollara...  hardasa 7-ci maşın gələndə, mənə o tərəfdən işarə etdilər ki, Muradın tabutu hansındadır. Getdim maşının dalınca, hadisə yerində olan rəhbərlərdən xahiş etdim ki, son dəfə oğlumla görüşməyə şərait yaratsınlar... sağ olsunlar, məni anladılar... Keçdim içəri, açdım balamın üzünü... Görüşdüm, halallaşdım... İnandım ki, tabutdakı mənim oğlumdur. Onu görməsəydim, şübhələrim qalardı... Biz həyətdə mərasim  üçün yer hazırlamışdıq, sonra dedilər ki, onun dəfnini Müdafə Nazirliyi özü təşkil edəcək... Oğlumu çox ləyaqətlə, adına layiq dəfn etdilər...
Mənim oğlum da, o biri şəhidlərin də hamısı bu Vətən üçün canlarından keçdilər. Ona görə də onların adlarını və xatirələrini uca tutmaq lazımdır.


Güllübəyim Mirzəyeva:

- Hər dəfə kəşfiyyatdan salamat qayıdıb gələndə, atasına zəng vurub deyirdi ki, qurban kəsin. Əsgərlərinə ata kimi baxırdı. Xüsusi təyinatlılar mənim gözümdə yenilməz adamlardır. Axırıncı gün görüşümüzdə, dedi ki, “ana elə yorğunam, gəl kürəklərimi ovxala”, deyə-gülə kürəklərini ovxaladlm...
Bilsəydim ki, axırıncı görüşümüzdür, başına dolanıb, qadasını alardım, doyunca qoxlayardım balamı... Tanrı balamı imamların, peyğəmbərlərin zirvəsinə ucaldıb... Neyləyə bilərəm... Əlimdən nə gəlir ki... Dünyaya gələndə adını Murad qoyduq, elə bildik ki, Muradımıza çatmışıq, sən demə o, muradımızı gözümüzdə qoyacaqmış...
1993-cü ildə mənim qardaşım Vahidin oğlu Azər Məmmədov da  Ağdamda itkin düşdü, onun meyiti tapılmadı... Murad hər zaman onun qisasını alacağını deyirdi... Bir dəfə də qardaşımın arvadı Ceyran ondan oğlu haqqında soruşanda dedi ki, “bibi sən rahat ol, Azərin qisasını almışam...”.

Murad şəhid olanda Ceyran mənə dedi ki, “bacı, bəs mən bu günə qədər gözləyirdim ki, Azəri Murad tapıb gətirəcək... Sənin Muradın gəldi, bəs mənim Azərim harda qaldı... Onu mənə kim gətirəcək... Gözüm yollardadır axı...”.

DOSYE: Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin mərhum zabiti Murad Mirzəyev 1976-cı ilin 31 martında Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmağa can atan Mirzəyev atasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib.

Murad Mirzəyev Azərbaycan Ordusunun zabiti kimi Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada keçirilən hərbi təlimlərdə iştirak edib. 

2016-cı il aprelin 4-də Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Zabitin nəşi həlak olandan bir neçə gün sonra - aprelin 10-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanından götürülərək,  Azərbaycana təhvil verilib.

Murad Mirzəyev 2016-cı il aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.

2004-cü ildə  ailə həyatı qurub. Şəhidin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı doğulub.
 

2016-cı ilin mayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.

Yazımı Telman kişini sözləri ilə bitirmək istəyirəm: ““Aprel döyüşləri” Ordunun gücünü göstərdi. Azərbaycan prezidenti insanları bu qələbə münasibəti ilə təbrik etdi... Allah qüvvət versin, yol göstərsin, biz qalan torpaqlarımızı da azad edək...”.



Aida Eyvazlı 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi