Modern.az

“Sinemanın kral və kraliçası...” Azərbaycanda: “Konkret sponsor yoxdur” - MÜSAHİBƏ

“Sinemanın kral və kraliçası...” Azərbaycanda: “Konkret sponsor yoxdur” - MÜSAHİBƏ

27 Noyabr 2017, 13:15

Türkiyənin məşhur “Sinemanın kral və kraliçasi: II sinema güzeli yarışması” layihəsində  bu ildən  Azərbaycan da iştirak edir. Hətta bununla bağlı təqdimat da olub.  Layihə Türkiyə ilə yanaşı Avropa  ölkələrini də əhatə edir.

 

Modern.az layihənin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Eyyubqızı ilə müsahibəni təqdim edir.  

 

- Bu layihənin Azərbaycanda keçirilməsində məqsəd nədir?

 

-Bu layihə Türkiyənin məşhur yarışmalarından olub. Ötən əsrin 70-ci illərində çox böyük reytinq qazanıb. O dövrdə Türkiyənin “Artist” və “Səs”  jurnallarının həyata keçirdikləri “Sinema Gözəli” yarışı ilə “Yeşilçam”ın  bir çox  istedadlı gəncləri  məşhur aktyor və aktrisalar  kimi tarixə düşüblər. Türkan Şoray, Tarık Akan, Fatma Girik, Cüneyt Arkın, Hülya Köçyiğit kimi  məşhur sənətçiər vaxtıyla bu yarışmalara qoşulublar. Və onun sayəsində məşhur olublar. Ötən il yenidən layihəyə start verilib.

“Sinemanın kral və kraliçasi:II sinema güzeli yarışması” layihəsinin rəhbəri Atilla Kaplakarslanın təşkilatçılığı ilə  müsabiqə elan oldundu və yarışlara başlanıldı. Yarışmanın qala gecəsinə mən də  dəvət olunmuşdum. Kimlər yox idi? İnanın, Türkiyənin bütün ünlü sənətçiləri orda idi. Onlar bu layihəyə çox  böyük önəm verirlər. Çünki burda təkcə gənclərin zahiri görünüşü önəmli deyil, onların mədəniyyəti,  intellekti, aktyorluq bacarıqlarına üstünlük verilir.  O ki, qaldı bizim məqsədimizə sizcə bu yarışda iştirakla biz nəsə qazanırıq, ya itiririk? Əlbəttə, qazanırıq. Gənclərimiz bu layihə ilə Türkiyə səhnələrinə yol aça bilərlər. Türkiyə isə bizim üçün  həm də Avropaya bir qapıdır.

 

- Doğrudanmı bu cür layihələrə Azərbaycanda ehtiyac var?

 

- Azərbaycan mədəniyyətinə və incəsənətinə xidmət edən istənilən layihəyə ehtiyac var.  Əgər bizə belə layihə təklifləri gəlirsə niyə razılaşmayaq?! Bu gün türk serialları yüksək reytinqlə təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkələrində nümayiş olunur. Bizim gənclərin o seriallarda iştirakı olarsa dolayısı ilə bu bizim inkişafımız deməkdir.Onlar kino tarixinə düşəndə də Azərbaycanın adı çəkiləcək, Eləcə də peşəkarlıqları artacaq,  sonralar incəsənətə gələn gənclər onlardan bəhrələnəcəklər.

 

- Müsabiqədə iştirak üçün gənclər necə müraciət edəcəklər?

 

Müsabiqədə iştirak etmək istəyən gənclər www.sinemaguzeli.com saytının Azərbaycan bölməsinə daxil olaraq qeydiyyatdan keçəcəklər. Qeydiyyatın son tarixi 15 yanvar 2018-ci ildir.  Bir neçə gün sonra isə “Sinema güzeli yarışması”nın təşkilatçısı Atilla Kaplakarslanın rəhbərlik etdiyi münsiflər Azərbaycanda  reallaşacaq yarışmada iştirak edəcəklər.  Münsiflər  heyəti başda Atilla bəyin komandası olmaqla Türkiyənin ən ünlü sənətçiləri və bu sahənin peşəkarları olacaq. Sonda 1 qız və 1 oğlan finala vəsiqə qazanacaq və birbaşa İstanbulda keçiriləcək son final yarışmasına qatılacaqlar.

Türkiyə, Avropa ölkələri və Azərbaycandan seçiləcək 14 qız və 14 oğlan finalçı onlar üçün yaradılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək. Türkiyədə ilk dəfə belə bir müsabiqədə mütəxəssis psixoloq da iştirak edəcək. O, finalçılar düşərgədə qaldığı müddətdə onların psixoloji vəziyyətini öyrənəcək. Gənclərin ruhi vəziyyətini araşdıran psixoloq münsiflər heyətinə bu barədə məlumat verərək psixoloji cəhətdən sağlam gənclərin seçilməsinə töhfə verəcək.

 

- Qeydiyyat prosesini  izah edərdiniz?

 

İlkin olaraq onu qeyd edim ki, ödəniş prosesində müəyyən çətinliklər yaranmışdı, lakin artıq bu aradan qaldırılıb. Müsabiqədə iştirak etmək istəyən 18-26 yaşarası gənclər qeydiyyatdan keçmək üçün bu prosedurları yerinə yetirməlidir: Müsabiqədə iştirak etmək üçün //www.sinemaguzeli.com/basvuru2 linkinə daxil olaraq müraciət formasını doldurmalısınız.

 

Daxil olduğunuz linkdə “Azərbaycandan müraciət etmək üçün klikləyin” düyməsini seçməlisiniz. Bu düyməni seçdikdən sonra “Engelsiz yaşam vakfı”nın səhifəsinə yönləndiriləcəksiniz. Burada şəxsi məlumatlarınızı yazmalı və fondun hesabına 150 Türki lirəsi köçürməlisiniz. İanə bu hesaba köçürülməlidir: 

Bank: İstanbul 4. Levent şöbəsi
Şəhər: İstanbul
Bölgə: Beşiktaş
Ölkə: Türkiyə
Poçt indeksi: 34330
Hesab: ARİF IŞIK
Hesab nömrəsi: 84016922-5002
Sort code ABA No: İBAN: TR550001001165840169225002
Swift Code: TCZBTR2A

 

Bütün xanaları doldurduqdan və yardımı etdikdən sonra “Bağışı onayla” düyməsini sıxırsınız. Bununla da müraciətiniz qeydə alınır. Bir iş günü ərzində ödəməni etmədiyiniz təqdirdə müraciətiniz ləğv olunacaq.

 

- Bu qeydiyyatın ödənişli olması sizə elə gəlmirmi ki, istedadlı, lakin imkansız gənclərin qarşısını alacaq və onlar müraciət edə bilməyəcəklər?

 

- Bu qayda onlarındır. Yəni ötən ilki yarışda da  belə olub.  Bir də bu  həm də onu göstərir ki, bu sahəyə ciddi marağı olanlar üz tutacaq. Daha boşluqdan başını qatmaq üçün elə-belə gələnlər olmayacaq. Onu da deyim ki, AtillaKaplakarslan layihədən gələn  gəlirlərinin bir hissəsini imkansız uşaqlara verir. Bu özü də gözəl bir aksiyadır.  

 

- Layihəyə start verəndən bu günə kimi nə qədər müraciət olub?

 

- Dəqiq rəqəm deyə bilmərəm, amma müraciətlər var. Hətta İstanbuldan da bizim ölkənin vətəndaşı olan gənclər müraciət edib. Əslində, dünyanın istənilən yerindən kimsə istəsə bu yarışmaya qoşula bilər. Təsəvvür edirsiniz hələ tam  reklam işlərinə başlamamışıq , amma müraciətlər var. Ümid edirəm ki, gənclər fəal olacaqlar.

 

- Sponsurlarınız kimlərdir?

 

- Düzü elə konkret sponsurumuz yoxdur. Sadəcə dostlar dəstək olurlar. Kimlər ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında maraqlıdırlar.  Amma çox istərdim ki, Azərbaycan kinosunun, incəsənətinin gələcəyini parlaq görmək istəyənlər də bizdən öz dəstəklərini əsirgəməsinlər.  

 

- Sizin özünüz də burdan qazanc əldə edəcəksiniz?

 

- Mən, yəqin ki, oxucular da bilər, aparıcıyam. Azərbaycan Televiziyasında və sonra da Lider TV-də çalışmışam. Bu iş içimdən gələn bir hissdir. Düşünürəm ki, çox xırda da olsa nəsə etsəm, demək mən də bu cəmiyyətin inkişafında varam. Mənimlə çalışan insanlar da etiraf edə bilərlər ki, çox çətinliklər çəkirəm. “Amma geri çəkilmək yox”-deyərək ümidlə bu layihənin gələcəyinə doğru gedirəm. Ailəm də mənə dəstək olur - xüsusilə həyat yoldaşım. O da televiziyada çalışır, işinin çox olmasına baxmayaraq yanımda oluduğunu görürəm. 

 

- Nə zaman Azərbaycan kinosu dünya miqyaslı filmlər sırasına çıxacaq?

 

- Məsələn, “Əli və Nino” filmi elə dünya miqyaslı filmdir. Sadəcə belə keyfiyyətli işlərimizi çoxlatmalıyıq.

Bizim bu layihə də əslində türk seriallarına çəkilişlə bağlıdır. Amma yəqin ki, bu yarışma istedadlı gənclərin kinoya da yolunu aça bilər. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı