Modern.az

MTRŞ Şuşa televiziyasının açılması üçün təşəbbüs GÖZLƏYİR

MTRŞ Şuşa televiziyasının açılması üçün təşəbbüs GÖZLƏYİR

27 Noyabr 2017, 16:12

Azərbaycan Televiziyası radiodan düz 30 il sonra-1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bu, Stalin rejimindən qurtuluş tapan sovet cəmiyyətində aşkarlığın rüşeymlərinin yenicə yaranan dövrünə təsadüf edirdi. Həmin zaman Şuşa televiziyası da fəaliyyət göstərirdi. Beləki, 1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan vermişdi.

 

Bəs hazırda Şuşa və ya ümumiyyətlə Qarabağ televiziyasının yaradılması mümkündürmü?

 

Bununla bağlı Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov Modern.az-a danışıb:

 

“Əvvəllər qeyd etdiyiniz kimi Şuşa televiziyası var idi. İndi də region televiziyaları mövcuddur. Lakin Şuşanın əhalisi haradadır ki, ayrıca televiziya da olsun?

 

Allah qoysa, Şuşaya gedəndə öz televiziyamız olacaq. Təbii ki, ümumi Qarabağ televiziyasının yaradılması yaxşı olardı. Düzdür, Qarabağ Azərbaycanın regionlarından biridir. Amma təəssüf ki, hazırda həmin bölgə bədnam düşmənlərimizin əlindədir. Bu baxımdan belə bir televiziyanın yaradılması çətin məsələdir. Eyni zamanda bununla bağlı hansısa təşəbbüs irəli sürmək üçün  mənim də gücüm çatmaz”.

 

B.Səfərov qeyd edib ki, torpaqlarımız işğaldan azad ediləndən sonra televiziyanın yaradılması mümkün olacaq:

 

“Bilirsiniz, işğal altında olan torpaqlarımızla əlaqəli bütün həqiqətləri dünyaya çatdırmaq üçün əlimizdən gələni edirik.  

 

Qarabağ televiziyasının yaradılması tez ya da gec ola bilər. Yaxşısı budur ki,  Qarabağ haqqında bütün vətəndaşlarımız fikirləşsin və hamı qarabağlı olsun. Bizim bu gün əsas istəyimiz də budur. Televiziya və ya başqa bu kimi məsələlər torpaqlarımız geri qayıdan zaman olacaq.

 

Gördüyünüz kimi cənab prezident Cocuq Mərcanlıda qısa müddətdə gözəl şərait yaratdı, əhalini hər şeylə təmin etdi. Bu baxımdan biz şuşalılar, xocalılar, qarabağlılar - hamımız bilirik ki, torpaqlarımız azad ediləndən sonra prezidentimiz bizim üçün də gözəl şəraitlər yaradacaq. Yəni Qarabağda televiziya, ümumiyyətlə hər şey olacaq”.

 

Milli Televiziya və Radio Şurasından (MTRŞ) Modern.az-a verilən məlumata görə, Qarabağ televiziyasının yaradılması üçün öncə təşəbbüs olmalıdır.

 

Qeyd edilib ki, MTRŞ yalnız icraedici orqandır və bununla bağlı hər hansı qərarın qəbul edilməsi müraciətlərdən asılıdır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!