Modern.az

Azərbaycanın Türkiyədəki yeni səfirinin xanımından ilk aksiya  - FOTOLAR

Azərbaycanın Türkiyədəki yeni səfirinin xanımından ilk aksiya  - FOTOLAR

27 Noyabr 2017, 16:50

Ankara elit cəmiyyətindən Azərbaycan məhsullarına böyük maraq

Ötən bazar günü Türkiyə XİN əməkdaşlarının həyat yoldaşları tərəfindən yaradılmış ictimai qurumun (Dışişleri Mensupları Eşleri Dayanışma Derneği) təşkil etdiyi Xeyriyyə Bazarında Azərbaycan səfiriliyi də fəal iştirak edib.


Əsasən, Ankaranın elit təbəqəsinin qatıldığı ənənəvi yarmarkada Azərbaycana aid iki stend qurulmuşdu.


Birinci stenddə Azərbaycan milli mətbəxinə aid qaralı plov, yarpaq dolması və dovğa təqdim olunurdu.

Digər stenddə isə səfirliyimizin, eləcə də “Azpromo” şirkətinin təşkilatçılığı ilə gətirilmiş "Made in Azerbaijan” brendli məhsullar nümayiş olunurdu. Yarmarka iştirakçıları milli ornamentli qadın şərfləri, çaylar, müxtəlif mürəbbələr, qoğal, şəkərbura və paxlavalar, zoğal, tut və tərxun araqları, şərablar, konyaklar və suvenir əşyaları ala bilərdilər.
 

Qadınlar şərfləri, kişilər içkiləri bitirdilər

 

Azərbaycan içkilərinə, eləcə də şərflərə yüksək tələbat olub.

Emine Polat milli ornamentli şərflərimızə çox diqqət göstərən iştirakçılardan idi. Tədbirə rəfiqələri ilə qatılmış Əminə xanım bir neçə şərf aldı: “Şərflərin  rəngləri çox xoşuma gəldi. Çox gözəl, zövqlü hazırlanıb. Özəl dizayna bənzədiyi üçün bəyənib aldım”, deyir Əminə Polat. Və əlavə edir ki, aldığı şərfı həvəslə taxacaq.

Azərbaycan səfirliyinin satış stendində maraqlı mənzərəni müşahidə etdik. Az əvvəl Azərbaycan şərabının pulunu kassada POS cihaz vasitəsi ilə ödəyən Ömər Salih adlı bir bəy əfəndi, stendə yaxınlaşarkən seçdiyi şərabın artıq başqa bir müştəri tərəfindən alındığını görüb təəssüfləndi.

Məsələ bundadır ki, POS cihaz vasitəsi ilə olan ödəmələr kassada, nəğd ödəmələr isə stend başında edilirdi. POS cihazla ödəmə edən müştəri, seçdiyi məhsulun ayrılıb kənara qoyulması üçün stend təmsilçisinə əvvəldən məlumat verməli idi.


Ömər bəy bunu bilmədiyi üçün şərabını ayırtmadan ödəməyə getmişdi. Onun üzüntüsü görən stend təmsilçisi əlavə ödəmə tələb etmədən xüsusi şüşəyə doldurulmuş konyakı Ömər bəyə uzatdı.
“Bu içkinin şüşəsinə bayıldım. Onu içki barımın ən gözəl yerinə qoyacam”, deyib sevinclə stenddən ayrıldı.

Yarmarkanın açılışından iki saat sonra stendlərimiz demək olar ki, boşalmışdı. Digər səfirliklərin stendlərində isə durum fərqli idi – bir çoxunda məhsullar toxunulmamış dururdu.

 

Səfir xanımının Türkiyədə ilk ictimai aksiyası

 

Yarmarkanın Azərbaycan tərəfdən təşkilatçısı olan səfir Xəzər İbrahimin xanımı Zümrüd İbrahim idi. Bu tədbir səfir xanımın Türkiyədə ilk ictimai aksiyası idi.

 O, Modern.az-a deyib ki, “hər il təşkil olunan bu tədbirdə müxtəlif ölkələr öz adət-ənənələri, milli mətbəxi və mədəniyyətlərini nümayiş etdirən məhsulları satışa çıxarırlar”.

“Tədbirdən əldə olunan vəsait mədəniyyət və təhsil sahəsində xeyriyyə məqsədli layihələrin maliyyələşdirilməsinə yönləndirilir. Xeyriyyə yarmakasına cıxardığımız məhsullar mədəniyyətimizi, milli mətbəximizi təqdim etməyə imkan verdi. Ankarada təhsil alan tələbələrimiz milli geyimlərimizdə stendlərimizin başında duraraq, həm işimizə kömək etdilər, həm də mədəniyyətimizi təbliğ etdilər”, - deyə Zümrüd İbrahim əlavə edib.


İlhamə QASIMLI,
Ankara

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir