Modern.az

Sağlamlığınıza laqeyd yanaşmayın – 7 ƏLAMƏTİN FƏSADLARI

Sağlamlığınıza laqeyd yanaşmayın – 7 ƏLAMƏTİN FƏSADLARI

27 Noyabr 2017, 21:15

Orqanizmdə yaranan ən kiçik problem belə, hər hansı bir əlamətlə öz sahibinə xəbərdarlıq edir. Təəssüf ki, bir çox insanlar bu əlamətlərə məhəl qoymur, onların ötəri olduğunu düşünür. Son nəticədə isə sağlamlıqda yaranan bu kiçik problemlər aradan qaldırılmamaqla ciddi xəstəliklərə səbəb olur.

 

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazını təqdim edir.

 

Orqanizm çox mürəkkəb sistem olmaqla yanaşı, həm də öz problemlərini tez biruzə verməyi bacaran bir strukturdur. Sağlam olmaq üçün sadəcə ona qulaq asmaq, orqanizmin xəbərdarlıq əlamətlərinə lazımi reaksiya vermək lazımdır.

 

Bu əlamətlər hansılardır?

1. Əgər dodaqlarda tez-tez çatlar əmələ gəlirsə və dodaqların ağız guşələrində əzələ zəifliyi hiss olunursa, bunlarla yanaşı diqqətin tez-tez yayınması müşahidə edilirsə, saç tökülməsi artırsa bu orqanizmdə B2 vitamininin kəskin çatışmazlığına ciddi siqnaldır. Bunu aradan qaldırmaq və pozulmuş vitamin tarazlığını bərpa etmək üçün qida rasionuna süd məhsulları, yumurta, şaftalı, armud, pomidor və gül kələmi daxil edilməlidir.

 

2. Ağızda quruluq olursa bunu həmin an üçün keçirilən stress və həyəcanın normal halı kimi qəbul etmək olar. Əgər bu uzun müddət davam edirsə artıq narahat olmağa dəyər. Çünki orqanizmdə kəskin şəkildə B3 vitamini çatmır. Orqanizmi bu vitaminlə təmin etmək üçün qida rasionunda daha çox quş ətinə, mal ətinə, qoza üstünlük verilməlidir. Ağızda quruluğun səbəbi tüpürcək vəzilərinin iltihabı və şəkərli diabetin başlanğıc mərhələsi də ola bilər.

 

3. Əgər sidiyin rəngi tünddürsə bu ilk növbədə orqanizmin lazımi qədər maye qəbul etməməsinin əlamətidir. Uzun müddət sidik tünd rəngdədirsə və bu süstlük, əzginlik, yüksək temperaturla müşaiyət olunarsa, bu artıq sidik-cinsiyyət sistemində olan ciddi problemlərə işarədir. Ləngimədən həkimə müraciət edilməlidir.

 

4. Burundan tez-tez qan açılırsa, ilk növbədə qan təzyiqi yoxlanılmalıdır. Əgər təzyiq normaldırsa, demək orqanizmin K vitamininə ehtiyacı var. Bu vitamini təmin etmək üçün kələm, ispanaq və gicitkandan daha çox istifadə edilməlidir.

 

5. Bədəndə olan adi bir yaranın sağalması uzun çəkirsə, demək orqanizmdə sink çatışmazlığı var. Bu problemi dəniz məhsulları asanlıqla aradan qaldıra bilər.

 

6. Dəridə qabıq yaranırsa və o soyulursa, qida rasionuna A vitamini ilə zəngin məhsullar daxil etməklə həm problemi aradan qaldırmaq, həm də dərinin təravətini təmin etmək olar. Əgər dəri soyulması qaşınma ilə müşaiyət olunursa bu artıq dəridə ciddi göbələk xəstəliklərinin əlamətidir. Problem daha dərinə kök salmamış həkimə müraciət edilməlidir.

 

7. Bədəndə göyümtül ləkələrin görünməsi, dərini zəif sıxdıqda belə ləkələrin yaranması qaraciyər və qanla bağlı problemlərə işarədir. Bu problemi aydınlaşdırmaq və vaxtında aradan qaldırmaq üçün mütləq şəkildə laborator müayinədən keçilməlidir.

 

Sağlamlığınızdakı problemlər haqqında xəbərdarlıq əlamətlərinə laqeyd yanaşmayın. Nəzərə alın ki, istənilən xəstəlik ilkin mərhələdə daha asan və daha tez müalicə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir