Modern.az

“Tofiq Hacıyevin ölümü xeyli işlərin reallaşmasını ləngitdi” - Anım günü

“Tofiq Hacıyevin ölümü xeyli işlərin reallaşmasını ləngitdi” - Anım günü

Ədəbi̇yyat

27 Noyabr 2017, 22:52

2015-ci ilin bu günündə Azərbaycan elminə ağır itki üz verdi. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev faciəvi şəkildə vəfat etdi; dəm qazından zəhərlənərək dünyasını dəyişdi. Tofiq Hacıyevin ailəsindən bildirilib ki, akademik bu gün səhər saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişdi.  

 

Modern.az-ın məlumatına görə, Tofiq İsmayıl oğlu Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub.

 

1958-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

 

1962-ci ildə «Azərbaycan dilinin Cəbrayıl şivəsi» adı ilə namizədlik, 1969-cu ildə «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili» adlı doktorluq dissertasiyası müdafiə edib. T.Hacıyev həm dil, həm də ədəbiyyat məsələləri ilə məşğul olub.

 

Onun «Sabir: qaynaqlar və sələflər»(1980), «Şeirimiz, nəsrimiz, ədəbi dilimiz» (1990), «Dədə Qorqud: dilimiz, düşüncəmiz»(1999), «Mikayıl Baştunun «Şan qızı dastanı» və poetikası»(2005) kitabları, kollektiv tərəfindən ali məktəblər üçün hazırlanmış «Azərbaycan sovet ədəbiyyatı» (1988) dərsliyində və «Azərbaycan ədəbiyyatı tarixi» (6 cilddə, I cild) kitabında müəllif kimi iştirakı bu ümumi filoloji yaradıcılığın nəticəsidir.

 

Azərbaycan türk ədəbi dili tarixinin mütəxəssisi kimi o, «Azərbaycan ədəbi dili tarixi» (2-ci hissə, 1987) dərsliyinin, «Azərbaycan ədəbi dili tarixi» (1976), «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili»(1977), «Azərbaycan dili tarixi» (1983, K.Vəliyevlə şərikli), «Azərbaycan dili» (1993, Z.Budaqova ilə şərikli) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

 

Tarixi üslubiyyat sahəsində də səmərəli fəaliyyət göstərən Tofiq Hacıyevin klassiklərimizin dili-üslubu ilə bağlı onlarla məqaləsi, «Satira dili»(1975), «Yazıçı dili və ideya-bədii təhlil» (1979), «Molla Nəsrəddin»in dili və üslubu» (1983), «Füzuli: dil sənətkarlığı» (1994) kitabları həmin mövzudadır.

 

T.Hacıyev ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazırlanmasında təşkilatçı və müəllif kimi iştirak edir. Onun rəhbərliyi ilə yeniləşdirilmiş «Orta ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün türk dili proqramı» (1993) çap olunmuşdur. İlk dəfə orta məktəblər üçün «Türk dili» (IX sinif üçün,1994, şərikli), «Türk dili» (X-XI siniflər üçün, 1994, şərikli), «Azərbaycan dili» (orta ümumtəhsil məktəblərinin IX sinifləri üçün, 1991, şərikli), «Azərbaycan dili» (orta ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün, 1998, şərikli), «Azərbaycan dili» (orta ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün, 2004, şərikli) dərslikləri nəşr edilib.

 

M.Adjının Türklər haqqında obyektiv tarixi məlumat verən «Qıpçaq çölünün yovşanı», eləcə də «Dünya və türk: munis tariximiz» kitablarını, B.Serebrennikov və N.Hacıyevanın «Türk dillərinin müqayisəli tarixi qrammatikası», «Mikayıl Baştunun «Şan qızı dastanı» əsərlərini ruscadan Azərbaycan türkcəsinə tərcümə edib.

 

IX əsr bulqar-tatar şairi Mikayıl Baştunun «Şan qızı dastanı»nın ruscadan Azərbaycan türkcəsinə sətri tərcüməsini etmiş və onun monoqrafik təhlilini verərək «Mikayıl Baştunun «Şan qızı dastanı» və poetikası» kitabını çap etdirmişdir. Alim 33 kitabın, 300-dən çox elmi məqalənin müəllifidir.

 

T.İ.Hacıyev SSRİ dövründə Kişinyov, Odessa, Nalçik, Tbilisi, Moskva, Alma-Ata, Düşənbə, Nukus, Bişkək, Ufa və başqa şəhərlərdə keçirilmiş ümumittifaq dilçilik müşavirə və konqreslərinin fəal iştirakçısı olub.

 

Sonralar o, Qayseri (1990), Tehran (1993, 1995), Antalya (1993), Bakı (1992, 1994, 1996), Ankara (sentyabr 1996, dekabr 1997, sentyabr 2002), Urmiya (1997), Bursa (1996), Konya (oktyabr 1998), Təbriz (dekabr 1998), İzmir (2000) şəhərlərində keçirilmiş uluslararası elmi konqres və qurultaylarda dəyərli mə’ruzələrlə çıxış edib.

 

1984-cü ildən BDU-da türkologiya kafedrasına rəhbərlik edirdi. 1993-cü ildə Azərbaycan Respublikasının maarif naziri vəzifəsində işləyib. 1995-ci ildən Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvüdür. 1998-ci ildə Türkiyə Cümhuriyyətinin «Ləyaqət nişanı» (orden) ilə təltif olunmuşdur. Türkiyə Atatürk Kültür Qurumunun hazırladığı 30 cildlik «Türk dünyası ədəbiyyatı tarixi»nin müəlliflərindən biridir.

 

2002-ci ildə Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin «Türk dünyasına xidmət» ödülünün sahibi olub.

2004-cü ilin mayında Qaraman Türk Dili mükafatına, 2004-cü il iyulun 17-də Atatürk Dil Qurumunun Üstün Hizmət Baratına layiq görülüb. Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.

 

SSRİ dövründə Sovet Türkoloqlar Komitəsinin və SSRİ universitetləri elmi-metodik ali filoloji şurasının üzvü olub. İki cildlik «Dədə Qorqud kitabı ensiklopediyası»nın aparıcı müəlliflərindən biri və birinci cildinin (Bakı, 2000) redaktorudur.

«Üzeyir Hacıbəyov ensiklopediyası» (Bakı, 1996) və AMEA-nın altı cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin müəlliflərindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin latın qrafikalı kitabların çap olunması haqqında sərəncamı ilə bağlı dörd kitabın tərtibçisi və redaktoru olub: «Dədə Qorqud dünyası» (Bakı, 2004), «Dədə Qorqud kitabı». Ensiklopedik lüğət kitabı (Bakı, 2004), «Kitabi-Dədə Qorqud» əsil və sadələşdirilmiş mətnlər» (Bakı, 2004). «Azərbaycan Sovet Ensiklopediyası»nda yüzə qədər məqaləsi dərc olunub. Əməkdar elm xadimidir, AMEA-nın həqiqi üzvüdür.

 

2014 -cü il in dekabr ayından “Türkologiya” jurnalının baş redaktoru idi.

 

Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində işləyirdi.

 

Alimin sabiq iş yoldaşı və yaxın dostu, professor Qulu Məhərrəmli Modern.az-a açıqlamasında Tofiq Hacıyevi anım günündə yad etdi:

 

“Tofiq Hacıyev həm alim kimi, həm elm təşkilatçısı kimi bizim ictimai düşüncəmizdə xüsusi yeri olan bir adamdı. Əlbəttə, birinci növbədə o, dil mütəxəssisi idi. Azərbaycan ədəbi dilinin tarixini, dilin ədəbi-nəzəri problemlərinin işıqlandırılmasında, araşdırılmasına, dil tarixinin mərhələlərə bölünməsində çox ciddi xidmətləri olan görkəmli alimdir. Onunla iki il işlədim. Özü məni dəvət etdi; Monitorinq şöbəsinin rəhbəri işlədim. O iki ildə Tofiq müəllimdə bir çox keyfiyyətləri aşkarladım. Baxdım ki, insan ictimai ölçüləri böyük olanda, bu millətin oğlu, övladı olduğunu duyanda, onun dili, mədəniyyəti, kulturoloji düşüncəsi üçün məsuliyyət daşıyanda bütövlükdə elmə bağlanır. Xalq, toplum üçün bacardıqlarını əsirgəmir. Şəxsiyyət kimi də parlaq insan idi. Azərbaycanda ədəbi dil tarixinin yazılmasında onun böyük rolu var. Kitabi Dədə Qorquddan tutmuş, yazılı ədəbiyyatımızda bir çox mütəfəkkirlərin- Füzulinin ədəbi dili ilə bağlı dəyərli əsərləri var. Son tədqiqat əsəri isə Üzeyir Hacıbəylinin əsərlərinin dili ilə bağlı idi.

 

Tofiq müəllim çox böyük məktəb idi. Təəssüf ki, indi bizdə Tofiq Hacıyev miqyasında dilçilər yetişmir. Nəyin hesabına bu səviyyəyə çatmışdı: əvvəla Allah buna bu cür istedad vermişdi, ikincisi özü də zəhmətkeş adam idi. Özü çox oxuyur, yorulmadan tədqiqatlar aparırdı.

 

Hər zaman da bu millətin övladı olmaqla fəxr edir, onun dilini, tarixini yorulmadan araşdırırdı. Azərbaycan üçün xalqımız üçün Tofiq Hacıyev adı qızıl hərflərlə yazılmalıdır”.

 

Akademikin tələbəsi və sabiq iş yoldaşı, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri İdris Abbasov Tofiq Hacıyevin yoxluğunu şəxsən özü üçün, həmçinin, dilçilik sahəsi üçün böyük itki hesab edir:

 

“Akademik Tofiq Hacıyev Azərbaycan dilçiliyi üçün qənimət alimlərdən idi. Alim çoxdur, amma sözü ilə əməli üst-üstə düşən alim çox azdır. Azərbaycan elminin Tofiq Hacıyev kimi mərd, prinsipial, mənəviyyatlı, sözünün ağası olan əsl ziyalılara dövlətimizin və millətin böyük ehtiyacı var. O, titul, ad düşkünü deyildi. Bəlkə də elə ona görə idi ki, layiq olduğu halda, “akademik” adı da ona ömrünün son illərində verilmişdir. Tofiq Hacıyev şəxsiyyətində millilik əzmkarlıqla, mərdlik və cəsarətlə bir addımlayırdı. Düzlük naminə qrup maraqlarının əleyhinə çıxmaqdan çəkinmirdi. Böyük alimin əqidəsinə görə, qrup və şəxsi maraqlar dövlət maraqlarını təhlükə altına qoyur. O, daim yeniliyə can atırdı, özünü tutduğu vəzifə mövqeyi ilə yox, çəkdiyi zəhmətlə sübut edən alim idi. İstər türkologiya, ümumi dilçilik, istərsə də Azərbaycan dilçiliyi sahəsində gördüyü işlər və qoyduğu miras göz qabağındadır. Tofiq Hacıyevin bir spesifik cəhəti də ondan ibarət idi ki, o, milli-dövlətçilik ideologiyasına sıx bağlı idi. Bəlkə də ona görə idi ki, istedadı, qabiliyyəti olan, amma “adamı”, imkanı olmayan gənclərə əl tuturdu, onları bəzi vəzifə tutmuş alimlərdən fərqli olaraq, süni surətdə narazı lara çevirmirdi, əksinə, faydalı işlərə cəlb edirdi. Tofiq Hacıyev haqqında çox yazmaq, çox demək olar. Onun kimi alimlər barmaqla sayılır. Qəlbləri yaltaqlığın iqamətgahına çevrilmiş “alimlərdən” fərqli olaraq T.Hacıyevin qəlbi səmimiyyət, qayğıkeşlik, toxgözlülüklə dolu idi. Doğru, dürüst, şəfqətli, mərhəmətli, mərd, həyalı alim! Yalnız bu keyfiyyətləri daşıyan insan dilçiliyin, ana dilinin keşiyində dura bilərdi! Və yalnız bu keyfiyyətlərin yiyəsi tarixin arxivinə atılmış şedevrləri üzə çıxara bilərdi! “Akademiyaya, universitetə layiq deyilsən!” – deyib küncə-bucağa sıxışdırılan əsl alimləri, milli kadrları məhz Tofiq Hacıyev Vətən elminin inkişafına töhfələr verməyə cəlb edə bilərdi, taleyüklü işləri gördürə bilərdi. Böyük alimin arzuları və planlarının bir qismi gerçəkləşdi, amma hələ onun ideallarını gerçəkləşdirmək üçün qarşıda ciddi işlər dayanır. Tofiq Hacıyevin Azərbaycan dilçiliyinə və dolayısı ilə Azərbaycan dövlətçiliyinə, bir alim kimi, xidməti misilsizdir. Düzdür, onun həyatdan vaxtsız köçməsi (79 yaşı olsa da, çox sağlam və gümrah idi, zehni və ideyaları yepyeni idi, təsadüfi ölüm!) dilçiliklə bağlı bəzi işlərin reallaşmasını ləngitdi. Şəxsən, bunu mən öz həyatımda müşahidə etdim. Həmişə iş görməyə ruhlandıran, elmin inkişafı üçün vacib olan sağlam elmi rəqabət mühiti yaradan, özünü elmə həsr edənlərə atalıq qayğısı göstərən, xoş sözlər söyləyən insan artıq aramızda yoxdur. Onu əvəz edəcək şəxs isə çətin ki, ola. 178 il bundan əvvəl rus dilində yazılmış və heç kəsin bu dərəcədə maraq göstərmədiyi, yaxud bacarmadığı ana dilimizin qızıl abidəsini məhz Tofiq Hacıyev kimi ümummilli maraqların qeydsiz-şərtsiz müdafiəçisi olan şəxsiyyət ana dilinə tərcümə etdirə bilərdi və bacardı da. Böyük şəxsiyyətin gerçəkləşdirə bilmədiyi arzularını isə reallaşdırmaq bizim borcumuzdur. Uca Allahın rahat və rəhmətinə qovuşan böyük ustad! Sənin parlaq ideallarını gerçəkləşdirmək uğrunda son nəfəsimizədək çalışmağa söz vermişik! Ruhun şad olsun!”

 

E.Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır