Modern.az

“Ermənistanda qarabağlı rəhbərləri qovmaq üçün bəzi qruplar fürsət gözləyir”

“Ermənistanda qarabağlı rəhbərləri qovmaq üçün bəzi qruplar fürsət gözləyir”

Dünya

28 Noyabr 2017, 09:16

Qarabağda yaşayan ermənilər erməni millətçiləri və şovinistlərin girovu olub.

Zaman-zaman Qarabağ erməniləri ilə Ermənistanda yaşayan ermənilər  arasında narazılıqlar olub və bu, getdikcə daha da irəliləyir.

Bu baxımdan vəziyyət kəskinləşə və ermənistanlılarla qarabağlılar arasında ciddi qarşıdurmalar yarana bilərmi?

Məsələ ilə bağlı Azərbaycan Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı, professor Qafar Çaxmaqlı Modern.az-a danışıb:

“Qarabağ erməniləri ilə Ermənistanda yaşayan ermənilər arasında anlaşmazlıqlar çoxdan var. Ermənistan erməniləri qarabağlıları heç zaman sevməzlər. Hətta onları çox zaman "Eşşək Qarabağlı" adlandırırlar. Qarabağ klanı Ermənistanda hakimiyyəti 1996-cı ildən ələ keçirəndən sonra bu narazılıqlar artmağa başlayıb. Koçaryan, Sarkisyan və onların arxasında duran “müharibə partiyası" Ermənistanda gəlir gətirən bütün rıçaqları ələ keçirib. Zaman-zaman bunlar arasında sui-qəsd və ölümlərə səbəb olan hadisələr də olub. Bu klandan xilas olmaq üçün Ermənistan və diasporun bir çox qruplaşmaları mübarizə aparırlar. Qarabağ klanı isə sadəcə olaraq hakimiyyəti əldən verməmək üçün tədbirlər görür. Bu tədbirlərdən biri ölkədəki radikal grupları zərərsizləşdirmək, digəri isə ifadə azadlığının məhdudlaşdırılmasıdır”.


Q.Çaxmaqlı qeyd edib ki, narazılıqların ciddi münaqişələrə səbəb olub-olmayacağını zaman göstərəcək:

“Ermənistanda indi həbsdə yatan onlarca hakimiyyətə müxalif siyasətçi və jurnalist var.  Hakimiyyət əleyhinə olan bu qruplara qarşı repressiyalar davam edir.  Fərqli fikir söyləyənlər ölkəni tərk etməyə məcbur edilir. Sarkisyan hakimiyyətinin yalançı vətənpərvərliyi bir çox problemlərin dərinləşməsinə, ölkə iqtisadiyyatının bərbad günə salınmasına gətirib çıxarıb. Siyasi anlamda Qarabağ məsələsinin həll edilməməsi də bəzi yerli qüvvələri narazı salır.  Belə bir fikir var ki, Sarkisyan hakimiyyətini uzatmaq üçün qəsdən Qarabağ danışıqlarında elə bir mövqe sərgiləyir ki, məsələ həll edilməsin. Ter-Petrosyan səviyyəsində dəfələrlə bu fikir səsləndirilib. Ermənistanda Sarkisyan və digər qarabağlı rəhbərləri ölkədən qovmaq üçün bəzi qruplar fürsət gözləyirlər. Tez-tez belə şüar səsləndirilir: "Qarabağlılar rədd olun!".  Bu, ciddi münaqişələrə gətirib çıxara bilərmi?  Bunu isə zaman göstərəcək”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi