Modern.az

Zoologiya İnstitutunun direktoru: “Qadın kişidən 80 min il əvvəl yaranıb” 

Zoologiya İnstitutunun direktoru: “Qadın kişidən 80 min il əvvəl yaranıb” 

Müsahibə

28 Noyabr 2017, 11:01

Elman Yusifov: “Elmi institutların dini təbliğ etməsi yaramazlıqdır”

 

“Qarğalar Bakının sanitarlarıdır”

 

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik.

 

- Elman müəllim, Zoologiya İnstitutunun direktorsunuz. Amma elmi dərəcənizə baxdıqda görürük ki, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorusunuz. Bu məsələyə bir az aydınlıq gətirərdiniz.

 

- Ümumiyyətlə təbiət elmlərə bölünməyib. Təbiət birdir və onun qanunauyğunluqları da eynidir. İnsanlar fizikaya, riyaziyyata, kimyaya, biologiyaya bölünmürlər. Bu baxımdan siz dediyiniz məsələdə heç bir qeyri-adilik yoxdur. İkinci bir tərəfdən isə götürəndə mən biofizikəm. Mənim dissertasiya işim katalaza fermentinin fəza quruluşunun rengnestruktur analizi ilə öyrənilməsi ilə bağlıdır. Mən Moskvada məşhur bir elmi mərkəzdə zülalların fəza quruluşunu öyrənmişəm. Zülal və fermentlər bioloji fermentlerdir. Bundan sonra mən uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışmışam. Elmi-Tədqiqat Meşəçilik İnstitutunun elmi işlər üzrə direktor müavini olmuşam. 14 il Zoologiya İnstitutunda şöbə müdiri vəzifəsində işləmişəm. Təxminən 40-a yaxın bioloji müxtəlifliyə dair məqaləm, ekologiyaya dair monoqrafiyalarım var. Bunlar həm floranı, hə də faunanı əhatə edir. Ali təhsil ocaqlarında neçə illər dərs demişəm.

 

- Bioloji müxtəlifliyi yaradan nədir? Niyə hər yerdə bütün canlılar və növlər eyni olmadı?

 

- Bioloji müxtəliflik təbiətdə olan növlərin külliyyatı, onların populyasiyaları, yaşadıqları ekosistemlər, çəmənliklər, bataqlıqlar, dağlıq ərazilər və sairdir. Bioloji müxtəlifliyin olması həmin ərazilərdəki mühitdən asılıdır. Bəzi canlılar soyuq temperaturda yaşayır, bəziləri isti. Ya da bəziləri suda, bəziləri səhra rejimində yaşayır.

İnsan bir növdür – homo sapiens. Amma Çində, Monqolustanda yaşayan insan başqa cürdür, çünki orada iqlim fərqlidir. Orada kəskin küləklər əsir. Günəş parıltısı yüksək olan Saxara ərazilərində, Hindistanda başqa cürdür. Avropa insanları daha açıq dərili və göygözdürlər. Bunlar hamısı uzun illər boyu iqlim şəraitinin növün formalaşmasına təsirindən doğur.

 

- Elman müəllim, sizcə heyvanlar necə oldu yarandı?

 

- Gəlin buradan başlayaq – həyatın yaranmasından. Həyatın yaranması ilə bağlı suallar neçə min ildir ki, mübahisə və müzakirə mövzusudur. Bu, maraqlı sualdır və ona görə də bəşəriyyəti maraqlandırır.

Elmi cəhətdən isə həyatın yaranmasının 3 konsepsiyası var. Birinci konsepsiya təkamül nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə həyat uzun müddət ərzində təkamül prosesi nəticəsində yaranıb. Birinci bir hüceyrə yaranıb, sonra onlar birləşib koloniya yaranıb. Yəni, sadədən mürəkkəbə, bəsitdən aliyə doğru inkişaf edib.

Bir qisim alimlər, ümumiyyətlə bəzi insanlar bu nəzəriyyəni əsas kimi qəbul edir.

İkinci nəzəriyyə isə kreasionizmdir – yəni yaradılış nəzəriyyəsi. Yəni bu cəmiyyətin, təbiətin, şüurun, yaradıcısı var. Bu idealizm nəzəriyyəsidir.

Üçüncüsü isə panspermia nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, həyat bura başqa yerdən gəlib. Amma orada həyat necə yaranıb, o, bilinmir.

İnsanların təxəyyülündən, düşünmə tərzindən asılı olaraq hərəsi bir nəzəriyyəyə üstünlük verir. Materialistlər düşünür ki, şüur materiyadan sonra olub. Bu, materialistlərin fikridir.

Bir qisim insan isə əksini deyir, yəni şüur əvvəl olub. Yəni, yaradıcı var. Onlar düşünür ki, bu külliyyatın, bu mürəkkəbliyin, bu ansamblın bir yaradıcısı var. Onlar bu qədər şeyin təsadüfən yarandığına heç cür inana bilmirlər.

Əslində, hər iki tərəfin bir-birilə mübahisə etməsi mənasızdır.

 

- Bəs özünüz hansını qəbul edirsiniz?

 

- Bir alim kimi, təbii ki, təkamül nəzəriyyəsini qəbul edirəm.

Lakin başqa məqamlara da diqqət çəkmək lazımdır. Son dövrlərdə çox böyük elmi nəticələr var. Təxminən 3 həftə bundan qabaq alimlər yeni konsepsiya irəli sürdülər. Onlar hesab edirlər ki, Yerə həyat kosmosdan gələ bilər. Çünki bunu demək üçün əsaslar var. Bunu yalnız tezis kimi demirlər. Asteroidlərin tərkibində həyatın ilkin elementləri var – amin turşuları, nukleotidlər. Bu məsələlər çox çətindir. Şəxsən mən alim kimi tərəddüd edirəm. Düşünürəm ki, doğurdan bu kainatın bir yaradıcısı var. Həyatın Tanrı tərəfindən yaradıldığı tezisini İbn Sina deyib. İbn Sina klassik tezislərlə sübut etməyə çalışırdı ki, həyatı Tanrı yaradıb.

O deyirdi ki, hər bir substansiyanın səbəbi ondan kənardadır. Yəni, qələmin istehsalı qələmin indi olduğu yerdən kənardadır. Qələmi fabrik istehsal edib. Kompüter də, sizin saat da başqa yerdə istehsal olunub. İnsan da kənarda valideynləri tərəfindən istehsal olunub. Deməli, birinci tezis budur ki, hər bir substansiyanın səbəbi ondan kənardadır.

İkincisi, hər bir substansiya zaman və məkan daxilindədir. Biz dördölçülü fəzada yaşayırıq. Əgər bu substansiyanın səbəbi bunlardan kənardadırsa, deməli, o, zaman və məkandan da kənardadır. Bu konsepsiya sübut edir ki, təbiət Tanrı tərəfindən yaradılıb.

 

Lakin digər tərəfdən orqanizmlər arasında çox oxşarlıq var. Bəzi alimlər buna görə, təkamülü əsas tuturlar. Məsələn, insanın bədənində qan hüceyrələri var. Bu hüceyrələrin daxilindəki fermentlərdən biri də hemoqlobindir. Hemoqlobin oksigeni ağciyərlərdən ötürərək hüceyrələrə çatdırır.  Hemoqlobin bütün hüceyrələr boyu hərəkət edir, oksigeni verir. Biz nəfəsimizi buraxanda isə çıxır. İnsan hemoqlobinin quruluşu ilə toyuqdakı arasında 95 faiz eynilik var.

Şəkər xəstələri donuzdan alınmış insulindən istifadə edirlər. İnsulin də bir makromolekuldur. İnsanla donuzun hemoqlobini arasında 95 faiz oxşarlıq var. Bunlar isə onu göstərir ki, canlılar eyni yerdən yaranıblar. Bu isə Tanrının insanı gildən yaratması, Adəmin qabırğasından Həvvanı yaratması fikri ilə qətiyyən uyğun deyil.

Bu gün elm sübut edir ki, qadın fərd kimi kişidən 80 min əvvəl yaranıb. Yəni, 80 min il qadınlar kişisiz, tək qalıblar.

Dinə görə isə, qadın kişidən sonra yaranıb. Burada artıq inanc məsələsi var.

 

- Riyaziyyatla Tanrının varlığını ya da yoxluğunu necə sübut etmək olar?

 

- Çox maraqlı sualdır. Riyaziyyatda belə bir konsepsiya var: paralel xətlər kəsişmir (qələm götürüb, kağız üzərində paralel xətlər çəkərək göstərir). Dində isə deyilir: “La İləha İllallah”. Yəni bu o deməkdir ki, Allah var.

Biz də riyaziyyata görə inanırıq ki, paralel xətlər kəsişmir. İkinci bir misal. Riyaziyyatda belə bir qayda var ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir (Yenə çəkib göstərir). Yəni bu deməkdir ki, biz üçbucağın daxili bucaqlarının cəminin 180 dərəcə olduğuna inanırıq.

Lakin bunu mən elə riyazi qayda ilə təkzib də edə bilərəm. Gəlin, sizə əksini deyim. Bu gün kvant mexanikası, qravitasiya nəzəriyyəsi sübut edir ki, paralel xətt yoxdur. Əgər bu xətt ətrafında qara dəlik varsa, onun qravitasiyası bu xətti əyir. Deməli, bu paralel xətlər kəsişdi (Kağız üzərində göstərir).

Sferada ideal düz müstəvi mümkün deyil. Hər şey isə sferadadır. Üçbucaqda da belədir. Üçbucağın bucaqlarından biri böyüyür və o, 180 dərəcədən böyük olur. Kiçiləndə isə kiçik olur. Çünki bu sferikdir. Mən bu üçbucağa altdan baxsam o zaman görəcəyəm ki, daxili bucaqlarının cəmi 180 dərəcədən kiçikdir. Yəni “sən Tanrıya inanırsan düzsən”, ya da “Sən inanmırsan səhvsən” demək yanlışdır. Bu, çox subyektivdir. Riyaziyyat ən gözəl elmdir. Amma riyaziyyat da 3-4 inancın üzərində dayanıb. Mən bu tezislərimlə inanca paralel edirəm.

 

- O zaman siz dedikləriniz əsasında maraqlı bir fikir ortaya çıxır. Məsələn, “Tanrı var” deyilsə, sizin arqumentləri ortaya qoyub “yoxdur” deyə bilərik. “Tanrı yoxdur” deyiləndə isə riyazi yolla “var” deyə bilərik.

 

- Bəli, belədir.

 

- Bəs siz özünüz nə deyirsiniz?

 

- Hər bir insanın daxili inancı var. Bu, insanın daxilindədir. Hər bir insanın özünün fəlsəfəsi var. Mən Qurani-Kərimi demək olar ki, əzbər bilirəm. Hər dəfə Quranı oxuyanda çox məəttəl qalıram. Təsəvvür edin, bioloq kimi, bu kitabı oxuyanda insana möcüzə gəlir ki, 1500 il əvvəl yazı-pozu bilməyən, savadsız biri bunları necə yaza bilərdi. Qurani-Kərim müqəddəs kitabların içərisində ən çox ekoloji məsələləri özündə əks etdirən kitabdır.

Quranda “Ən-Nəhl” surəsi var, mənası bal arısı deməkdir. Quranda “Ət Tin” - “Zeytun” surəsi var. Allah zeytuna və əncirə and içir. “Qarışqa”, “Fil” surələri də var. “Ət Tur” surəsi, yəni “Dağ” surəsi. Burada bir tezis var: “Sən dağları əbədi sanma, onlar da bulud kimi gəlib-gedərlər”. Yerin ortası qaynar maqmadır, özü də dəmirdir.

Bu dəmirin üzərində böyük piltələr üzür. Piltələr də sərbəst gəlir. Bəzən toqquşurlar, biri gəlib digərinin içinə girir. Nəticədə isə dağlar yaranır. Piltələr Yerin doğurdan da dirəyidir, onlar olmasa hər saniyədə zəlzələ olar.

Mənim hörmət etdiyim, dəyər verdiyim alimlərin içərisində dindarlar da, ateistlər də var. Onlar mənim dostlarımdır. Bunlarla yanaşı aqnostiklər də var. Bütün bunlar insanların haqqıdır. Bu, vicdan azadlığıdır. Buna görə, kimisə mühakimə etmək olmaz.

 

- Elman müəllim, inancınız, hər hansı bir elmi metoda, elmi tədqiqata müdaxilə edə bilən bir səviyyədədir? Yoxsa inancı elmdən kənarda saxlayanlardansınız?

 

- Düzü, öz inancım barədə dəqiq düşünməmişəm. Mən İnstitutu direktoruyam. Mənim kollektivimin içərisində inanclı da var, inanmayanlar da var. Heç bu haqda düşünməyənlər də var. Hər kəs öz yolu ilə getməlidir, dözümlü, tolerant cəmiyyət olmalıdır. Bəzi əməkdaşlarımız mikroskopla nəyəsə baxanda “Biz burada Allahın nişanələrini görürük” deyirlər. Bu, onların inancıdır.

 

- Elman müəllim, sualı belə verəcəyəm: Bir alim inanclı ola bilər, bu, çox normaldır. Bəs inancı elmə calamaq necə, doğrudurmu?

 

- Qətiyyən olmaz.

 

- Bayaqkı sualımızda da buna cavab almaq istəyirdik.

 

- Çox doğru deyirsiniz. İnancı elmə gətirmək olmaz. Mən elmdə ancaq təkamül nəzəriyyəsini əsas götürürəm. Quranda həyatın sudan yaranması barədə yazılıb. Alimlərin də çoxu bu fikirdədir ki, həyat sudan yaranıb. Lakin durub müqayisə aparmaq və “heç nə öyrənməyin, elə 1500 il əvvəl yazılmış kitabdan oxu, kifayət edər” demək çox sadəlövhlükdür. İslam cəmiyyətləri o qədər özünə qapandı ki, onlar geridə qaldılar.

 

- İslam ölkələrinin geridə qalmasının səbəbi dinin özüdürmü?

 

- Xeyr, islam dini sonuncudur və mükəmməldir. Bu sahədə çox danışa bilmərəm, çünki mənim sahəm deyil. Amma onu deyə bilərəm ki, elmi institutların durub dini təbliğ etməsi yaramaz hərəkətdir.

 

- Dərs demisiniz. Tələbələrə Allahın varlığı və ya yoxluğunu sübut etməyə çalışırdınızmı?

 

- Xeyr. Mən həmişə neytral qalmışam. Sadəcə müəyyən nəzəriyyələr barədə məlumat vermişəm. Əsl müəllim neytral olmalıdır. Mən durub nəyisə aşılamağa çalışsam, bu, artıq təbliğat olar. Hər kəs öz yolunu seçməlidir.

Lakin sizə bir müşahidəmi deyim. Necə olur ki, bəzi gənclər dindar olur, bəziləri isə mübariz materialist? O insanlar ki, dinamikdirlər, özlərinə çox inanırlar, onlar daha çox materialist, ateist olurlar. O  insanlar isə melanxolik tipdirlər, onlar dayaq axtarırlar. Bu dayaq onlara güc verir, arxa verir. Onlar bir gücə, yaradıcıya inanırlar. Bu, onlara rahatlıq verir.

Mən bütün Azərbaycanı gəzmişəm. Samux rayonunda Kolayı kəndi var. Orada bir çinar var – Düldülü çinarı. Diametri oturduğumuz kabinetdən böyükdür. Əfsanəyə görə, imam Əli Düldülü adlı atını bu ağaca bağlayıb. Bu inanca görə insanlar o ağacı müqəddəsləşdiriblər.

Tovuzla Gədəbəy arasında Haçaqaya var. Böyük bir qayadır. Sanki doğurdan da onu bıçaqla köndələn kəsmisən. İnsanlar baxır ki, bu qaya uzunömürlü olduğuna görə, ona sitayiş etmək olar.

 

- Canlılar eyni mənşədən gəlirsə, bu ilkin mənşə nədir?

 

- Elmə görə, kainat böyük bir partlayışdan yaranıb. Kainatın təxminən 14 milyard il yaşı var. İndiyə qədər isə bu partlayışın nədən yarandığını elm bilmir. Partlayışdan sonra isə heç bir materiya olmayıb, ancaq enerji olub.

 

Enerji ilə kütlə arasında asılılıq var. Bunlar soyuduqca və dalğalar bir-biri ilə toqquşduqca, enerjidən materiya yaranıb. Materiyada soyuma prosesi getdikcə, planetlər yaranıb. Yerin isə 4.5 milyard il yaşı var. Yerə ilk vaxtlarda qaynar halda olan bir cisim toqquşub və bunun nəticəsində bir hissə qoyub Ay yaranıb.

 

Bundan sonra kainatda elə bir şərait yaranıb ki, orada molekullar birləşib üzvi molekullar yaradıblar. Yəni şüurumuz həmin molekullardan ibarətdir. Bu molekullar ya kənardan gəlib, ya da Yerin özündə yaranıb. Lakin elm buna dəqiq cavab tapa bilmir. Təkamülçülər deyirlər ki, bu, Yerdə yaranıb. Panspermiaçılar isə deyir ki, bu, asteroidlə gəlib. Bunu eksperimental da sübut edirlər. Atmosferin yuxarı qatlarına bakteriyalar külək vasitəsilə sovrulub qalxa bilər. Sonra isə uçub gedəcəklər.

 

Elə canlılar var ki, onlar asta yeriyəndir. Belələrinə astagəllər də deyirlər. Bu cür növlər normadan 1000 dəfə artıq qamma şüalarının təsirində, vakuumda  qalırlar. Onlar illərlə daş kimi qala bilirlər, onlara heç nə təsir etmir.

 

Yerə gəldikdə, birinci amin turşuları yaranıb. Bundan sonra genetik kod yaranıb. Hər dəfə yeni şey öyrəndikcə, ortaya daha çox sual çıxır. Kainatı heç zaman dərk etmək mümkün olmayacaq. Suallar hər zaman davam edəcək.

 

- Azərbaycanı gəzdiyinizi dediniz. Ölkənin ekoloji sistemində, flora, faunasında çoxunun bilmədiyi nəsə varmı?

 

- Bizdə hər şey məlumdur. Azərbaycanda təxminən 5 minə yaxın bitki növü var. 40 minə qədər fauna növü var. 110 növ məməli, 400 növ quş, 100 növ balıq var. Bunlar hamısı bilinir. Lakin bir məqamı da qeyd edim. Hər il elmə məlum olmayan yeni növlər aşkarlanır. Bizim alimlər tədqiqat aparırlar, xüsusilə həşərat aləmində yeni növlər tapılır.

 

- Yeni növlər Azərbaycanda əvvəldən olublar, yoxsa sonradan gəliblər?

 

- Hansısa bir növü tapanda müqayisə aparırlar. Dünya elminin bankı var, orada bütün məlumatlar var. Alimlər arasında əlaqələr var, nümunələr dəbu vasitələrlə göndərilir. Elə növ var ki, Azərbaycanda tapılır, lakin əvvəl məskəni bura olmayıb.

 

- Çox eşidirik ki, Azərbaycanın flora və faunası korlanır. Bunu edən kimdir və ya nədir? Bunu insanlarmı edir, yoxsa təbiətin təbii qanunları?

 

- Çox yaxşı sualdır. Təbiətin öz qanunlarını kənara qoya bilmərik. Çünki təbiətdə qlobal istiləşmə gedir. İqlim dəyişilir, buna görə də şərait dəyişilir. Şərait dəyişəndə isə növlər buna uyğunlaşa bilmirlər, məhv olurlar. Keçən əsrin 30-cu illərində Azərbaycanda Turan pələngi var idi, indi yoxdur. Talış qırqovulu var idi, indi tapa bilmirik. Manul pişiyi var idi, indi isə tapa bilmirik. Bu, təbiətdə gedən proseslərin nəticəsində ola bilər. Amma daha çox insan amili üzərində dayanmaq olar. İnsan get-gedə yeni-yeni sahələr salır, əkin sahələri salır. Bu zaman onlar heyvanların yerini zəbt edir. Bizdə bəzən deyirlər ki, canavarlar filan kəndə hücum etdilər. Canavarlar hücum etmir, biz onlara hücum edirik. İnsanlar onların yerlərinə girib. Biz onların yerinə girib oranı əkin sahələri, örüş yerləri etmişik. Bu zaman da canavarlar ac qalır, ac qalanda da hücum edəcək. Biz çox təbiətsevən millətik. Bizim cəmiyyətimiz təbiət elementlərini müqəddəsləşdirib. Aclıq da olub, şaxta da, amma o Düldülü çinarını kəsməyiblər. Çox yerdə ağacları müqəddəsləşdirib, pir yaradıblar. Heç kim  o ağacları kəsə bilməz.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi çox böyük işlər görür, ekoloji maarifləndirmələr həyata keçirir. Azərbaycanda ceyranların, bəbirlərin, su bataqlıq quşlarının sayı artıb. Amma bunlar qoruq ərazilərinin içərisindədir. Kənarda isə cəmiyyətimiz gərək şüurlu olsun. Qış gəlir, Azərbaycan bölgələrinə gedib görürsən ki, Qırmızı kitaba düşən quşları satırlar. Cərimə də nəzərdə tutulub, amma insanlar yenə də bunu edirlər. İnsanlar gərək şüurlu olsunlar.

Hər şey uşaq bağçalarından başlayır. Uşaqlara aşılamaq lazımdır ki, təbiəti qorumalıyıq. Təbiətə humanist münasibət lazımdır. Bəzən mənə sual verirlər: “Müəllim, bu cücü, bu həşərat mənim nəyimə lazımdır?”. İnsanlar bu həşəratların funksiyasını dərk edə bilmirlər. Cücülər, həşəratlar tozlandırıcıdır, onlar olmasa məhsul olmaz.

İndi hər yerdə ilanları öldürürlər. Halbuki ilanlar siçanların sayını tənzimləyir, onları yeyir. Siçanların sayı artır, sonra da deyirlər ki, taxıl zəmilərini gəmiricilər məhv edir.

Azərbaycanda cəmi 2 zəhərli, təhlükəli ilan var. Amma insanların qarşısına hansı çıxdı onu öldürür. Ən yazıq canlı koramaldır. O, əslində kərtənkələdir. Koramal haqda deyirlər ki, guya ilana ağı verəndir. Yəni, təbiət haqda çox yanlış anlayışlar var.

 

- İlanı görəndə ona verilən reaksiya normal deyilmi?

 

- İlanlarla bağlı yanlış təsəvvürlər var. İlanla bağlı düşüncələr təhtəlşüurumuza oturub. “İlanı görənə lənət, görüb öldürməyənə lənət”, “ilanın ağına da, qarasına da lənət” deyirik. Halbuki ilanın ağı təhlükəsiz və faydalıdır.

 

- Son vaxtlar Bakıda qarğalar çoxalıb. Qarğaların paytaxta “pənah” gətirməsinin səbəbləri nədir?

 

- Təbiətdə bəzi canlılar var ki, onların insandan zəhləsi gedir. Bilirlər ki, insan onların rəqibidir və təhlükəlidir. Bəzi canlılar da var ki, onlar tənbəlliklərindən insanların məişət tullantıları ilə qidalanırlar. Bunlardan da biri qarğadır. Əslində qarğaların çox ağıllı canlı olmaqdan savayı, bizə faydası çoxdur. Qarğalar Bakının sanitarlarıdır.

Qarğalar pintiliyin olmasının göstəricisidir. Şəhərdə nə qədər zibil çoxalacaq, qarğalar da çoxalacaq. Qarğalar zibil yeşiklərinin kənarında olan tullantılarla qidalanır. Qarğalar olmasa, o tullantılar orada çürüyəcək, çoxalacaq və virus yayılacaq – vərəm, taun, tuberkulyoz artacaq. Qarağalar isə bu tullantılarla qidalanır və üzvi maddələri öz orqanizmində saxlayır. Yəni, qarğaya pis baxmaq lazım deyil. Qarğaları azaltmaq istəyiriksə, ərzaq tullantılarını azaltmalıyıq.

Bir zamanlar Bakıda köhnə dəyirman var idi. Orada elə siçovullar var idi, deyirdilər ki, guya onlar uşaqları da yeyər. Oranı təmir edəndə dedilər ki, bu siçovullar şəhərə yayılacaq və insanları qıracaq. Amma keçid dövrü oldu, insanlar çoxaldı və belə bir şey olmadı. Ora əvvəl un zavodu idi. Un tullantıları olan yerdə siçovullar da çox olar. Lakin indi o siçovulların hara getdiyi, necə olduğu bilinmir.

 

- Qarğa həqiqətən də 300 il yaşayır?

 

- Yox, 80 il yaşayır.

 

- Elmlər Akademiyasının institut direktorları 700-800 manat arası maaş alır. Bu, alim üçün kifayətdir?

 

- Alim həmişə dərviş olub. Alim üçün pul o qədər də önəmli deyil. Hazırda ölkə rəhbərliyi elmə çox böyük diqqət yetirir. Elmin İnkişafı Fondu elmi layihələri maliyyələşdirir. Şəxsən aldığım maaş mənə çatır. Hər şey insanın istəyindən asılıdır. İnsan var ki, daim bahalı maşın, villa istəyir. Alim üçün isə bunlar vacib deyil.

 

- Elman müəllim, ANS-lə lan probleminiz həll olundumu?

 

- Xeyr, hələ gözləyirik.

 

- ANS bağlanmamışdan qabaq şirkət rəhbərliyi ilə probleminiz olmuşdumu?

 

- Xeyr. 25 ildir bir binada olmuşuq.

 

- ANS bağlanandan sonra sizin onlara göstərdiyiniz münasibət cəmiyyətdə birmənalı qarşılanmadı.

 

- “Elm haqqında” yeni qanun var. Orada elmi biliklərin, nəticələrin satılması məsələləri öz əksini tapıb. Nazirlər Kabinetinin 266 nömrəli qərarı var. Prezidentin bioloji müxtəlifliyin davamlı inkişafı ilə bağlı yol xəritəsi var. Bunlar üçün bizə əlavə sahələr lazımdır. Biz isə bu sahələri götürə bilmirik. 3 min kvadratmetr binanın 1000 kvadratmetri möhürlənib. 2 min kvadratmetrində isə ANS-in əmlakı var. Biz bu əmlaka dəymirik, toxunmuruq. Lakin yer problemi oraya çıxır. Biz öz layihələrimizi həyata keçirə bilmirik.

 

- Möhürlənmiş əraziyə görə ANS-i təqsirləndirməniz doğrudurmu? Onu ANS möhürləməyib, güc strukturları möhürləyib.

 

- 1000 kvadratmetri möhürlənib. Qalan 2 min kvadratmetrində isə ANS-in əmlakı var.

 

- Heç Mirşahinlə danışmışınız?

 

- Danışmışam. Görünür imkanları yoxdur, köçürə bilmirlər. Amma nəticədə bu, bizə mane olur. Amma düşünürəm ki, məsələ həll olunacaq.

 

- Mirşahini necə adam kimi tanıyırdınız?

 

- Çox savadlı və ziyalı. Kreativdir, geniş dünyagörüşü var. Bizim fikir ayrılığımız istehsal prosesi ilə bağlıdır. ANS binadan çıxaydı, bizim üçün fəaliyyət imkanları genişlənərdi.

 

- Bəs Vahid Mustafayev?

 

- Vahid Mustafayev sahibkardır, biznesmendir. Yollarımız fərqlidir. Vahid Mustafayevlə kontaktlarımız az olub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır