Modern.az

Qapımızı kəsən “mavi ölüm” - “Ancaq bizdə özbaşına qaz, işıq, su xətti çəkirlər”  

Qapımızı kəsən “mavi ölüm” - “Ancaq bizdə özbaşına qaz, işıq, su xətti çəkirlər”  

28 Noyabr 2017, 12:00

Havaların soyuması ilə “mavi ölüm” yenə qapımızı döyməyə başlayıb. Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə bu ilin yanvar-oktyabr ayları ərzində dəm qazından zəhərlənmə diaqnozu ilə 471 nəfər müraciət edib. Bu il dəm qazından zəhərlənmə hadisələri zamanı ölənlər də var...

 

“Mavi ölüm” hər an qapınızdadır

 

Dəm qazı, yəni karbon monoksid təbii qazın və ya neft məhsullarının yanması zamanı xaric olunan qazın natamam oksidləşməsidir. Mütəxəssislər bildirirlər ki, tənəffüs zamanı qaz udulduqda qan bədən üzvlərinə və hüceyrələrə oksigen daşımaq qabiliyyətini itirməyə başlayır. Evlərdə karbon monoksidin yaranma səbəbləri mərkəzi istilik sistemləri, qaz cihazları və sobalardakı nasazlıqlarla bağlıdır. Havatəmizləyici bacalar və borularda qazın çıxmasına əngəl törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalır. Nəticədə isə rəbgsiz və iysiz qazdan boğulmalar baş verir.


Zəhərlənmənin əlamətləri 


Dəm qazı ilə yüngül zəhərlənmənin simptomları spesifik olmaya bilər. Onlar viruslu soyuqdəymə, zökəm və ya qida zəhərlənməsindəki simptomlarla oxşardır. Yəni, zəhərlənmənin əlamətləri başağrısı, ürəkbulanma, qarınağrısı, başgicəllənməsi, boğazağrısı və quru öskürəklə müşayiət olunur. Lakin zökəm virusundan fərqli olaraq, karbon monoksid qızdırma əmələ gətirmir.
Bu simptomlar uşaqlarda qarın narahatlığı, ürək bulanması və qusma ilə müşahidə olunur. Çox ağır zəhərlənmədə ürəyin sürətlə döyüntüsü, hiperventilyasiya, şüurun qarışması, mürgü və ağır nəfəs alma halları ortaya çıxır. Özündən getmə və huşunu itirmə də istisna olunmur. Belə zəhərləmələrin qarşısını almaq üçün ilk növbədə tüstü boruları və bacalar mütəmadi yoxlanılmalıdır. Qaz cihazları və istilik sistemlərinin sazlığına daim və ciddi nəzarət edilməli, qaz sızmasına qarşı etibarlı siqnalizasiya sistemi quraşdırılmalıdır.

Ekspertlər diqqəti belə bir məqama yönəldirlər ki, ölüm halları daha çox İranda istehsal olunmuş sobaların düzgün işləməməsindən meydana çıxır. Bu səbəbdən də qaz sobalarının borusu yalnız dəmirdən hazırlanmalı və onun bayıra çıxışı olmalıdır. Bundan başqa, otağın havası tez-tez dəyişməli, bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir. Zəhərlənən xəstə əvvəlcə açıq havaya çıxarılmalı və xəstəxanaya gətirilməzdən əvvəl ona oksigen verilməlidir. Yüngül zəhərlənənlər tam sağalırlar. Amma 10-50 faiz arasında ciddi zəhərlənənlər bundan uzun müddət əziyyət çəkməli olurlar.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2016-cı ildən etibarən evlərdə qaz cihazlarına texniki baxış səlahiyyət Fövqəladə Hallar Nazirliyi və Dövlət Qaz Nəzarət İdarəsinə verilib.

 

“Hər mənzilə ayrıca nəzarət edilə bilməz”

 

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti üzrə Dövlət Agentliyinin baş məsləhətçisi və baş müfəttişi Eldar Əhmədov Modern.az-a bildirib ki, dəm qazı təhlükəsi hər zaman var:

“Dəm qazının yaranma ehtimalı hər zaman var. Keçən qış da var idi, bu qış da var, növbəti qışlarda da olacaq. Qapalı mühitdə tələb edilən havalandırma sistemi çalışmadıqda, istifadə olunan qaz cihazının üzərində tüstü bacası normalara cavab vermədikdə dəm qazının otaq daxilində qalma ehtimalı yüksəkdir. Dəm qazının yığılması əsasən vanna otaqlarında qeydə alınır. Bir də bəzi insanlar yataq otağını isitmək üçün qızdırıcı cihazlardan istifadə edir. Mövcud sanitar normalarına görə, həmin otaqlarda ventilyasiya kanalları nəzərdə tutulmayıb. Ümid qalır kiçik nəfəsliklərə, amma əksərən heç onu da açıq saxlamırlar.


“Azəriqaz” İstehsalat Birliyi ilə bağlanılan müqavilədə də göstərilir ki, qazdan istifadə edən istehlakçı öz üzərinə müəyyən məsuliyyət götürür. Çünki qaz təhlükəlidir. Qaz yanmadığı zaman belə, insanların yaşadığı otağa daxil olarsa, bu, böyük faciəyə səbəb ola bilər. Ona görə də həmin cihazların quraşdırıldığı vanna otaqları və digər otaqlar texniki təhlükəsizlik qaydalarına uyğun olaraq bütün normalara cavab verməlidir. Sakinlər cihazları quraşdırarkən mütləq mütəxəssis çağırmalı və cihazın texniki cəhətdən normalara uyğun olmasından əmin olmalıdırlar.

Bəli, hadisələr məhz bizim öz səhlənkarlığımız nəticəsində hadisə baş verir. Kütləvi şəkildə hər bir evdə  qaz cihazlarından istifadə edilir. Elə bir nəzarət sistemi yaratmaq olmaz ki, gəlib hər evdə qaza nəzarət etsinlər. Vətəndaş bu sahədə müəyyən bir məlumata malik olmalıdır. Özü özünü təhlükədən qorumalıdır”.

 

 “Dünyada ən təhlükəsiz qaz Azərbaycandadır”

 

“Azəriqaz” İstehsalat Birliyinin sabiq idarə rəisi, Azad İstehlakçılar Birliyinin Kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov Modern.az-a deyib ki, ölkədə istehsal və istehlak edilən qazın tərkibi standartlara uyğundur:


“Dünya və Avropa ölkələri Azərbaycandan qaz alır. Əgər Azərbaycan qazı təhlükəlidirsə, niyə alırlar? Ölkədə qazın tərkibinin təhlükəli olması ilə bağlı iddialar yersiz və absurddur. Elə dünyada ən təhlükəsiz qaz bizim qazdır, tərkibinin 95 faizi metandan ibarətdir”.

 

“Ancaq bizdə özbaşına qaz, işıq, su xətti çəkirlər”

 

N.Qasımov dəm qazı ilə zəhərlənmə hallarında insanların günahkar olduğunu qeyd edib:

 “Vətəndaşlarımız qazdan istifadə qaydalarına riayət etmir, sanki qorxu hissini itiriblər, çox laqeyddirlər. Dəfələrlə maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, insanlar sadə qaydalara riayət etmək istəmir. Bu, təkcə qazla bağlı məsələ deyil, bizim vətəndaşlarımızın ümumi səhlənkarlığı ilə bağlıdır. İnsanlarımız yolun piyada keçidlərini qoyub, avtomobillər üçün nəzərdə tutulmuş hissəsindən keçirlər. Dünyanın heç bir yerində bizdəki qədər dəm qazından zəhərlənmələr olmur. Çünki insanlar öz həyatının qədrini bilirlər. Dünyanın heç bir yerində abonentlər qaz, işıq, su sayğaclarına müdaxilə etmir, özbaşına xətt çəkmirlər. Bunların hamısı yalnız bizdədir. Ancaq bizdə özbaşına qaz, işıq, su xətti çəkirlər. Bizdə insan həyatı, ölüm çox ucuzlaşıb. Xaricdə belə hallar olanda dərhal məsələ qaldırılır, müzakirələr açılır, günahkarlar, qanunları heçə sayanlar cəzalandırılır. Bizdə qanunların icrası ilə bağlı problem var. İstər vətəndaş, istərsə də hüquqi şəxs qanunlara ciddi riayət etməlidir. Ümumiyyətlə, harada gəldi qaz cihazları uraşdırmaq olmaz. Qaz yüksək təhlükə mənbəyidir”.

 

Ölüm 7-30 saniyədə qapınızdadır...

 

Ekspertin sözlərinə görə, dəm qazından zəhərlənmələrdə insan ölümlərinin 99 faizi vanna otağında baş verir:

“Hamamın qapısının aşağısında 2,5 sm diametrlik dəliklər olmalıdır. Bu təmiz havanın qəbul olunması üçündür. Yanma prosesi havasız gedə bilməz. Yanma prosesi pozulanda dəm qazı əmələ gəlir. Əgər yanma prosesi düzgün gedərsə, o zaman karbon - 4 oksid əmələ gəlir ki, o da zəhərsizdir. Amma dəm qazı zəhərlidir. Əgər otağa 0,1 faiz dəm qazı yığılarsa, 7-30 saniyə ərzində ölüm hazır olur. Ümumilikdə hamamın qapısı bayıra açılmalıdır. Hamamın həcmi 7, 5 kubmetr, hündürlüyü 2 metr 20 sm olmalıdır. Ən əsası hamamda nəfəslik, ventiliyasiya kanalı olmalıdır. Qaz cihazlarının tüstü bacası, tüstü ötürücüsü quraşdırılmalıdır. Tüstü ötürücüsünün diametri 10-15 sm arasında dəyişməlidir. Bizdə biri ötürücünün diametrini 50 mm-lik, biri 79 mm-lik düzəldir, heç bir qayda-qanuna məhəl qoymur. Kimin əlimdə çemodan görürlər, çağırıb “gəl mənim qazımı quraşdır” deyirlər. Qaz təchizatçısının icazəsi olmadan qaz şəbəkəsinə heç bir cihaz quraşdırmaq olmaz. Undan başqa, xaricdən gətirilən qaz cihazlarını alıb quraşdırırlar. Nəzərə almaq lazımdır ki, onlarda standartlar başqadır. Məsələn, İrandan gətirilmə qaz cihazları 178 mm-lik təzyiqdə işləyir. Amma bizim şəbəkədə normal təzyiq 130 mm-dir. Alıb gətirirlər, camaatda bəh-bəhlə quraşdırır. Lazım olan effekti verməyəndə “usta”lar cihazın dəliklərini böyüdür, bununla da yanma prosesi pozulur. 1 kubmetr qazın yanması üçün 9,5 kubmetr hava lazımdır. Hava artıq yaxud əskik olanda yanma prosesi pozulur və karbon monoksid ayrılır ki, bu da həyat üçün çox təhlükəlidir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi