Modern.az

Ermənilər Bakıya gəlirsə, azərbaycanlılar Yerevana niyə getmirlər...

Ermənilər Bakıya gəlirsə, azərbaycanlılar Yerevana niyə getmirlər...

Aktual

28 Noyabr 2017, 14:04

Tarixçi, "Ermənistan-Azərbaycan vətəndaş platforması" İdarə Heyətinin üzvü, etnik erməni Artur Ağacanov və elə həmin təşkilatın İdarə Heyətinin başqa üzvü, ictimai xadim Rima  Sarkisova Bakıya gəliblər. Onlar "Multikulturalizmin Azərbaycan modeli: etnomədəniyyət fərqi" adlı beynəlxalq konfransda iştirak edəcəklər.

Bundan öncə də Ermənistandan Azərbaycana müxtəlif  ictimai xadimlər, siyasətçilər, sadə vətəndaşlar  dəvət olunub.  Bu istiqamətdə "Ermənistan -Azərbaycan Vətəndaş Sülh Platforması" müəyyən işlər görüb. Məlumdur ki, Sülh Platforması münaqişənin dinc yolla  nizamlanmasına töhfə vermək istəyən Ermənistan və Azərbaycan vətəndaşlarının, onların təmsil etdikləri vətəndaş cəmiyyəti institutlarının təşəbbüsüdür. Mütəmadi olaraq erməni və Azərbaycan xalqları arasında yaxın  qonşuluq, sülhsevər birgəyaşayış və əməkdaşlıq ənənələrinin bərpasına yönəlik addımlar atılır. Ermənilərin Azərbaycana səfəri təşkil edilsə də, prosesin qarşılıqlı olduğu müşahidə edilmir.


Bu baxımdan maraqlıdır, azərbaycanlıların Ermənistana səfəri gözlənilirmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı,  “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın üzvü  Rövşən Rzayev Modern.az-a açıqlama verib:


“Təbii ki, bu istiqamətdə işlər aparılır. Düşünürəm ki, Ermənistanın mümkün rəhbərliyi artıq situasiyanı anlayıb, öz mövqelərində dəyişikliklər etməlidirlər. Hələlik onlar bunun əleyhinədirlər. Çünki  onlar işğalçı siyasətin daşıyıcılarıdır. Ermənistan tərəfi başa düşməlidir ki, işğalçı siyasətə son qoyulmalıdır. Bunun üçün ən yaxşı yol da  problemlərin sülh yolu ilə həllini tapmasıdır. Azərbaycan və Ermənistanda yaşayan ermənilər, Dağlıq Qarabağın həm erməni icması, həm azərbaycanlı icması itirilmiş  münasibətləri bərpa etməkdən ötrü bütün imkanlarından istifadə etməlidir. Biz bunu dəfələlər göstərmişik. Amma təəssüflər olsun ki, qarşı tərəf hələ buna razı deyil”.

R.Rzayev qeyd edib ki, bu istiqamətdə Ermənistan tərəfdən gözlənilməyən dəstək  müşahidə edilir:

“Ermənistan qeyd etdiyim kimi, işğalçı siyasətin daşıyıcılarıdır və bu da heç bir yerə aparan yol deyil. Ona görə də biz fəaliyyətimizi davam etdiririk və inanırıq ki, yaxın zamanlarda onlar da başa düşəcəklər ki, insanlar arasında münasibətlər qurulmalıdır.

Buna baxmayaraq Ermənistan tərəfdən də bizə dəstək verən çoxdur. Hətta dəstək gözlənilməyən qədərdir. Amma  hələ biz istədiyimizə nail ola bilməmişik. Hesab edirəm ki, sülh ən düzgün yoldur və bizi istədiyimizə aparacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür