Modern.az

REAL-ın icraçı katibi: \"Qurultay üçün bizə yer vermək istəmirlər”   

REAL-ın icraçı katibi: \

29 Noyabr 2017, 12:57

Respublikaçı Alternativ Hərəkatı  (REAL)  qurultay keçirmək üçün hələ də yer tapa bilməyib.

REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, sonuncu dəfə müraciət etdikləri yerlərdən müsbət cavablar ala bilməyiblər:

“Demək olar ki, müraciət olunan yerlərin hamısından cavab gəlib. Yəni onlar bizə yer verməkdən imtina ediblər.  İrəli sürdükləri səbəblər isə absurd və gülməlidir. Bütün günlər ərzində qeyd edilən tarixdə  tədbirlərin olacağını bildiriblər. Açıq yazmasalar da, bu cavabların bir anlamı var. Onlar bizə yer vermək istəmirlər.  Müraciət etdiyimiz bütün yerlərdən eyni tipli cavablar gəlir. Onlar hətta şənbə-bazar günlərində həmin obyektlərdə tədbirlərin olduğunu deyirlər.

Amma biz də bilirik ki, obyektlər boşdur və orada hər hansı tədbir keçirilmir. Son cavabları aldıqdan sonra təbii ki, təşkilat komitəsi yığışıb növbəti qərarını verəcək”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az-a REAL Hərəkatı rəsmi olaraq müraciət edəcəyi halda  qurultay keçirmək üçün onlara yer verə biləcəklərini qeyd etmişdilər.

N.Cəfərli  buna da münasibət bildirib:

“Bununla bağlı müzakirələr gedir və dəyərləndirmələr aparırıq. Çox güman ki, bu istiqamətdə qərarlarımız olacaq. Ola bilər ki, həmin siyasi təşkilatlarla əlaqəli müəyyən addımlar atılsın. Amma hələ ki dəqiqləşmiş qərar yoxdur. Buna baxmayaraq dediyiniz variant da nəzərdən keçirilir”.

Qeyd edək ki, REAL 1-ci təsis qurultayının keçirilməsinə yer ayrılması və kirayələnməsi üçün aşağıdakı qurumlara müraciət edib:

1. Bakı Şəhər İcra Hakimiyyəti

2. Azərbaycan Dövlət Opera və Balet Teatrı

3. Beynəlxalq Mətbuat Mərkəzi

4. "Pullman Baku" Oteli

5. "Park Inn" Otel

6. "Hyatt Regency" Oteli

7. "The Landmark Baku" Oteli.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir