Modern.az

“Sərxoş xalqı idarə etmək daha asandır” – Mendeleyevin ayağına yazılan “günahlar”

“Sərxoş xalqı idarə etmək daha asandır” – Mendeleyevin ayağına yazılan “günahlar”

29 Noyabr 2017, 21:45

Rus istehsalı olan araqlar dünyanın bir çox ölkələrində məşhurdur. Bu məşhurluq təkcə arağın keyfiyyəti ilə bağlı deyil, bu həm də rusların arağa olan istəyinin göstəricisi və təzahürüdür. Daha dəqiq ifadə etsək ruslar öz “məhsullar”ına sevgilərini o qədər həvəslə nümayiş etdirirlər ki, əcnəbilər də bu “sevgi”dən bəhrələnmək arzusuna düşürlər.

 

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir. 

 

Tarix boyu rusların 40 dərəcəlik ehtirasının qarşısını heç nə ala bilməyib. Təkcə SSRİ-nin mövcudluğu dövründə beş dəfə, 1918, 1929, 1958, 1972 və 1985-ci illərdə dövlət səviyyəsində antialkoqol kampaniyaları keçirilsə də, bu tədbirlər kütləvi narazılıqlardan başqa heç bir nəticə verməyib. Bu kampaniyaların görünməyən tərəfində isə duran maraqlı faktlardan biri odur ki, həmin tədbirlər ərəfəsində dövlət başçıları özləri də qədəhlərdən imtina edə bilməyiblər. Tarixdən Leninin, Stalinin, Xruşovun, Brejnevin içki məclisləri, spirt qoxusu verən süfrələri hamıya yaxşı məlumdur. Gecə yarıyadək uzanan məclislər, Kreml məmurlarının əyləncələri heç də az olmayıb.

 

Faktlara nəzər yetirək. 1958-ci ildə SSRİ-də növbəti antialkoqol kampaniyası başlananda 53 min nəfər bu tədbirin güdazına gedərək, 6 aydan 2 ilədək azadlıqdan məhrum olub. Bir neçə ildən sonra isə cəza tədbirləri daha da sərtləşdirilərək, üç ilə qədər azadlıqdan məhrumetmə ilə əvəzlənib. Nikita Xruşov bu kampaniyada təkcə alkoqoldan istifadə edənlərə qarşı deyil, həm də fərdi şəkildə spirtli içkilər (samaqon) hazırlayanlara qarşı da ciddi tədbirlərin həyata keçirilməsi ilə bağlı rəsmi göstərişlər verib. Ancaq bütün bunlar, sərt cəzalar, ittifaq miqyaslı tədbirlər əhalinin spirtli içkiyə olan meylinin qarşısını ala bilməyib.

 

Həmin dövrdə maraqlı məqam o idi ki, bu kampaniyanın təşəbbüskarı olan Nikita Xruşov özü də Kreml divarları arasında müxtəlif çeşidli spirtli içkilərlə bəzədilmiş süfrələrdə saatlarla vaxt keçirməkdən imtina etməyib. Nikita Xruşov təkcə Kremldə deyil, istənilən məkanda, istənilən adamla, hətta SSRİ-yə təşrif  buyurmuş xarici ölkələrin siyasi liderləri ilə qədəh toqquşdurmaqdan həzz alıb.

 

Xruşovun içkiyə meylli olması ilə bağlı lətifələrdən tutmuş həqiqətlərə qədər bir çox maraqlı məqamlar mövcuddur. SSRİ Nazirlər Sovetinin keçmiş işlər idarəsinin müdiri öz xatirələrində bu mövzuya da toxunub:

 

“Mən 1930-cu ildən Kremldə işə başlamışam. Bir çox hadisələrin canlı şahidiyəm. Xruşovun SSRİ-yə rəhbərliyi dövründə içki içmək ən adi hala çevrilmişdi. Özü də möhkəm içirdi. Ancaq çalışırdı ki, sərxoş olduğunu hiss etməsinlər. Hətta bir dəfə Bulqaninlə adama bir şüşə konyak içdikdən sonra, üstündən bir-iki qədəh də araq vurub hər ikisi iclasda rəyasət heyətində əyləşmişdilər”.

 

Stalinin Kuntsevoda gecə yarıyadək davam edən içki məclisləri də tarixdən hamıya məlumdur.

 

Breynevin həkimlər tərəfindən qadağan olunmasına baxmayaraq, “Zubrovka” arağına olan ehtirası da bəlli faktdır.

 

Rus arağından daha çox təsirlənən, sərxoş vəziyyətə düşüb özünü və ölkəsini xoşagəlməz vəziyyətə qoyan isə Boris Yeltsin olub. Yeltsinin Amerika Birləşmiş Ştatlarına səfəri zamanı gecə yarısı sərxoş vəziyyətdə alt paltarında pitsa almağa getməsi, Almaniyada orkestrin qarşısında drijorluğu və rəqsi, arağın təsirindən oyana bilməyib təyyarədə yataraq dövlər tədbirinə getməməsi və bu kimi bir çox hallar uzun illər kütləvi informasiya vasitələrinin ən oxunaqlı materiallarına çevrilib.

 

Bü cür faktlardan və hadisələrdən çox yazmaq olar. Və bu cür hadisələrin səbəbini heç də Mendeleyevin kəşfində axtarmaq, günahı Mendeleyevin ayağına yazmaq da düzgün deyil. Çünki rus arağının ilk dəfə Mendeleyev tərəfindən kəşf olunması məsələsində də bəzi yanlışlıqlar var. Düzdür, 1885-ci ilin yanvar ayında Mendeleyev “Spirtin su ilə birləşməsi” mövzusunda dissertasiya işi yazıb. Amma hələ ondan çox-çox əvvəllər ruslar çörəkdən spirt düzəldib üstünə su əlavə etməklə araq hazırlayıblar.

 

İlk dəfə Moskvada içki verilən iaşə müəssisəsi 1533-cü ildə açılıb.

 

2-ci Yekaterinanın dövründə isə araq ən “hörmətli” içki sayılıb. Yeri gəlmişkən, rusların araq sevgisindən ən səmərəli istifadə edən elə 2-ci Yekaterina olub. Onun məşhur ifadəsi bu gün də Rusiyada olduqca populyardı: “Sərxoş xalqı idarə etmək daha asandır”.

 

1885-ci ilə qədər araq 12 litr 300 qram süzülmüş vedrələrdə satılıb.

 

19-cu əsrin ikinci yarısından başlayaraq rus arağının istehsalı üçün əsas xammal kartof olub. İstehsal olunan arağın üçdə iki hissəsi məhz kartofdan hazırlanıb.

 

Ruslar Böyük Vətən Müharibəsi illərində də arağı arxa plana keçirməyiblər. Dövlət Müdafiə Komitəsinin 22 avqust 1941-ci il tarixli qərarı ilə cəbhələrdə döyüşənlərə hər gün 100 qram araq verilib.

 

Dünyada yeganə olan “Araq Muzeyi”də Rusiyada, Sankt-Peterburq şəhərində yerləşir.

 

Hazırda rus araqlarının çeşidləri 3 mindən artıqdır. Bu rəqəm isə rus arağını sevənlər üçün dünyanın ən yaxşı göstəricisidir.

 

Rus arağı ilə bağlı bir çox lətifələr, deyimlər var. Araq içənlərə bəraət qazandıran ən yaxşı ifadəni də elə ruslar deyiblər: “Araq düşmənidir. Amma kim deyir ki, biz düşməndən qorxurb, ondan qaçırıq...”

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?