Modern.az

Ömür karvanı

Ömür karvanı

1 Dekabr 2017, 08:55

Qarşımda bir “Ömür karvanı” var. Əməkdar jurnalist Akif Təvəkküloğlunun 55 illik “Ömür karvanı”. Vərəqləyirəm... Ötüb-keçənlər, yadda qalanlar, unudulmayanlar, xatirələr, təəssüratlar, bütün bunların bədii-publisistik ovqatı, eyni zamanda poetik misralar, şeirlər toplanıb kitaba. Hörmətli millət vəkili, akademik Nizami Cəfərov da ürəklə ön söz yazıb Akifin “Ömür karvanı”na. Amma Nizami müəllimin sözü olmasın, doğrudan, heç mən də “Akifin bədii yaradıcılıqla məşğul olduğunu bilmirdim”. Düşünürdüm ki, mənim tanıdığım Akif, sadəcə uzun illər ciddi televiziya proqramlarının aparıcısı olub, televiziyadan sonra isə Milli Məclisin mətbuat xidmətinin rəhbəridir, rəsmi adamdır...

 

Məncə, Akif Təvəkküloğlu elə insanların da göz yaddaşında daha çox Azərbaycan Televiziyasının səlis nitqli, aydın diksiyalı, xoş sima aparıcılarından biri kimi qalıb. Və inanmıram, kimsə o simanı xatırlamasın. Çünki Akifin vaxtında TV-lərin sayı az idi, elə aparıcıları da barmaqla saymaq olardı. O isə televiziyada müxtəlif ictimai-siyasi verilişlərin, “Xəbərlər”in, “Həftə” analitik informasiya proqramının aparıcısı, həm də düz 5 il bu proqramın rəhbəri olub...

 

****

 

Akif jurnalistikaya jurnalistikadan gəlməyib. Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq və biblioqrafiya fakültəsini bitirib – fərqlənmə diplomu ilə. Sən demə, hələ İmişlidə yaşadığı illərdə yazı-pozuları da varmış, amma üzə çıxarmayıb. Tələbəlik illərində də fəal, zirək olub, ikinci kursda fakültə komsomol təşkilatının katibi seçilib.

Universiteti bitirəndən sonra 5 il Kitab Palatasında filial müdiri, şöbə müdiri vəzifələrində çalışıb. Sonta “ömür karvan”ı onu "Molla Nəsrəddin" jurnalına gətirib. Şair Baba Vəziroğlunun dəvətilə burada şöbə müdiri işləyib. Lakin jurnalın ömrü çox qısa olub. Yol bu dəfə Akifi elə dostu Baba Vəziroğlu ilə birgə Azərbaycan Televiziyasına gətirir, 1991-ci ildə. Baba Vəziroğlu “Bakı studiyası”na rəhbər, Akif isə şöbə müdiri təyin edilir. Onun televiziyaya gəlişinə ən çox sevinən isə rəhmətlik atası Təvəkkül kişi olur. Hər dəfə televiziyada tələbələri görəndə “Bircə mənim də oğlum tələbə olsaydı, onu televiziyada görsəydim...” deyən atası. Onda Akif hələ orta məktəbdə oxuyurmuş. Atasının arzusu isə çin olur, oğlunu nəinki bir-iki dəfə, hətta uzun illər ölkənin birinci televiziyasının ekranında görür...

Akif Təvəkküloğlu 2006-cı ilə qədər televiziyada işlədi və özü dediyi kimi, “burada missiyasını başa vurub” getdi. İndi həmin illəri belə dəyərləndirir: “Çətin dövrlərdə işlədim, indiki müasir avadanlıq, şərait yox idi, amma uğurlu oldu, istədiyim kimi işləyə bildim. Televiziya bir qırmızı xətt kimi keçdi ömrümdən...”. Amma AzTV-dən uzağa getmədi, Milli Məclisə getdi, mətbuat xidmətinin rəhbəri təyin edildi, dövlət qulluqçusu oldu. Sonralar özü də etiraf edəcəkdi ki: “Bu, mənə böyük etimad idi”. Və etimadı doğrultdu, yeni işində də məsuliyyətli oldu, fərqləndi, özü ilə Milli Məclisin mətbuat xidmətinin fəaliyyətinə bir qaynarlıq, bir canlanma gətirdi. Qanunverici orqanla ayrı-ayrı mətbuat xidmətləri arasında möhkəm, səmimi bir mənəvi körpü yaratdı. Müsahibələrində “Yenə televiziyadayam, mətbuatdayam, özümü çox yaxşı hiss edirəm” dedi. 2010-cu ildə Prezident İlham Əliyevin

Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görüldü, 2017-ci ildə jurnalistlər üçün tikilən binada ona da mənzil verildi. Sevincini belə bölüşdü: “55 illik yubileyimin ən böyük hədiyyəsini cənab Prezident İlham Əliyevdən aldım. Çox minnətdaram, bu, işimə verilən çox gözəl qiymətdir...”

 

****

 

Akif AzTV-də işləyəndə onunla eyni otaqda əyləşirdik, “Həftə” analitik informasiya proqramının qrupu üçün ayrılan otaqda. Cəmi üç nəfər idik: o, mən, bir də hər zaman minnətdarlıqla xatırladığım, işinin peşəkarı, cəfakeş rejissor, gözəl insan Rafiq Fəttahov (Rafiq müəllim indi təqaüddədir, Allah ömür versin). O boyda proqramın yükü, demək olar ki, üçümüzün çiynində idi. Akif çox məsuliyyətli idi, “Həftə”nin ciddiyyətini, məsuliyyətini yaxşı başa düşürdü. Bundan başqa, bəzi canlı yayımların, ekspromt xəbər buraxılışlarının aparıcısı kimi də həmişə “start”da olardı...

Akifin canıyananlığı, valideynlərinə diqqəti, ailəsinə bağlılığı həmişə diqqətimi çəkirdi. Gün ərzində neçə dəfə rayona, anasına zəng vurur, hər dəfə də valideynlərini təkidlə Bakıya çağırırdı, amma onları heç cür razı sala bilmirdi. Səbəbini mənə danışdığı gün isə özümə gələ bilməmişdim, doğrudan da, “ağlayanın bir dərdi, gülənin min dərdi” varmış, deyə düşünmüşdüm. Əslində, Akif ağrısını dilə gətirən, problemini qarşısındakı insana ötürən biri deyil, kədərini gizlətməyi bacarır. Amma həmin gün danışmışdı və kövrəlmişdi, məni də kövrəltmişdi. Onda bilmişdim ki, bir neçə ilə əvvəl ailəsi, valideynləri çox böyük faciə yaşayıb. 20 yaşlı bacısı və qardaşı, bacısının qucağında

körpəsi, xalası oğlu və xalası qızı eyni avtomobil qəzasında həyatlarını itirib. Eyni gündə bir evdən 5 əziz insan torpağa verilib... Akifgil 2 bacı, iki qardaş imiş. “Ayrılıq olan yerdə hər şey ağrılıdı, dözülməzdi. Anamgil qəbirləri qoyub Bakıya gələ bilmir, onları heç cür yola gətirə bilmirəm”. Akif belə demişdi. Heç atasının ölümündən sonra da anası Suğra xalanı yola gətirə bilmədi. İndi də hər həftə sonu İmişliyə gedir, anasına, bacısına baş çəkir... Bir dəfə Akif özü də “Xəbərlər”in çəkiliş qrupu ilə Binə hava limanına xarici qonaqları qarşılamağa gedəndə avtomobil qəzasına düşmüşdü. Həmin gün axşam saat 8-də isə ana xəbəri aparmalı idi. Özünü ələ alıb oxumuşdu xəbərləri. Sonra studiyadan birbaşa xəstəxanaya aparmışdılar onu, əməliyyat olunmuşdu və şükür Allaha, hər şey yaxşı qurtarmışdı. Onda Akif yenə də özündən çox atasını-anasını fikirləşmişdi, hadisəni, təcili əməliyyat olunmasını gizlətmişdi onlardan...

 

****

 

“Üst-üstə götürəndə 55 ilimin ağrılı-acılı günləri daha çoxdur. Amma mən onların hamısını “olacaq” kimi, “tale, qismət, alın yazısı” kimi qəbul edirəm. Çalışıram, ürəyimdə yara açmasın, yoxsa yaşamaq olmaz, axı doğmalarım var, mənsiz onların halı necə olar?” deyir. Yəqin elə buna görə də həmişə nikbindi. Həddən artıq gülərüz insandı. Ən çətin anlarda, ən qayğılı vaxtlarda da heç nə üzündəki təbəssümə qalib gələ bilmir. Özü dediyi kimi, “həyatın daha çox xoşbəxt üzünü insanlara göstərmək” istəyir. “Gözəl bir ailənin başçısı olduğum üçün çox xoşbəxtəm, uğur açarım ailəmdi, taleyimdən razıyam, ailəmdən, övladlarımdan razıyam” deyir. Oğulları Turalla Pərvizi qoşa qanadı hesab edir. İndi gəlinləri, nəvələri də bu sıraya qoşulub. Bir nəfərin isə “Ömür karvanı”nında çox məxsusi yeri var. Bu, həyat yoldaşı Sevda xanımdır...

Çiçək açıb çöl-çəmənlər gülməsə,

Bülbül bağda cəh-cəh vurub ötməsə,

Bütün dünya harayıma yetməsə,

Təkcə sənin varlığın yetər mənə...

Sevda xanımı yaxşı tanıdığım üçün onu da yaxşı bilirəm ki, Akifin xoşbəxtliyində, uğurlarında onun danılmaz rolu var. “Hər uğurlu kişinin arxasında bir uğurlu qadın dayanır” misalı...

 

****

 

Akifin səmimiliyi də “Ömür karvanı”nı ilk səhifəsindən son sətrinə qədər izləyir. Hər birimizin əzizi olan Azərbaycan əsgərinə ünvanlanan “Əsgər balama” şeiri isə kitabdakı şeirlərin gözüdür. Sən demə, “Ömür karvanı”nın yola çıxmasına səbəb də elə bu şeir olub. 2016-cı ilin Aprel hadisələri vaxtı bir dəstə vətənpərvər gənc Şəhidlər Xiyabanının qarşısında Prezident, Ali Baş Komandan İlham Əliyevə həmrəylik aksiyası keçirir. Akif həmin aksiyadan təsirlənərək bu şeiri yazır, onda öz oğlu da əsgər imiş. Milli Məclisin mətbuat xidmətinin əməkdaşı, jurnalist Qərənfil Mansurova təsadüfən şeiri Akifin stolunun üstündə görür, çap etmək adıyla götürür və müəllifdən xəbərsiz sayta verir... Və Akif yalnız dostlarının zəngindən sonra bundan xəbər tutur...

 

Bir əlində bayrağım,

Canında ruhum, qanım.

İrəli, mərd aslanım!

Dayanıbdı arxanda,

Ucadan uca dağım,

Ali Baş Komandanım!..

Bəstəkar Eldar Mansurov bu şeirə musiqi də bəstələyib...

 

****

 

Hər an yada düşürsən,

Şıltaq, dəcəl uşaqlığım.

Kaş yenidən gələydin sən,

Ey bəxtəvər uşaqlığım...

 

Bu, 55 illik “Ömür karvanı”nın yolçusu, “Allahın istəkli bəndəsi” Akif Təvəkküloğlunun artıq çox uzaqlarda qalan uşaqlıq illərinə xiffətidir. Və o öz nisgilini “Çinarla görüş”də də gizlədə bilmir:

 

Yaman qocalmısan, sən də mənim tək,

Gördüm bu halını, kövrəltdi məni...

Bacarsan zamanı geriyə bir çək,

Bu gündən dünənə aparım səni...

 

Amma özü də yaxşı bilir ki, geriyə dönmək mümkünsüzdür. O səbəbdən də “Dünya, saxla əmanəti” deyir və “Daha yaxşı yaşamaq istəyi” ilə “Ömür karvanının halallıq yolu”na davam edir...

 

Yaxşı olmaq sözdə olmur, bilirəm,

Yaxşı, ya pis əməldədir, bilirəm.

Heç birisi unudulmur, bilirəm,

Tanrı məni yaxşılardan elə sən...

 

Dekabrın 1-i isə “Tanrının yaxşılarından olmaq istəyən” Akif Təvəkküloğlunun “Ömür karvanı”nın ilk günüdür. 55-ci dəfədir ki, ömür bu gündən başlanır...

55... Gözəl rəqəm, gözəl qiymət, əlamətdar yubiley! Davamı gəlsin!..

 

FİRUZƏ NADİR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu