Modern.az

Övladlarınız üçün hansı məktəbi seçmisiniz? - JURNALİSTLƏR DANIŞIR

Övladlarınız üçün hansı məktəbi seçmisiniz? - JURNALİSTLƏR DANIŞIR

1 Dekabr 2017, 10:11

Təhsil elə bir sahədir ki, hər bir ailəyə aidiyyatı var. Bəlkə elə buna görədir ki, elə ən çox tənqid olunan sahə də təhsildir. Çünki təhsil hər an gözümüzün önündədir.

Müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir. Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır.

O zaman Azərbaycan mediasının öndə olan imzaları övladlarının təhsil alması üçün hansı orta məktəbi seçib?

Eyni zamanda, valideynlər hansı meyarlar əsasında həmin məktəblərə üstünlkü verirlər?

Modern.az müxtəlif sahələrdə və media orqanlarında çalışan jurnalistlərin fikirlərini öyrənib.


Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı 
övladlarının təhsil aldığı məktəbdən razı qaldığını dilə gətirib:

“Mənə görə, indi məktəb seçimi ən çətin məsələlərdəndir. Dünya dəyişir, dünyaya baxış dəyişir. İndiki məktəblilərin istəyi də fərqlidir. Müəllimlərdən yeni yanaşma tələb edilir. Çox təəssüf ki, Bakıda bu istəklərə cavab verən məktəblər o qədər də çox deyil. Ancaq mən seçimimi etmişəm. Övladlarım Nizami rayonu 62 saylı məktəb-liseydə təhsil alırlar. Tam əminliklə deyə bilərəm ki, orada təhsilin keyfiyyətindən tutmuş, tədris, təlim-tərbiyə, müəllimlərin ciddi tələbkarlığı, onların şagirdlərə yanaşmasına qədər hər şey yüksək səviyyədədir. Şəxsən bu göstəricilər məni qane dir. İndi valideynlərin ən çox şıkayətləndiyi məsələ uşaqların məcburən dərs oxumasıdır. 62 saylı məktəb-liseydə təhsil alan şagirdlərə bunun üçün heç bir məcburi üsul tətbiq edilmir. Məktəbdə elə bir tələb var ki, uşaqlar özləri hətta istəməsələr belə, məcburən dərslərini hazırlayacaqlar. Şagirdlərdə məktəbə hazırlıqsız getməyin qorxusu var. Bütün dost-tanışların fikirlərinə rəğmən onu deyə bilərəm ki, mən uşaqlarımın təhsil aldığı yerdən çox məmnunam. Bu məsələdə 62 saylı məktəb-liseyin direktoru Mətanət xanımın böyük əməyi var. Buna görə Mətanət xanıma ancaq və ancaq təşəkkür edirəm. Orada əsl təhsil ab-havası var. Və övladlarının təhsilindən narazıolan dostlara 62 saylı məktəb-liseyi tövsiyə edirəm”.


Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli 
məktəb direktorunun təhsilə verdiyi dəyəri xüsusi qeyd edib.

“Mənim iki övladım var və hər ikisi Xətai rayonu 95 saylı orta məktəbdə oxuyurlar. Bu məktəbi seçməyimizin bir səbəbi məktəbin yaşadığımız binaya yaxınlığı ilə əlaqədardırsa, digər səbəb direktor Fuad Babayevlə bağlıdır. Fuad Babayev Azərbaycanda ən yaxşı məktəb direktorlarından biridir, təhsilimizə böyük fayda verən şəxslərdəndir. Təəssüf edirəm ki, artıq Fuad Babayevi başqa bir məktəbə direktor göndərmək istəyirlər. Valideynlər bu məsələdən çox nigarandırlar”.
 


Təhsil Tv-nin aparıcısı Gülnarə İlham da 
məktəbdən razı qaldığını deyir.

“Oğlum hazırda 83 nömrəli məktəb-liseyin rus dili bölməsinin 4-cü sinfində oxuyur. Məktəbin rəhbərliyi təlim-tərbiyə işlərinə və şagirdlərin keyfiyyətli təhsil almağına məsuliyyətlə yanaşır. Hələ ki buradakı tədris sistemindən razıyam. Əlbəttə, maddi imkanlarım daha yaxşı olsa, mütləq özəl məktəblərdən birini seçərdim”.
 


“Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova 
övladının səhhətini nəzərə alaraq ona uyğun məktəb seçdiyini deyir.

“Oğlum kinetozdan (ürəkbulanması) əziyyət çəkdiyi üçün nəqliyyatla hərəkət etmək məhdudiyyəti var. Odur ki, hər nə olsa da, onu evə yaxın məktəbə qoymaq məcburiyyətindəydim. Bundan əlavə, hər gün marşrutlarda yuxulayan məktəbliləri görüncə, məktəb seçimimin mütləq evə yaxın olacağını deyirdim. Elə də etdim, onu evə ən yaxın olana - 248 saylı məktəbə qoydum. 
Etiraf etmək lazımdır ki, orta ümumtəhsil məktəblərimiz şagird hazırlığına görə Azərbaycandakı türk okullarına uduzur. Bunu ali məktəblərə qəbul göstəricilərindən, uşaqların psixoloji vəziyyətindən və valideynlərin reaksiyasından bilmək olar. Məktəb seçimində məcburiyyət olmamalıdır, amma evə yaxın məsafədə təhsil almağın bir çox üstünlükləri var; maddi duruma təsiri – gediş haqqı vermirsən, nəinki tıxacda, ümumiyyətlə yolda vaxt itirmirsən, ən əsası şagirdlərin fiziki vəziyyəti gərgin olmur. Yol hərəkəti təhlükəsizliyi baxımdan da məktəbin yaxında olmağı əlverişlidir. Türkiyə təhsil sistemində də məktəb seçimində valideyn və şagird müstəqildir. Amma onlarda uzaq məsafədən gələn şagirdlər üçün xüsusi servis xidmət göstərir. Bu, bizdə də var, amma özəl məktəblər üçündür. Ciddi səbəb yoxdursa, yəni uşaq hər hansı təmayüllü gimnaziyada, liseydə təhsil almırsa, uzun məsafə qət etməyə dəyməz. Çünki bütün orta məktəblərdə dərslər eyni proqramla tədris olunur. Yaxşı müəllim, pis müəllim söhbəti də nisbidir. Əsas məsələ təhsilin düzgün idarə edilməsindən asılıdır. Müəllimin qarşısında qoyulan tələblərə diqqət yetirilimədir. Müəllimin əməyi hazırladığı şagirdlərin səviyyəsinə görə qiymətləndirilməlidir. Qanun, qayda təkmil ola bilər, amma bu sənədlərin icra olunması mexanizmi təkmil olmayanda, nəticə olmayacaq”.


“Qafqazinfo”nun əməkdaşı Nigar Məmmədli 
dövlət məktəbini seçdiklərini deyir.

“Uşaqlarımız dövlət məktəbində təhsil alırlar. Təbii, özəl məktəbdə təhsil almalarını istəyərdik, amma o tip  məktəblərin illik ödənişi cox yüksəkdir. Dövlət məktəbini seçməkdə əsas məqsədimiz həm də işimizə yaxın olmasıdır. Uşaqları özümüzlə aparıb-gətiririk və bu da bizə sərf edir. Digər tərəfdən, saat 5-ə kimi hazırlıq qrupları olan məktəbləri seçirik ki, uşaq biz işdən çıxana kimi dərsləri hazırlaya bilsin”.



“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy 
keyfiyyətli təhsil ocağına üstünlük verən valideynlərdəndir.

"Övladlarım 287 saylı "Zəkalar" liseyində təhsil alırlar. "Zəkalar" Azərbaycanın ilk liseylərindəndir. Bu təhsil ocağı mərhum riyaziyyatçı Rafil İmanovun ideyası əsasında 1992-ci ildə yaradılıb. Ötən 25 il ərzində uğurları, yüksək nəticələri ilə seçilib. Ali məktəbə qəbulun, keçirilən olimpiadaların nəticələrinə görə, daim öndə olan məktəblərdəndir. Təbii ki, hər bir valideyn övladlarının yaxşı məktəbdə, yaxşı müəllimlərin çalışdığı təhsil ocağında oxumasını istəyir. Mən də məsələyə "yaxın məktəb" deyil, "keyfiyyətli təhsil ocağı" prizmasından yanaşıb, seçim etmişəm. İnşallah övladlarımızın barını, bəhrəsini görərik.

Ədalət naminə qeyd etməliyəm ki, "Zəkalar" liseyinin uğurlar seriyasını illərdir davam etdirməsi təhsil ocağının direktoru respublikanın Əməkdar müəllimi Aygün Əhmədlinin gərgin əməyi, fədakarlığı sayəsində mümkün olub. Kaş ki, bu lisey daha geniş imkanlara malik olaydı. Məsələn, bu qədər uğurlar qazanmasının fonunda lisey idman zalına belə malik deyil".

 


Fed.az saytının rəhbəri Əli Əhmədov 
uşaqlarının liseydəki təhsilini yüksək qiymətləndirir:

“Bizim usaqlar “Dəyanət” liseyində təhsil alırlar. Ora imtahanla daxil olublar. Çünki ən yaxşı təhsil verən və ən yaxşı mühit olaraq, oranı bilirik. Oradakı təhsil səviyyəsi və müəllimlərin, xüsusilə, direktor Kadir Bektaşoğlunun fəaliyyətindən şox razıyıq. Səmimi insanlardırlar. Yeri gəlmişkən, böyük övladlarım həmin liseydə 10 və 11-ci sinifdə oxuyurlar. Balaca isə 20 nömrəli məktəbin 1-ci sinfində təhsil alır”.
 


Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı 
neqativ hallarla qarşılaşmadığını deyir.

“Oğlum 20 nomrəli məktəbin 5-ci sinfində oxuyur. Məktəbdəki təhsildən narazi deyiləm. Hələ ki digər məktəblərdə baş verən neqativ hallarla burada rastlaşmamışam. Bəlkə də jurnalist ailəsi olduğumuz üçün bizdən nəsə istəməyiblər. Amma elə bir şey də eşitməmişəm. Təhsil prosesi məni qane edir. Yüksək nəticələri malik məktəb olduğundan oranı seçmişik”.



“Lider” TV-nin əməkdar jurnalisti Elnarə Dərziyeva
 günüuzadılmış məktəbin əhəmiyyətini xüsusi vurğulayıb.

“Mənim qızım Xırdalanda təhsil alırdı. Yəni 1-ci sinfi orada oxudu... Təhsilin səviyyəsi çox aşağı idi. Kursların məktəblilər üçün təşkil etdiyi test yarışmalarında fərqli sualların qoyulduğunu gördüm. Hansı ki həmin məktəbdə mənim qızıma bu, tədris olunmamışdı və narahat oldum. Şəmsi şəhər məktəbinə köçürtdüm. Hazırda Yasamal rayonundakı 53 saylı orta məktəbin 2-ci sinfində təhsil alır. Məktəbdən və təhsilin səviyyəsindən çox razıyam. Nə üçün məhz Yasamal rayonunu seçməyimə gəlincə, mənim çalışdığım “Lider” Televiziyası da bu ərazidə yerləşir. Eyni zamanda, 53 saylı orta məktəb günüuzadılmış məktəblərdən biridi. Hansı ki, həm valideynlərə köməkdi, həm də fənnlər normal şəkildə tədris olunur. Amma belə məktəblərin bu gün sayı təəssüf ki, çox azdı. (Günüuzadılmış məktəb - sovet dövründə işləyən valideynləri nəzərə alaraq, yaradılan təhsil sistemidir. Səhər saat 8-də məşğələ başlayır. Saat 1-də isə öz dərslərini keçirlər. Saat 5-də artıq uşaqlar məktəbdən götürülür. Məşğələ və dərslər ayrı-ayrı müəllimlər tərəfindən tədris olunur). Bir sözlə desək, günüuzadılmış məktəblərdə uşaqlar yalnız dərslə məşğul olurlar və dəcəlliyə çox vaxt qalmır”.
 


“Trend” Agentliyinin əməkdaşı Samir Güləliyev 
məsafənin olduğunu gözə alaraq, bir qədər kənardakı məktəbi seçib.

“Bizim uşaqlar  Sumqayıt şəhər 34 saylı orta məktəbdə təhsil alırlar. Səbəb də odur ki, o məktəbdə təhsil səviyyəsi digərlərinə nisbətən normaldı. Həm də həyat yoldaşım həmin məktəbdə dərs deyir və müəllimlərin səviyyəsini bilir. Özüm Abşeron rayonunun Saray qəsəbəsində yaşayıram. Qəsəbədə dörd orta məktəb var və hamısı ilə də maraqlanmışam. Onların təhsil səviyyəsi məni qane etmədi və ona görə də Sumqayıta üz tutdum”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir