Modern.az

Yeni il bayramını qeyd edən müsəlman niyə kafir adlandırılsın...  

Yeni il bayramını qeyd edən müsəlman niyə kafir adlandırılsın...   

Aktual

1 Dekabr 2017, 11:19

Yeni ilin gəlişinə az qalıb. Adətən bu bayram şəhər mərkəzlərində yolka qurulması, Şaxta baba və Qar qızı kimi ənənəvi atributlarla müşayiət edilir, əksər hallarda telekanallarda və küçədə musiqili şənliklər və konsert proqramları təşkil edilir.

Bəzən dini xadimləri “Yeni ili qeyd etmək, yolka qurmaq haramdır” kimi fikirlər səsləndirir  və bayramı qeyd edənlərə kafir, müşrik, xristianlara satılmış adlandırırlar. Bu düşüncələr yanlız Yeni ilə deyil, digər bayramlara da şamil edilir.

Dinimiz qeyri-islami bayramların qeyd olunmasına necə baxır?


“Bayramlar müsbət dəyərlər ehtiva edərsə, dini nöqteyi-nəzərdən gözəl əməl sayılar”


“Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az-a
bildirib ki, insanlar dinimizin qadağan etdiyi əməllərdən çəkinməklə bayramları qeyd edə bilər:

“Normal dindar bu bayramları qeyd edənləri müşrik, kafir adlandırmaz. Bu, təkbirçilik elementidir. Yəni hər özünə xoş gəlməyən, özünün qəbul etmədiyi əmələ görə kiməsə kafir damğası vurmaq radikallıqdır. Bunun İslam dininə heç bir aidiyyatı yoxdur və eyni zamanda, bu  cür düşüncə kökündən yanlışdır.

Digər tərəfdən, Yeni il, Novruz bayramı və ya digərlərinin dini bayram olmadığı aydındır. Novruz bayramı qədim milli adət-ənənəmizdir və yazın gəlişini qeyd edirik. Yeni il təqvim ilinin qeyd olunmasıdır. Bilirsiniz, dinimizdə hər zaman günah və haramlardan çəkinmək tövsiyə olunur. İnsanlar dinimizin qadağan etdiyi əməllərdən çəkinməklə bayramları qeyd edirlərsə, onları hər hansı şəkildə ittiham etmək yanlışdır. Ümumiyyətlə, istənilən bayram insanlara günah etməyə əsas verməməlidir. 

Eyni zamanda, bayram başqa mədəniyyətin  təsirinə məruz qalmağa şərait yaratmamalı, müsəlman cəmiyyəti yad mədəniyyətdə həll olmamalıdır.  Yeni ili yad mədəniyyət elementi kimi deyil,  ilin gəlişi kimi qeyd edirik. Əgər evlərdə süfrə açılırsa, insanlar o süfrə kənarında yığışıb əylənirlərsə, bir-birini ziyarət edir və şənlənirlərsə, bunun dinlə hər hansı ziddiyyəti yoxdur.  Eləcə də Novruz  bayramı qədim mədəni köklərə malik olan bayramdır və onun qeyd olunmasında heç bir qəbahət yoxdur.  Bu bayramlar insanlar arasında barış, isti münasibətlərin yaranması kimi  müsbət dəyərlər ehtiva edərsə, əksinə  dini nöqteyi-nəzərdən gözəl əməl sayılar”.

“Yeni ili qeyd edib-etməmək insanların şəxsi işidir”

Müsahibimiz qeyd edib ki, bu gün bəzi təkbirçi zehniyyətdə olan insanlar  İslamda olmayan hər hansı əməli edənləri dindən çıxmış hesab edirlər:

“Əlbəttə, dinimizin öz bayramları var. Amma bu o demək deyil ki, bir bayram dinə aid deyilsə, din onu haram elan edir. İslamın gözəlliyi ondadır ki, yayıldığı ərazilərdə xalqların milli adətlərinə hörmətlə yanaşır. Dinimiz bütün mədəniyyətləri sıradan çıxarma yolu tutmayıb. Bu gün təəssüf ki, bəzi təkbirçi zehniyyətdə olan insanlar  özlərini İslama aid edir və İslamda olmayan hər hansı əməli edənləri dindən çıxmış hesab edirlər. Halbuki, bu, dinin mahiyyətinə ziddir.

Ümumiyyətlə, biz Yeni ili xristian elementləri ilə qeyd etmirik. Bizdə Yeni il bayramı  sırf təqvim ilinin dəyişməsi ilə bağlıdır. Burada  hansısa xristianlıq ayinini icra etrmirik.  Kimlərsə bunu qeyd edir və ya qeyd etmirsə, bu onun şəxsi işidir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?